Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-da ilkin seçkilərin nəticələrilə bağlı təəssüratlarını Teleqraf.com-la bölüşüb. Partiya sədri eyni zamanda seçkilərin Amerikanın daxili və xarici siyasətinə təsirini də dəyərləndirib. Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edirik.
- Sərdar bəy, ABŞ-da keçirilən ilkin seçkilərin nəticələrinə görə iki namizəd öndədir. Respublikaçıların nümayəndəsi Donald Tramp və Demokratlar partiyasından Hillari Klinton fovarit hesab olunur. Bu iki namizədin imkanlarını necə qiymətləndirirsiz?
- Amerikada seçkilər iki mərhələdə bir neçə il ərzində keçirilir. Birinci mərhələdə partiyanın daxilində daha nüfuzlu namizəd seçki yolu ilə müəyyən edilir. Daha güclü iddiaçı namizəd olur və bu da partiyanın gücünə müsbət təsir göstərir. Daha sonra prezidentliyə namizədlərin yarışı başlayır. Prezidentliyə namizədləri birbaşa xalq seçmir, seçilmişlər seçir. Bu, ixtisaslı seçim deməkdir. Biri var kütlə seçə, biri də var təhsilli, siyasi savadı olan adamlır seçə. Onların seçmə qabiliyyəti yüksəkdir. Bu halda təsadüfi adamların prezident olması mümkün deyil və seçkiləri saxtalaşdırmaq da olmur.
- Siz hansı namizədin Amerikanın növbəti prezidenti olmasını arzulayırsız?
- Mən Demokratların nümayəndəsi olan Hillari Klintonun ABŞ-ın növbəti prezidenti olmasını arzulayıram. Tramp biznesmendir, onun siyasi təcrübəsi yoxdur. O, seçki kampaniyası zamanı bir sıra səhvlərə yol verib. Müsəlmanlara, qaradərililərə qarşı ifadələr işlədib. Hillari Klinton isə demokratların nümayəndəsi olaraq daha öncə Dövlət Departamentinin rəhbəri postunu tutub. Həyat yoldaşı Bill Klinton iki dəfə ABŞ prezidenti olub və özü uzun müddət ölkənin birinci xanımı olub. Bir sözlə, Amerika siyasətini dərindən bilən adamdır. Mədəniyyətlərarası, dinlərarası həmrəyliyə nail olmaq üçün Hillari Klinton kimi şəxsiyyətin ABŞ prezidenti olması daha məqbuldur. ABŞ kimi ölkənin prezideti bütün dinlərə eyni rakursdan yanaşmalıdır. Tramp isə müsəlmanları təhqir edir, onlara qarşı ağır ifadələr işlədir.
- Hillari Klintonun seçilmək şansı varmı?
- Əlbəttə ki, ABŞ-da seçkilərdə bəzən namizədin maliyyə imkanları əhəmiyyətli rol oynayır. Namizədə verilən ianələr, onu dəstəkləyənlərin gücü həlledicidir. Demokratlar Partiyasının bir neçə güclü namizədi var və düşünürəm ki, Hillari Klinton onların ən güclüsüdür. Amma hansı namizəd seçki kampaniyasına daha çox maliyyə yatıracaqsa, o da qalib gələcək.
- Namizədlərin içərisində Tramp daha böyük maliyyə imkanlarına malikdir. Onun seçilmək imkanlarını necə qiymətləndirirsiz?
- Əvvəla onu bildirim ki, Trampın maliyyə imkanları ilə bağlı dediklərini səmimi qiymətləndirmirəm. Onun biznes imkanları barədə məlumatlıyam. Bir neçə dəfə böhrana uğrayıb. Düzdür, o, Amerikanın ən varlı adamlarından biridir. Amma Tramp pulları cibində saxlamır, layihələrə xərcləyir. Trampın yalınız şəxsi maliyyə hesabına seçkilərə qatıldığı inandırıcı deyil. Trampın seçki kampaniyasında iştirak edənlər onun hesabına ianələr köçürüblər. Amerika qanunvericiliyə görə, böyük məbləğdə ianələr ödəyən şəxslər namizədin kampaniyasında yaxından iştirak edə bilər. Tramp seçki kampaniyasına yalnız özü pul qoyubsa, deməli, hakimiyyətə gələndə yalnız özünə işləyəcək. Bu, avtoritarizm deməkdir.
- Seçkilərdən sonra Amerikanın xarici siyasətində hansı dəyişikliklər olacaq?
- Prezident ABŞ-ın xarici siyasətini asanlıqla dəyişə bilməz. Uzunmüddətli xarici kurs var ki, onu dəyişmək üçün illərlə vaxt lazımdır. Ştatların hər biri xarici siyasət kursunda dəyişikliklərə səs verməlidir. Elə bu çətinliklərə görə də, bu günə qədər Amerikanın Ana Yasasına cəmi 10 dəyişiklik etmək mümkün olub. Amerikanın xarici siyasəti təxminən 30 il üçün nəzərdə tutulub. Tramp olmasın, başqası olsun, bu siyasəti dəyişə bilməz. Tramp seçkiqabağı çox söz deyə bilər, amma bu o demək deyil ki, prezident olacağı təqdirdə müsəlmanlara qarşı müharibə aparacaq. Amerikada seçkiqabağı verilən vədlərin çoxu yerinə yetirilmir. O, vədlərinin 1-2 faizini yerinə yetirə bilər. Bu gün müsəlmanlar və qaradərililər Amerika əhalisinin 50+1 faizini təşkil edir. Hətta hərbçilər də Trampın təbliğatından narazılıq edirlər. Qeyd olunur ki, o, hakimiyyətə gəlsə, hərbçilər qiyam edəcək. Trampın siyasi təcrübəsi azdır və o, hansısa ideyanı həyata keçirməkdə ciddi maneə ilə üzləşəcək. Əqidəsindən, niyətindən asılı olmayayaraq, ABŞ prezidenti istəsə belə ölkəyə zərər vura bilməz. Prezidentin qarşısnı Konqres kəsir. Barak Obama heç də bütün ideyalarını həyata keçirə bilmir. O, bir çox hallarda əleyhinə olduğu məsələlərin icrası ilə məşğul olur, müdafiə edir. Çünki ABŞ-ın dövlət maraqları bunu tələb edir.
Ruslan