24 Fevral 2016 12:56
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrət Sadıxov: “Dağlıq Qarabağ məsələsində həmsədr dövlətlərin maraqları üst-üstə düşür”

“Terror aktı nəticəsində Ankarada çoxlu insan xəsarət aldı, bu hadisə fonunda Prezidentin hansısa ölkəyə səfər etməsi düzgün olmazdı. Ərdoğanın Bakıya gəlməməsi, Azərbaycanın regiondakı proseslərə cəlb olunmaması üçün qəsdən terror hadisəsinin törədildiyi iddiaları var. Yaranmış vəziyyətdə ehtimalları istisna etmək olmaz. Yaxın Şərqdə geosiyasi qarşıdurma o səviyyəyə gəlib çatıb ki, burada müxtəlif oyunçuların ayrı-ayrı ssenariləri, addımları həyata keçirilir. Bunlar əlbəttə ki, öz məqsədlərinə nail olmaq üçün müxtəlif addımlara əl atırlar. Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksək səviyyədədir, əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib. Müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyevin İrana səfərini necə qiymətləndirirsiniz? İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra baş tutan bu səfər Azərbaycanla İran arasındakı münasibətlərə nə kimi təsir göstərəcək?
- Dövlət başçısının İrana qarşı sanksiyaların götürülməsindən sonra etdiyi səfər özü-özlüyündə kifayət qədər mühüm amildir. Çünki İran artıq neft və qaz ixracına başlayır, digər ölkələrlə münasibətlərini genişləndirir. Əlbəttə ki, Azərbaycanın da bu ölkələr sırasında olacağı istisna deyil. Azərbaycanla İran arasında münasibətlər qonşuluq xarakteri daşıyır. Bizim ikitərəfli münasibətlərimiz kifayət qədər yüksəkdir. Ticarət, iqtisadiyyat, humanitar, siyasət və enerji sahələrində əlaqələr yaxşı səviyyədədir. Həmişə də bəyan etmişik ki, İran bizim qonşumuzdur və bu ölkə ilə münasibətlərimiz qonşuluq xarakteri daşımalıdır. Bu kontekstdə Prezident İlham Əliyevin İrana rəsmi səfəri əlaqələrimizdə kifayət qədər mühüm rol oynayacaq.

- Belə yozumlar var ki, İran üzərindən sanksiyaların götürülməsindən sonra sanki Azərbaycanla Ermənistan enerji, ticarət, eləcə də nəqliyyat sahələrində İranı qazanmaq uğrunda yarışa çıxıb. Siz necə düşünürsünüz?
- Bunu yarış adlandırmazdım. Regionda yaranmış vəziyyət, İranın Gürcüstan və digər ölkələrə qaz nəqli marşrutları ilə bağlı rəsmi Tehranla Bakı arasında ciddi müzakirələr olacaq. İstəməzdik ki, qaz kəməri Ermənistan ərazisindən keçsin. Əgər İran Dağlıq Qarabağ məsələsində Azərbaycanın bütövlüyünü dəstəkləyirsə, o zaman siyasətində müəyyən mənada Azərbaycanın maraqlarını nəzərə almalıdır. Rəsmi səfər zamanı çalışılacaq ki, Tehranın prioritetlərini, üstünlüklərini Azərbaycan tərəfə yönəltsin, bizə qarşı müsbət addımlar atılsın. İmzalanacaq sənədlər özü-özlüyündə bunun hüquqi bazasına çevriləcək.

