“İran hələ də dünyanın ona göstərdiyi bu etimadı lazımınca dəyərləndirə bilmir. Yəni tutaq ki, Rusiya ilə aparılan müttəfiqlik, Ermənistanla hansısa xəyali bir nəqliyyat dəhlizinin yaradılması planı Suriyaya xüsusi təyinatlı dəstələrin göndərilməsi, onların bir qisminin qayıtmasına baxmayaraq, böyük qisminin hələ də orada qalması, Bəşər Əsəd rejiminə hərtərəfli yardımın göstərilməsi, İraqın özündə siyasi proseslərə təsir etmək imkanları və bundan maksimum yararlanmağa çalışmaları, faktiki olaraq bu bölgədə İraq və Suriya vasitəsilə Aralıq dənizinə çıxmaq arzusu, bir sözlə, geostrateji planda İran yenə də İslam inqilabının dəyərlərini yaymaq, eyni zamanda bölgəyə nəzarət uğrunda digər ərəb ölkələri ilə ciddi rəqabətə girişir. Bu nöqteyi-nəzərdən İranın bu hərəkətlərini hələ saf-çürük etmək lazım gələcək. Görünür, beynəlxalq təşkilatlar və digər güc mərkəzləri də bu məsələlərə yenidən qayıtmalı olacaqlar. Amma hər halda İranın əlinə tarixi bir şans düşüb. O şansı dəyərləndirsə, İran xalqı böyük uğurlara nail ola bilər”.
Bunu Teleqraf.com-a müsahibəsində politoloq Qabil Hüseynli deyib. Müsahibəni təqdim edirik.
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin AŞ PA və digər beynəlxalq təşkilatlara Minsk qrupunun danışıqlar üçün qəbul olunmuş yeganə format olduğunu xatırladan bəyanatla çıxış etmələrini nə cür qiymətləndirmək mümkündür?
- Bu, həddən artıq qəribə bir çağırışdır. Özləri status-kvonun dəyişməsi istiqamətində, əllərini ağdan qaraya vurmur, amma kimsə bu məsələyə müəyyən köməklik göstərmək, siyasi anatomiyasını aydınlaşdırmaq istəyirsə, dərhal onlara çağırış irəli sürürlər. Həmsədrlərin çağırışı bugünlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın zərərinə işlədi və əslində, onların belə bir çağırış etməyə hüquqları yoxdur. Yəni Avropa Şurası Parlament Assambleyası baş verən münaqişənin siyasi anatomiyasını araşdırıb, ona siyasi qiymət verirdi. Başqa bir şey etmirdi. Eyni zamanda, AŞ PA Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilmələri, ermənilərin su ilə necə təxribatlar törətmələri barədə qətnamə qəbul etdi. Demək istəyirəm ki, həmsədrlər ermənilərə təzyiq etmək lazım gələndə, onları təcavüzkar kimi çağırmaq tələb olunanda susur, yaxud “biz ancaq tövsiyələr verməklə məşğuluq” kimi başaldadıcı fikirlərlə işi birtəhər yola vermək istəyirlər. Amma onların bu çağırışlarının heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. Belə bir hüququ onlara kimin verdiyini də heç kim söyləyə bilməz. Ona görə də onların bu çağırışları daha çox hədyan bir çağırış kimi dəyərləndirilə bilər.
- AŞ PA-nın qış sessiyasında məruzəçi Robert Valterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsinin qəbul edilməməsində həmsədrlərin bu çağırışının rol oynadığını söyləmək mümkündürmü?
