Teleqraf.com Xanəmir Telmanoğlu ilə müsahibəni təqdim edir.
- Xan, elə bil çoxdandı görünmürsən. Özün belə istəyirsən, göz önündə olmaqdan xoşun gəlmir, yoxsa daha ciddi işlərlə məşğulsan, ona görədir?
- Etmə gil... Bu boyda boyumla məni görmürlərsə, vay boyumun halına. Düzdür, televiziyada işləyirəm. Hamı televiziyaya baxır, səhərdən axşama kimi, amma mən televiziyanın heç ovurdunda da yoxam. Narahat olma, məni görən görür. Bizdə bütün işləri elə bir hala saldılar ki, ciddilikdən əsər-əlamət qalmayıb.
- Deyəsən, həvəsdən düşmüsən.
- Bu zamanda üflədiyi zurnayla özgə havalarını çalan əksərləri başqasının işini görür, mən öz işimi görürəm. Öz işini görən də ya görünmür, ya da "həvəsdən-zaddan " düşümüş suyumundadır.
- Bəlkə, sənin dilini başa düşmürlər, ona görədir. Ola bilərmi bu?
- Yox, mənə elə gəlir ki, mən “başqaları “ dediklərimizin yeni dönəmin dərkinə dirənən, ancaq zora düşən dilini qəbul eləmədiyimdəndi bu türlü hıqqıltılar.
- Zora düşən dil deyəndə nəyi nəzərdə tutursan?
- Azərbaycan xalqının ən azı 70 ildən çox sossiallığın sürgün səhrasında yaşadığı və təfəkkürünə hopdurduğu yıpranmış, əldən düşmüş, heç bir yeni estetik etibarı qazanmamış bir ədəbi dilinin hələ də şeirimizdə soncuqlamasını həm də nəzərdə tuturam. Biz dildə 1+1 =2 hesabını aparırırq.
- Bəs sənin nəzərdə tutduğun dildə 1+1= neçə eləyir?
- Mənə görə 1+1 anlayışı 2-dən başqa istənilən rəqəmi özünə cavab götürə bilər. 2-nin cavab etdiyi zaman, ruhumda narahatçılıq təbilini çalmağa başlar.
Gerçəkdən, çağdaş Azərbaycan şeirinin dilindən yorulanın yekəsiyəm.
- Maraqlıdır, bu gün Azərbaycan yazarları arasında əsərlərinin dilinə görə təqdir etdiyin yazıçılar varmı?
- Aydın Talıbzadə, məncə, yurdumuza hər an saysız-hesabsız qafiyləriylə şər daşıyan, coğrafiyamızda yorğun, yıpranmış cümlələriylə əbədi şərə şirnikən yazarlarımızın qara magik əsalətindən zillət çəkən çağdaş ədəbi dilimizin dar məkanını genişlədən yazarlarımızdan biridir...
- Aydın Talıbzadə yazıçıdır ki?
- Sən onun " Əbühübb. Monamor" romanını oxumamısansa, bir oxu.
- Təəssüf ki, Aydın müəllimin yazıçı olduğunu səndən eşitdim.
- Təəssüf... Aydın müəllim pul verib özü haqqında yazı yazdırmır ki, gedək də onun əsərlərini oxuyaq. Təbliğatı yox, özü də sakit, içinə çəkilib özüylə savaşanın birisidir.
- Xan, oxu atıb, yayı gizlətmə. Kimdi bizlərdə elə adam ki, pul verib özü haqqında yazı yazdırır?
- Sən məndən ad istəyirsən? Ad çəkməklə yara düzəlmir, dostum. Sənin bu cür söhbətə yaxınlaşmağın, son 100 ildə yaşayıb ömrü boyunca qoşma adıyla heca şeiri yazan şairin mələsəyə yaxınlaşmasına yaman bənzəyir. Sən ad çəkmək əcəmiliyini get, istedadı olmayan, yazıları motal iyi verən yazar dostlarından soruş. Bu tərzdə qəhrəmanlıq olmur.
- Bəs bu gün sənin təbrincə desək, dilin dar məkanını genişləndirən başqa yazıçılarımız varmı? Varsa, kimlərdi?
- Bir az çətinlik çəkirəm ad sadalamaqda. Təbii ki, mənə görə olmaya bilər. Yazıda dil məsələsi gələndə bizim yazarlarda dilə qarşı sanki müdhiş bir qorxu hiss edirsən. Bizim yazarlar savaşdan, xəstəlikdən, müharibədən, ölümdən çox, dildən qorxurlar. (Sanasan bunların zifaf gecəsi güllələri açılmayıb) Ona görə də dil nə deyir, ona da boyunlarını bükərək “ləbbeyk” deməkdən bezmirlər. Bizim yazarlarda dilə qarşı bir az keylik, bir az ögeylik, bir az da öküzlük hiss edirəm. Yazarın zaman qarşısında tətiyi çəkili təfəkkürü, icazəsini metafizik təmayüllərdən almış intellekti, oxucuya yalotu yedizdirən yazı şüuru dili idarə etməlidir yəqin ki...
- Bizim yazarlar roman yazır. Məsələn, Seymur, Şərif... Bunların yazdıqları dil sənin fikrincə, hansı dildir?
- Mənə görə, daha çox sosial dildir. Dostların yazı dili Azərbaycan xalqının xanlıqlar dönəminin dilidir. Batini dili öldürmək uğrunda ən gözəl yarışmalar sərgilənir. Bu cür rahat, parlaq, gözəl dil, Azərbaycan ədəbiyyatının bura qədər gəldiyi yerdə dilin şüuraltı axarını insan psixoligiyasında birləşdirici deyil, parçalayıcı özəlliyi ilə ədəbi-bədii möhkəmliyinə zəmin yaradır. Bu dildə xalqın səbri kristallaşıb. Bu dilin dərdinə dərman yalnız dinamitdir. Dağıtmaq.
- Necə düşünürsən, nə vaxtsa, bu insanlar sənin dilini anlayacaqlarmı? Çünki fikir demək olar ki, birmənalıdır: Xənamir nə yazır, bilmirəm, başa düşmürəm.
- 12 kitabımdan kimin nə xəbəri var. 1999-cu ildə bir azərbaycanlı şair “Saatım Bağdadda qaldı” şeirini yazırsa, bunun tənqidçisi, ədəbiyyatşünası, dilçisi, elə şairləri də laqeyd qalır, tükünü tərpətmirsə, mənə görə də, biz ya azərbaycanlı deyilik, ya da Azərbaycan yazarı, dilçisi, ədəbiyyatşünası, tənqidçisi deyilik. Əgər mənim anlaşılmama durumum varsa, bu ədəbi məsələdir, sənət sömürgəçiliyidir, yazarın zaman qarşısında özünə yiyəlik eləməyidir, lap o tərəfi yazar kimliyini mahiyyətə qovuşdurma hidayətidir. Əsas sorun bu gün yüzlərlə şairi və yazarı olan bir ədəbiyyatın eyni dildə, eyni mövzularda bir nəfər kimi növrəstə qədəmləriylə quzuca mələyərək məharətlərini sərgiləmələridir.
- Niyə dil məsələsin üzərində bu qədər ciddi dayanırsan? Səncə, dildən daha önəmli olan ideya deyilmi?
- Söhbəti dilin arpalığına çəkən sənsən. At kimi adamam. Arpa gördümsə, kişmiş bilib kişnəyəsiyəm də. (gülür)
- Təkcə bizim söhbətdə deyil, ümumiyyətlə, soruşuram, gözəl bir əsərin ortalığa çıxması üçün dil nə dərəcədə vacib bir məsələdir? Bəs ideya, mövzu, struktur necə?
- Ümumiyyətlə, yazı yorğun, qocalmış dili sevmədiyi kimi, ütülmüş üslubları da sevmir mənim bildiyim. Azərbaycan türkcəsinin bütün dil qatı şeirin gücüylə cilalanıb nəsillərarası energetik güvənci özündə əks etdirir. İnanc və metafizik həssaslığı yazıda təcəssüm etməyəndə sadaladığın elementlər nə qədər bütün boyutlarıyla eninə-boyuna işlənsə belə, sonucda yazar iflasa uğrayır. Yazar kitabla isbat olunur. Kitab isə mistik hadisədir. Bu hadisənin təmayülləri yazarın hər hüceyrəsində mücadilə verib dışa vurur. Gülünc də olsa deyəcəm, Azərbaycanın ən tanınmış, məhşur yazarları belə kitab anlayışının mahiyyətini anlamır. Anlayan yazar o kitabı yazı sisteminin şəhdi-şəkərini dadızdıraraq yazıb ortaya qoyar. Buyurun, bütün kitablar ortalıqdadır. Hansı müəllifin hansı əsərinin kitab sistemindəki kübarlığından sitəm etmədən danışmaq olar? Mümkün deyil. Bizdə kitab deyəndə nə gəldi yaz və yazdığını kağıza çala, hopdur tirajlamağı bilirlər. Bilinən budur.
Digər tərəfədən yazılan alayarımçıq, sənin olmayan mövzularda, bimədiyin, dərk eləmədiyin mövzularda vaxt öldürməyin, mövzunu azdırmağın, bir gün öz qisasını müəllifdən almazmı zənn edirsən? Çağdaş dünyada şairə cəllad, zalım padşah lazım deyil, onun öz mövzularına xəyanətkarlığı sonucda onu edam səhpasına sürükləyir. Çünki biz idarə olunmayan, başqalarının təlqinlərindən kənara çıxan şüuraltı axın sərüvənimizi yazı törənlərimizə, yaradıcılıq ayinlərimizə yönəldə, qata bilmirik. Biz ümumiyyətlə, yazının mahiyyətindən çox-çox uzaq duran müqəvva intellegentlərik. Nə gəldi, necə gəldi yazırıq. Şair nə kahin deyil, nə molla deyil, nə öncəgörəndir. Şair bütün hüceyrələriylə kosmik proseslərə həssaslıqla özünü bağlayan, düyən, ötələrdən aldıqlarını, alqıladıqlarını öz sözüylə, öz diliylə, öz yöntəmiylə kitabda bağlayan, kitab bağlayan qəhrəmandır. O göylər aləminin yer üzündəki ən diri savaşçısıdır. Şair göylər aləmiylə yerdə hərəkətini davam etdirməlidir və bu qımıltısının, dəbərməyinin də fərqində olmalıdır. Yazar göylərin min bir oyunundan öz ovsunçu məharətiylə yazmalıdır. Yerin dərdi, gerçəkləri, aşağıda baş verənlər göyün oyunları əsasında cərəyan edir. Şair də avamlığını bir yana qoyub göylərin məna mədənlərində yazının mənbəyinə varmaq zorundadır. O zaman üslub da, dil də, struktur da, texnika da, estetik hesabat da özünü doğruldacaq sənət, ədəbiyyat qarşısında.
- Xan, kitabların satılır?
- Deyirlər, oxunmuram. Amma mənimlə yazılarımla bağlı söhbət edənlər, mənə yazanlar da az deyil. Yəqin ki, çox satılmır kitabım.
- Deyirlər, xeyli romanın var, amma mən cəmi birini oxumuşam. Səhv mənimdi ki, az oxumuşam, amma sən də çox təbliğ eləmirsən ki, adamlar görsün, maraqlansın və alsın. “Maq-lar”dan başqa heç bir əsərini kitab mağazalarında görmürəm. Bu kitabları evdə saxlayırsan?
- Hər kitabımı fərqli bir üslubda yazmışam. İstər şeir olsun, istər nəsr. İmkanlarım çox sayda kitablarımı basdırmağıma müsait olmayıb. Kimsəyə də ağız açmağa elə lüzum görmədiyimdən, 100 ədəddən artıq kitabım çıxmayıb. Onları da evdə saxlayıram. “Maq-lar”ı isə sağ olsunlar, Xan nəşriyyyatı çıxardıb. Satışıyla da özləri məşğul olurlar.
- Hər şeydən əvvəl səni zövqlü bir insan kimi tanıyıram və bilmək istəyirəm, Xanəmirin fikrinə görə Ramiz Rövşənin şeirləri necədir?
- Bu gün Ramiz Rövşən azərbaycanın ən çox oxunan şairi ola bilər. Mən o cür yazıq, mağmın, bədgüman estetik duyğular aşılayan şeirləri oxuyanda əsəbiləşirəm. Şair də hər hansı bir duyğunu, olayı yaşaya bilər, ancaq şairin ən böyük səmimiyyəti onun hansı cinsə mənsub olduğunu yazı sindromunda unutmamasıdır. Ramiz müəllimin şeirlərində qadınlığın Həvva nənəmizdən qalma zarıncı qovluğu qımıldayan qılığıyla açıq-aydın “oxunur”. Bu isə Ramiz Rövşənin bir azərbaycanlı kişisi kimi varlğıyla tərs mütənasiblik yaradır, əməlli-başlı onun poetik qəflətinin dərinliyindən xəbər verir.
- Kütləni bir kənara qoyaq, bəs ədəbi elita arasında Ramizin bir şair kimi sevilməsi və ciddi qəbul olunmasının səbəbi nədir, səncə?
- Ədəbi elita dediyində kimləri nəzərdə tutursan?
- Məsələn, Anar, Şərif Ağayar, Elçin Əfəndiyev...
- Bu onların öz sorunudur. Yenə deyirəm, Ramiz bəy şairdir, amma mənə görə, ciddi şair deyil. Çünki onun şeirlərinin cəhəti ola bilər, ancaq qibləsi yoxdur.
- Niyə həmişə Ramiz Rövşən haqqında danışanda söhbətin o biri başında elə bil Vaqif Bayatlı dayanır. Sən bunu hiss eləmisən?
- Vaqif bəyin şeirlərinin “dözümlüyündə və iradəsində” bir etnos etirazı gizlənib. O şeirləri etnosun ehtirası kimi anlayanlar da var. O etnos o şeirdən üzə çıxmayınca, Azərbaycan bizim istədiyimiz şəkildə bütövləşib azad ola bilməyəcək. (Ümumiyyətlə, bu etnos şeirlərimizdəki ərgən, yetişmiş əsarətindən qurtulduğu anda, biz istədiyimiz bir Azərbaycan cəmiyyəti varlığına ləkə kimi hopmuş ədəbi cinayətini şeytanın, şərin üzərinə qaytarıb ata biləcək). Vaqifdəki tənhalıq fərddən daha çox, etnos tənhalığıdır, etnosun poetika udmuş dağlarımızda qarnı ağrıya-ağrıya gəzən mədəniyyət tənhalığıdır. Ancaq dəyərli Vaqif bəyin şeirləri də mənim üçün təzəliyini itirmiş ortabab mətnlərdir.
- Xan, maraqlıdır, sənin üçün təzəliyini itirməyən nə var?
- Nəyə görə Hüseyn Cavid, məsələn, mənə təzə görünür, nəhəng görünür? Yaxud Dostayevski, Ceymis Coys, Orhun-Yenisey abidələri...
- Görəsən, nəyə görə?
- Düşünürəm ki, bu devlərin poetik cəsarətləri mənim kimi mehtər marşını sevənlərin poetik təfəkkürünü çoxdan aşıb, çoxdan qabaqlayıb. Mənim kimi ədəbiyyatdakı mərdimazarların ədəbi yemi onların cərcənəyindən daha çox çıxır. Yaxud da görünür, onlar poetik kod baxımından daha yaxın məsafədən mənə ilgi göstərməyindədirlər.
- Maraqlıdır, niyə yazılarında cümlə bitəndə sonra da sözləri kiçik hərflərlə yazırsan?
- Hər sözü yox, ancaq əksər sözləri elə yazıram. Hər hərf bizim sığortalanmış bir səsimizdir. Səsimizi o biri hərflərimizdən heç də yuxarı qaldırmamalıyıq. Bu kürreyi-ərzin içində olduqca balaca varlıqlarıq. Eqomuzu heç olmasa, yazı mədəniyyətimizdə öldürməliyik. Böyük olan nədir? Heç olmasa, bu anlayışımızı hər şeyin sonda çevriləcəyi sözdə, onun yazılma fürsətini əldə etdiyimiz zaman qoruya bilək. Elə isə gərək hər nöqtə bitəndən sonra hər sözün baş hərfi bir öncəki sözün baş hərfindən bir az da böyüyə-böyüyə özünü yazdıra. Bu isə imkansız olduğundan, gərək heç böyük hərflərdən nöqtə sonrası istifadə etməyək. Bir romanın sonunda axırıncı cümlənin baş hərfi bu məntiqlə gərək elə uzun ola ki, gedib ərşi-əlaya dirənə. Biz bizə təqdim edilən varidata elə inanclı şəkildə bağlanıb, elə şüursal rituallarla bağır basmışıq, day içində olduqlarımızı sorğulamağa, dara çəkməyə belə düşünmə yadddaşımız çatmır. Yazımızı da əzbərə yazırıq. Gör nə gündəyik ki, bir millət kimi dünyaya mətnlər vermiş əlifbamızdan istifadə edə bilmək oyaqlığımıza bir türlü gəlib çata bilməkdə acizik.
- Bizdə belə sözlər deyilir. Məsələn, Salam 90-cı illərin ən parlaq şairidir. Aqşindən sonra bizdə təzə şeir yazılmadı. Necə düşünürsən, dildə-ağızda gəzən bu cür söhbətlər gələcək ədəbiyyat tarixinin yazılması üçün fakta çevriləcəkmi?
- Əgər bayaqdan elədiyimiz "ədəbiyyata sədaqət andı içilmiş" söhbətləri dərinləşdirsək, çoxlarıyla bu söhbətləri sərxoşluğa qədər aparıb çıxara bilsək, bizdən sonra tərlan oylaqlarında olduqca zırpı-zırpı şairlər törəyəcək. Onların şeirlərinin nəfəsindən üstümüzə şəri-böhtanı axışıb gələn göylərə dirək dinozavrlar yenidən peyda olacaq. Gələcəkdə şeirlərindəki diringiləri yığışdırıb dəryaları ritmiylə cuşa gətirən dinozavr xalq şairləri azad Azərbaycanda ev, maşın, bağ-bostan yeri, bir də unitaz istəyəcəklər. Göyəzən dağı da, Xudafərin köprüsü də, Qız qalası da, Xəzər dənizi də, Kür-Araz çayları da qoşmadan, gəraylıdan, hecadan öz qisasını alacaq... Çünki biz həmişə eqomuzu onlara yükləmişik şeir vasitəsiylə.
- Mənim üçün maraqlıdır, sən istedadı necə müəyyən edirsən, bunun üçün içində hansısa bir mənəvi cihaz varmı? Məsələn, sənin üçün şeir necə olanda gözəldir?
- Öz yazdıqlarım kimi. Məsələn, 2008-də çıxan “Saatım Bağdadda qaldı”, 2010-da çıxan “Qəvi qövmün qalı”, 2013-də çıxan “Derlər” şeir kitabımdakı mətnlər kimi. Bunların heç birindən kimsənin belə xəbəri yoxdur. Mənim də vecimə deyil.
- Yəni özünə istinad eləyirsən? Bir başqası yoxdurmu bu gün, elə bir şeir yazan?
- Bəlkə var, mən bilmirəm. Bəlkə də bu yaşın gətirdiyi özünə yığılmanın şüuraltı bir təlqinidir. Hər birimiz bu gün öz yaradıcılığımızla ümumi ədəbiyyatın cəmiyik. Görünür, mən də şeirin çəmində belə cəm oğlu cəmliklə bir çəmlik elədim.
- Salamın bir misrası var: "Öləsən, bir düşmən sevindirəsən". Bax, bu cür parlaq misralar səndə hansı hissləri yaradır? Şeir belə olmalı deyilmi?
- Bu cür misralar, ab-hava, yanaşma görünür səni daha çox cəlb edir. Belə misraları mən nə bu cür yaza bilmərəm, nə də belə yanaşmaram öz ölüm öhdəliyimə. Mənim üçün də maraqlıdır ki, bir adam əgər düşmənsə, niyə onu sevindirməklə düşmənliyini artırmalısan. olmazmı, ölmək ölməkdirsə, deyəsən, biz dünyadan gedər olduq, qalanlara salam olsun... Düşməni alçatmaq nəyə lazımdır ki... Dünyasını dəyişən insan üçün geridə qoyduqları bərabərləşməlidir şüurda, yoxluğa çevrilməlidir. Öləndən sonra, ölüm qarşısında çoxunluqla danışmaq, şair fərasəti deyil, şair fitrətidir. Yunus “qalanlara” deyir. Yəni ölüm mövzusunda “bir düşmən” anlayışı kimi yanaşmalar mənə yaddır.
- Xan, bir dəfə hansısa bir yazına görə ciddi bir problem yaşamısan. Bildiyimə görə bir kəndin camaatı səni hədələyibmiş. Görəsən, o hadisədən sonra sənin cəsarətinin işığı zəifləmədi ki?