- İran-Ermənistan-Gürcüstan qaz layihəsi reallaşarsa, İranla yanaşı Gürcüstandan da bizə zərbə dəyəcək...
- Burada müəyyən ziddiyyətlər var. İndiyədək bu məsələ həll olunmayıb. İrandan qazın Ermənistan və Gürcüstan ərazisinə nəql olunması hələlik bəyanatlar və ritorik söhbətlər səviyyəsindədir. Hələ ortada konkret bir iş yoxdur. Gürcüstanın Energetika naziri Bakıya səfəri zamanı Azərbaycanın maraqlarına cavab verən bəyanatlar verdi. Görünür, Gürcüstana müəyyən ölkələr təsir göstərir və nəticədə rəsmi Tiflisin siyasəti oynaq vəziyyətdədir. Onlar konkret seçim etməyiblər. Bunun özü Azərbaycanın maraqlarına ziddir. Azərbaycandan Gürcüstana qaz verilmə prosesində heç bir problem yaranmayıb. Hətta biz güzəştli qiymətlə Gürcüstana qaz nəql etmişik və bu, indiyədək davam edir. Onlara Azərbaycandan ötürülən qaz İran və Ermənistan ərazisindən gələn qazdan daha əlverişlidir. Eyni zamanda, başa düşürük ki, müstəqil dövlətdir və öz seçimi var. Əminəm ki, dövlət başçısı Azərbaycanın strateji partnyoru Gürcüstana və qonşu dövlət İrana mövqeyimizi bildirəcək, çalışacaq ki, bu layihə və planlara müəyyən düzəlişlər edilsin. Əks halda baş verənlər regionda yaranmış balansa öz təsirini göstərər.

- Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivini, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını necə dəyərləndirirsiniz? İran mediası səfər öncəsi Azərbaycan Prezidentinə münaqişənin həlli üçün İslam və region ölkələrinin imkanlarından istifadə edib-etməmək barədə sual da ünvanlamışdı. Sizcə, İrandakı görüşlərdə bu məsələyə xüsusi yer ayrılacaqmı, Qarabağ məsələsində İranın imkanlarından istifadə edilə bilər?
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində durğunluq müşahidə olunur. Bunun da səbəbləri bəllidir. Bu, aparıcı dövlətlərin regiondakı siyasətinin əksidir. Görünür, həmsədr ölkələr 1990-cı illərin əvvəlində Minsk qrupunu yaradaraq faktiki olaraq bu münaqişəni öz nəzarətləri altına götürməyi planlaşdırmışdılar. Ardıcıl şəkildə də bunu həyata keçirirlər. Nə sülhdür, nə də hərb, status-kvo da dəyişilmir. İkili yanaşma siyasətinin nəticəsi ortadadır. Çox maraqlı məqam ondan ibarətdir ki, istər Yaxın Şərqdə, istərsə də, Ukrayna ilə bağlı hadisələrdə dövlətlərin mövqeyi üst-üstə düşmür. Bir dövlət bir qüvvəni dəstəkləyir, digər dövlət başqa qüvvələrə üstünlük verir. Ancaq Dağlıq Qarabağ münaqişəsində üç həmsədr dövlətin maraqları üst-üstə düşür. Görünür, erməni amili onlar üçün daha üstün hesab edilir, eyni zamanda başa düşürlər ki, Azərbaycan güclü region oyunçusu kimi onlar üçün lazımlı dövlətdir. Lakin erməni amilinin təsiri ilə indiyədək status-kvonu dəyişmək istəmirlər. Dağlıq Qarabağı tanımırlar, aydın məsələdir ki, bu, bizim siyasi, diplomatik addımlarımızın nəticəsidir, ancaq status-kvo saxlanılır. Bu da təbii ki, bizi qane edə bilməz. Bundan sonra da həm hərbi, həm də diplomatik sahədə hücumedici addımlarımızı atmalıyıq, bəlkə də, digər oyunçuları, dövlətləri cəlb etməliyik.