- Əlbəttə, bu çağırış qətnamənin qəbul olunmamasına hansısa formada təsir edib. Bunun tam, yaxud qismən olduğunu demək bir qədər çətindir. Amma hər halda həmsədrlər hər iki qətnamənin qəbul edilməsinin əleyhinə çıxış ediblər. Məsələn, Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş qətnaməni götürək. Camaat orada içməyə su tapmır, Qarabağın aran bölgəsi - cənnət bir guşə, meyvə ağacları, flora və fauna susuzluqdan yanıb gedir. Hətta, onsuz da sayı azalmış heyvanların içməsi üçün belə su tapılmır. Bunun müqabilində həmsədrlər deyirlər ki, bu məsələyə başqa təşkilatlar qarışmasın. Bəs, o zaman Avropa Şurası, onun parlament assambleyası nə ilə məşğul olmalıdır?! Bu işləri ölü nöqtədən tərpətmək üçün əlinizdə imkanlar ola-ola bundan istifadə etmirsiniz. Qəsdən Ermənistana təcavüzkar demirsiniz. Erməni qoşunlarının Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini dilinizə gətirə bilmirsiniz. Bu biabırçılığı sözlə ifadə etmək mümkün deyil. Necə deyərlər, suçlu olduqları bəs deyil, üstəlik bizlərə ağıl öyrədirlər, kimlərəsə nəsihət vermək istəyirlər. Zənnimcə, bu, çox böyük biabırçılıqdır.
- Həmsədrlərin bu çağırışından sonra onların dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Necə düşünürsünüz, həmsədrlərin dəyişdirilməsi olmasa da, heç olmasa obyektiv mövqeli insanların həmsədr kimi fəaliyyət göstərmələrinə nail olmaq mümkündürmü?
- Əlbəttə, nail olmaq mümkündür. Amma bizim üçün ən sərfəlisi formatın dəyişdirilməsidir. Yəni, ayrı-ayrı adamlar dövlətin sifarişini yerinə yetirir. Tutaq ki, sabah Rusiya öz nümayəndəsini dəyişdirəcəksə, yeni nümayəndə yenə də köhnə havanı çalacaq. Bu mənada formatın dəyişdirilməsi daha məqbul variantdır. ATƏT-in Minsk qrupunu üç həmsədr dövlət təmsil edirsə, bu sayı beşə qaldırmaq olar. Bir şərtlə ki, əlavə iki dövlətdən birini Ermənistan, digərini Azərbaycan təklif etsin. Minsk qrupunda heç olmasa, bir müsəlman dövləti təmsil olunmalıdır. Minsk qrupunun üzvləri arasında yeganə müsəlman dövləti Türkiyədir. Açıq deməliyik, problem sırf ərazi davasından daha çox iki sivilizasiyanın toqquşmasıdır. Ermənilər xristian təəssübkeşliyindən istifadə edərək dünyanın diqqətini özlərinə cəlb ediblər. Biz isə müsəlman ölkəsi olaraq özümüzə ən yaxın bildiyimiz müsəlman ölkələrinin diqqətini cəlb edə bilmirik. Çünki müsəlman ölkələri bu məsələyə qarışmaq istəmirlər. Qarışanları isə həmin güc mərkəzləri uzaqlaşdırır. Ona görə də birinci variant formatın dəyişdirilməsi, sayın üçdən beşə qaldırılmasıdır. İkinci variant isə ümumiyyətlə, siyasi müstəvinin dəyişdirilməsidir. Yəni ümumiyyətlə ATƏT-in Minsk qrupundan məsələnin həllinin alınıb, daha nüfuzlu təşkilat olan BMT-yə verilməsi. BMT çərçivəsində Azərbaycanın manevr etmək imkanları daha çox olacaq. BMT-də Azərbaycanın tərəfdarları daha çoxdur. Güman edirəm ki, BMT çərçivəsində bu məsələyə daha obyektiv münasibət bəslənilə bilər.
- İran nümayəndə heyətinin Avropaya səfərini necə qiymətləndirirsiniz? Sizcə, cənub qonşumuzun bundan sonra atacağı addımlar nədən ibarət olacaq?
- İran böyük inkişaf yoluna qədəm qoyub. Rəsmi Tehran imzalanmış sazişlərə əgər axıradək əməl edərsə, sanksiyalar mərhələ-mərhələ götürüləcək. Üstəlik, mərhələ-mərhələ, şah dövründən qalma köhnə pullar da ölkəyə qaytarılacaq. Beləliklə, ölkə həm də sanksiyaların yaratdığı əzab-əziyyətli vəziyyətdən də xilas olunacaq və İranın böyük inkişaf yoluna çıxması üçün mühüm perspektivlər açıla bilər. Ölkə bölgənin fövqəldövlətlərindən birinə çevrilmək şansına malikdir. Əgər onların başları yenə də başqa işlərə qarışmasa, ölkə yaxın vaxtlarda yenə də özünün çox tarixi dövrünü yaşaya bilər. İran dövləti güclü inkişaf yoluna çıxmaqla beynəlxalq siyasətdə aktiv rol oynaya bilər.
- Sanskiyaların aradan qaldırılmasından sonra İran Suriyadakı maraqlarından, Bəşər Əsədi müdafiə etməkdən vaz keçə bilərmi?
- Yox. Elə məsələ ondadır ki, İran hələ də dünyanın ona göstərdiyi bu etimadı lazımınca dəyərləndirə bilmir. Yəni tutaq ki, Rusiya ilə aparılan müttəfiqlik, Ermənistanla hansısa xəyali bir nəqliyyat dəhlizinin yaradılması planı Suriyaya xüsusi təyinatlı dəstələrin göndərilməsi, onların bir qisminin qayıtmasına baxmayaraq, böyük qisminin hələ də orada qalması, Bəşər Əsəd rejiminə hərtərəfli yardımın göstərilməsi, İraqın özündə siyasi proseslərə təsir etmək imkanları və bundan maksimum yararlanmağa çalışmaları, faktiki olaraq bu bölgədə İraq və Suriya vasitəsilə Aralıq dənizinə çıxmaq arzusu, bir sözlə, geostrateji planda İran yenə də İslam inqilabının dəyərlərini yaymaq, eyni zamanda bölgəyə nəzarət uğrunda digər ərəb ölkələri ilə ciddi rəqabətə girişir. Bu nöqteyi-nəzərdən İranın bu hərəkətlərini hələ saf-çürük etmək lazım gələcək. Görünür, beynəlxalq təşkilatlar və digər güc mərkəzləri də bu məsələlərə yenidən qayıtmalı olacaqlar. Amma hər halda İranın əlinə tarixi bir şans düşüb. O şansı dəyərləndirsə, İran xalqı böyük uğurlara nail ola bilər.
- Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın “Su-34" təyyarəsinin yanvarın 29-da ölkə sərhədini pozduğunu bəyan edib. Bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşmək istədiyini söyləyib. İki ölkə arasında nisbətən səngimiş qarşıdurma vəziyyəti yenidən yarana bilərmi?
- Hazırda Rusiya-Türkiyə münasibətləri ən gərgin mərhələsindədir və gərginləşməkdə də davam edir. Əlbəttə, Ərdoğanın Putinlə görüşmək istəyi xoş arzudan irəli gəlmir. Sadəcə olaraq, Ərdoğan yaxşı başa düşür ki, bəziləri məsuliyyət hissini tamam itiriblər və dünyanı şantaj və nüvə silahı qorxusuyla sınağa çəkmək istəyirlər. Ona görə Türkiyə tərəfi hələ ki, Rusiyaya ciddi xəbərdarlıq etsə də, həm də ehtiyatlı davranmağa üstünlük verir. Eyni zamanda çalışır ki, lokal da olsa, bölgədə hər hansı Türkiyə-Rusiya toqquşması olmasın. Çünki belə bir toqquşma NATO-Rusiya toqquşmasına da gətirib çıxara və dünyadakı vəziyyəti xeyli gərginləşdirə bilər. Buna görə Türkiyə tərəfi bütün bu məsələlərdə çox ehtiyatlı və düzgün hərəkət edir.
- Milli Məclisin iclasında deputat Zahid Oruc Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifini səsləndirib. Bu təklifi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov da dəstəkləyib. Necə düşünürsünüz, vilayətin bərpası bizə nə verə bilər?
- İdeya cəzbedici ideyadır. Mən onun əleyhinə deyiləm. Amma hər halda biz status-kvonu dəyişdirməyə, itirilmiş torpaqları geri qaytarmağa çalışmalıyıq. Yəni biz Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpası barədə qərar qəbul etsək də, bu, kağız üzərində qəbul edilmiş qərar olacaq. Amma hər halda biz məsələni ciddi surətdə həll etməyə çalışmalıyıq ki, bu problem aradan qalxsın.
Səxavət Həmid