- Hə, bizim perispektiv vəd edən qaçqın yerlilərimiz mənə qarşı bir yazımdan dolayı ölüm hökmü də kəsmişdilər. O münaqişə hələ də davam edir. Az qalırdılar erməninin qisasını məndən alsınlar. Hətta mənə o linc məhkəməsində yazmağı da yasaq eləmişdilər. İnan, elə biləsən o vaxta kimi istedadsız idim, o hadisədən sonra sanki mənə bir azadlıq, bir hürriyyət, bir özgürlük vəhyi gəldi ki, gəl görəsən. Yaxşı olar ki, bütün Azərbaycan yazarları belə bir linc məhkəməsindən keçsin. Qardaş, xeyrini gördüm və görməkdəyəm.
- Belə bir məsəl var. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Sən indi həmin məsəli şairə aid eləsən, necə olar? Doğrudan, şair susanda gözəl olur, yoxsa danışanda?
- Şair nə sussun, nə də danışsın, şair gülsün, yazsın, gülsün, yazsın. Axırda görəcək ki, yazdıqları həm susmaqdır, həm də danışmaq. Yazığın da yazıları "kimyəvi duruma" belə düşərək susmağa və danışmağa parçalanır. Şairdən danışanda, susanda qorxmaq lazım deyil, şair yazanda, özü də cəmiyyətin yorğalığını görüb yazanda qorx. Bir də şairlər erkən, vaxtsız öləndə qorxmaq lazımdır. Çünki şairin gözü dalda qalanda, onun acısı, iztirabı yurdun, ölkənin varlığında bəlaya, tufana, kataklizmə, zəlzələlərə, müharibələrə, xəstəliklərə çevrilir.
- Bəlkə şair nə sussun, nə danışsın, nə də gülsün, ancaq başını yelləsin. Belə necədir?
- Şairin başı olur ki yelləsin? Onunku ürəkdi, ürək. Onun da başı olanda ya ipdə olur, ya cəllad kötüyü üzərində. Söhbət şairdən gedir. Day mənim kimisindən yox da. (gülür)
- Tənqidçilər bildiyimə görə, sənin yaradıcılığın haqqında o qədər yazmayıblar. Bayaq dediyiniz kimi, buna cəhd eləməmisiniz, ona görədir, yoxsa səni onlar da anlamır?
- Ara-sıra yazanlar olub. Amma ola bilsin ki, yazılarımdakı "maneələrin" öhdəsindən gələ bilməyiblər, axtardıqları ördəyin yerinə dəvəquşuyla rastlaşıblar. Nə deyim. Tənqidçilərimizi bilmək olmur ki, onların istədiklərini bəlkə də yaza bilmirəm. Ancaq əlimdə mətbuat olanda haqqımda gündə bir yazı yazılırdı. Məəttəl qalıram ki, bu necə olurdu.
- Xan, səncə, Nəsimi niyə "Leyli və Məcnun" mövzusunda əsər yazmayıb?
- Bu sualı Azərbaycan ədəbiyyatına verən mənəm. Bu barədə məqalə yazmışam. (gülür)
- Bir dəfə bu mövzuda müzakirə apardıq. Sual yarandı ki, təriqət şairi niyə “Leyli və Məcnun” yazmalı idi?
- Nəsimidən əvvəl və sonra da “Leyli və Məcnun” yazılıb. Ancaq Nəsimi yazmadı. Yaza da bilməzdi. Kəsə olaraq deyim: o, hürufi təliminə inanmış ozan idi həm də. İnsanın başına gələcək olayları vasitə eləməkdən qaçıb,(leylilikdən, məcnunluqdan) insanın üzündəki işarələri (yeddi hərfi) vasitə eləməyi daha kəsdirmə hesab edirdi. Təbii ki, Yaradan gedən yolda. Çünki üz səmimdir, qəlbin aynasıdır, ilkin Tanrı təcəllası insanın üzündə görünür: işarələrdə, cizgilərdə. O da işarələrin, cizgilərin, hərflərin (həm də səslərin) mahiyyətini qaçırmadan, yeni can verdiyi, inandığı təliminin poetik təəssübünü ədəbiyyatımızda çəkib. Bir şair ki, Allahın vəhyini, müjdəsini, kitabını Qurandan öncə insanın üzündən, insan üzündəki işarələrdən, hərflərdəncə öyrənə bilirsə, özünü niyə dağa-daşa salıb min hoqqadan çıxmalıdır ki...
Kəramət Böyükçöl