- Ötən gün ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında aparılan təmaslar nəticəsində Suriyada atəşkəsə riayət olunacağı barədə razılaşma əldə edilib. Sizcə, bundan sonra Suriyada hadisələr hansı məcrada inkişaf edəcək?
- Bu razılaşmanın əldə olunması artıq dərəcədə müsbət qərardır. Görünür, ABŞ və Rusiya müəyyən mənada öz maraqlarına nail olublar. Rusiya Bəşər Əsəd rejimini açıq şəkildə müdafiə edir və hesab edir ki, o, Suriyanın legitim prezidentidir. Eyni zamanda, Rusiyanın Aralıq dənizi sahilində öz hərbi bazaları var. Bir sözlə, müəyyən məqsədlərə nail ola bildi: siyasi rejimə dəstək, öz hərbi bazasını müdafiə etmək və Suriyanın müəyyən ərazisinə nəzarət etmək amillərini həyata keçirdi. ABŞ da başa düşür ki, koalisiya çərçivəsində Suriya ərazisinə daxil olub zərbələr endirsə, vəziyyət daha da gərginləşə bilər. Qərbdə görürlər ki, Türkiyə də bir sıra terrorlara məruz qalır. Artıq bir neçə terror aktları həyata keçirilib. Bu da Türkiyənin müttəfiqi kimi Amerikanı biganə qoya bilməz. Ona görə də razılaşma əldə edilib. Amma əldə olunan razılıq hələlik kağızdadır, bəyanatlar səviyyəsindədir. Bundan sonra nələrin baş verəcəyi məlum deyil. Düşünmürəm ki, razılıq əldə olunandan dərhal sonra Suriyada tam sakitlik və sülh bərqərar olunacaq. Çünki Suriyanın ərazisində çoxlu hərbi-siyasi qruplaşmalar var. İŞİD amilini də nəzərə almalı, onu gündəmdən çıxarmamalıyıq. Hələ onun da əməlləri olacaq. Buna qarşı da mübarizə aparılacaq. Bunun hansı şəkildə və formatda olacağı hələ heç kəsə bəlli deyil. Bu razılaşmanı ilkin müsbət addım kimi qiymətləndirmək olar. Ancaq bundan sonrakı hadisələr razılığın reallaşmasından asılıdır.

- Bir sözlə, indiki məqamda Suriyada sülh gözləmək tezdir?
- Mənə elə gəlir ki, sülhün hələ zamanı gəlməyib. Vaxtından əvvəl sülhün bərqərar edildiyini, Suriyada sabitlik və stabilliyin bərpa olunduğunu demək düzgün olmazdı.

- Ortada Bəşər Əsəd amili də var, razılaşmaya baxmayaraq, çox güman, sakit dayanmayacaq...
- Əlbəttə, Əsəddən başqa Əl-Nusra, İŞİD terror təşkilatları, Əsədə qarşı müxalif qüvvələr var. Suriya ərazisində bir sıra oyunçular mövcuddur. İki tərəf olsaydı, bəlkə də razılaşma olardı. Bir neçə oyunçu meydanda olduğu üçün inanmıram ki, onlar dərhal silahı yerə qoyub atəşkəsə əməl etsinlər. Çünki hər bir tərəf atəşkəsi pozmaq üçün çoxlu bəhanə gətirə bilər.

- Keçən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılsa da, Ankarada baş verən terror aktı nəticəsində səfər təxirə salındı. Səslənən fikirlər içərisində belə versiyalar var ki, səfərin əngəllənməsi üçün qəsdən terror hadisəsi törədildi. Bu versiya nə dərəcədə realdır?
- Terror aktı nəticəsində Ankarada çoxlu insan xəsarət aldı, bu hadisə fonunda Prezidentin hansısa ölkəyə səfər etməsi düzgün olmazdı. Ərdoğanın Bakıya gəlməməsi, Azərbaycanın regiondakı proseslərə cəlb olunmaması üçün qəsdən terror hadisəsinin törədildiyi iddiaları var. Yaranmış vəziyyətdə ehtimalları istisna etmək olmaz. Yaxın Şərqdə geosiyasi qarşıdurma o səviyyə gəlib çatıb ki, burada müxtəlif oyunçuların ayrı-ayrı ssenariləri, addımları həyata keçirilir. Bunlar əlbəttə ki, öz məqsədlərinə nail olmaq üçün müxtəlif addımlara əl atırlar. Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksək səviyyədədir, əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Biz hər zaman Türkiyənin yanında olmuşuq, onun maraqlarını nəzərə alırıq və dəstəkləyirik. Lakin bu, heç də o demək deyil ki, hər hansı alyansa, koalisiyaya qoşulub hansısa dövlətlə müharibə aparmalıyıq.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər