28 Oktyabr 2015 11:46
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 yaşlı azərbaycanlı yeniyetmə antivirus proqramı yazıb. Onun hazırladığı antivirus Rabitə və Yüksək texnologiyalar Nazirliyi tərəfindən sınaqdan keçirilib.

Biz də həmin 16 yaşlı ixtiraçı ilə söhbətləşdik.

Ziya Gözəlov 1998-ci ildə Cəlilabadda anadan olub. Hazırda Bakıdakı 245 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir.

Ziya Gözəlovun sözlərinə görə, dərslərini yalnız valideynlərini xoşbəxt eləmək üçün oxuyur: “Dərsdən aldığım qiymətlər yaxşı olsa da, təhsil almağa marağım yox idi. Sevdiyim və üzərində işlədiyim sahə texnologiyadır. Əsasən informatika kitabını həvəslə oxuyam. Hər kəs məni bu yaşımda qəribə və ixtiraçı qarşıladığı halda ailəm heç də belə düşünmür və mənə dərslərini oxumayan Ziya kimi baxırlar”.

Niyə antivirus yaratdı?

Həmsöhbətim deyir ki, o, özünəməxsus işlərə imza atmaq istəyib: “Düşünürəm ki, məqsədimə çatdım və kəşf etdim. Mənim üçün kompüterdə ən lazımlısı antivirus proqramıdır. Mənim özümün yaratdığım bir antivirus olsun deyə bu işə başladım. Hazırladığım antivirusu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sınaqdan keçirdi. Nazirliyin əməkdaşı yoxladı və bildirdilər ki, yaxşı antivirusdur.

Hazırladığım antivirusun 70-80 faizi hazır vəziyyətdədir. Antivirus proqramını hazırlayanda başıma çox hadisə gəldi. Kompüterin durduğu yerdə partladığı, düymələrinin qopub düşdüyü də oldu. Amma məqsədimə çatmaq, antivirus düzəltmək üçün demək olar ki, hər şey etdim.

13 gün ərzində həmin antivirusun loqosunu hazırladım, sonra antivirusun özünü yaratdım. Bunu proqramlaşdırma dillərinin köməyi ilə etdim. Dünyada hər 1 saatda 7 troyan yaradılır. Mənim hazırladığım proqram kompüterdə troyan növündə olan virusları taparaq silir. Bunun əsas xüsusiyyəti 2 gündən bir yenilənməsidir.

Proqramı daha da təkmilləşdirmək istəyirəm. Hələlik o proqramın xüsusiyyəti virusları tapmaqdır. İnanıram ki, texnologiyada da dönüş yarada biləcəyəm".

“Valideynlərinə de, bu kompüteri səndən alsınlar”

Ziya Gözəlovun sözlərinə görə, texnologiya ilə tanışlığı atasının aldığı kompüterdən başlayıb: “Atam gəmi kapitanı olduğu üçün gecələr evə gec gəlir. Bir dəfə gecə gələndə kompüter alıb gətirmişdi. Mən onda 6-cı sinifdə oxuyurdum. Başladım kompüterin proqramları, işləmə prinsipi ilə maraqlanmağa. İlk dəfə toxunanda kompüteri xarab etdim. Nə qədər düzəltməyə çalışdım, alınmadı. Məcbur qalıb ustaya apardım. Təkrar bir neçə dəfə bu hal baş verdi. Nəhayət, usta dedi ki, valideynlərinə de, bu kompüteri səndən alsınlar. Sən də yazıqsan, kompüter də.

Beləcə kompüteri xarab edə-edə proqramlaşmanı öyrəndim. İxtiram barədə ailəm keçən il xəbər tutdu. Onlar bilsəydilər ki, kompüter mənim ixtiraçılığıma görə xarab olub, yəqin onu mənə verməzdilər. Mən hər şeyi vurub sındırdığıma görə deyinirdilər".

Məktəbli yeniyetmə “Sabahın alimi” adına layiq görülüb.

“Bədənimdə yandırmadığım yer qalmayıb”

Ziya deyir ki, enerjinin blutuzla ötürülməsi layihəsi də var: “Bir dəfə telefonumda enerji az idi və dostum dedi ki, kaş telefondakı enerjini bir-birinə ötürə bilərdik. Fikirləşdim ki, niyə də yox... Hazırda bunun üzərində iş gedir, bir az çətin məsələdir və tək çalışıram.

Enerji onsuz da dalğalar vasitəsi ilə ötürülür. Amma mənə blutuzla enerji ötürmək lazımdır ki, insanların telefonlarının enerjisi bitəndə bir-birilərinə göndərə bilsinlər.

Xarab etdiyim cihazları bir yerə toplasaq, qiyməti 4-5 min manat edər. Enerjinin blutuzla ötürülməsi layihəsi üzərində iki aydır işləyirəm. Demək olar, bədənimdə yandırmadığım yer qalmayıb".

“Oxumaq hara, sən hara?

Müsahibimiz gələcək planlarından da danışdı: “Arzumu hələ də yerinə yetirməyə nail olmamışam. Həmişə istəmişəm antivirusum olsun. Antivirusum var, amma bunu ortalığa çıxarmaq mənim üçün hələ də çətindir. ”Maykrasoft" və “Maykrasoft Azərbaycan”ın yanında bu, qeyri-mümkün kimi görünür, amma bunu edəcəm və bu arzuma çatacam.

Ailəmizdə hər kəs kitab-dəftərlə məşğuldur, amma mən elə deyiləm, fərqliyəm. Yalnız texnologiya ilə məşğul oluram. Yazmaq, oxumaq mənə maraqlı deyil. Ailəmdə ilk dəfə bacarıqlarımdan xəbər tutanda mənə şübhə ilə yanaşdılar. Dedilər ki, “oxumaq hara, sən hara? Sənin elmə marağın yoxdur, mümkün deyil ki, belə bir işə girişəsən”. Onlara izah etdim ki, elm başqadır, ixtiraçılıq başqa. Bunları qarışdırmaq olmaz. Mən “Sabahın alimi” seçildikdən sonra valideynlərim çox təəccübləndilər".

Qeyd edək ki, məktəbli yeniyetmə bu ixtirasına görə, 2016-ci ildə patent almağı düşünür.

İlhamə Əbülfət


Müəllif: