27 Aprel 2016 11:05
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkələrinin əsas məqsədi Dağlıq Qarabağda atəşkəs rejimini saxlamaq və tərəfləri sülh danışıqlarına dəvət etməkdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni saytına verdiyi müsahibədə deyib. O bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur. Amerikalı həmsədr qeyd edib ki, hazırda Minsk qrupunun üzvləri cəbhə xəttində silahlı qarşıdurmanın baş verməməsi üçün əlindən gələni edir.

Müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov deyib ki, bu yaxınlarda Qarabağla bağlı danışıqların intensiv mərhələsi başlaya bilər və burada əsas təşəbbüskar Rusiya prezidenti Vladimir Putin olacaq. Bilmək istərdik ki, bu təşəbbüs ATƏT-in Minsk qrupu çərçivəsində olacaq, yoxsa, 2014-cü ilin avqustunda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü kimi?

- Hesab edirəm ki, bu münaqişənin həlli üçün ABŞ, Rusiya və Fransa tərəfindən edilən hər təşəbbüs Minsk qrupunun fəaliyyətinə kömək edir.

Necə ki, 2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan prezidentlərinin Vladimir Putin, ABŞ dövlət katibi Con Kerri və Fransa prezidenti Fransua Ollandla görüşləri olmuşdu. Hər üç ölkə bir məqsədlə çalışır ki, bölgədə atəşkəs rejimi saxlanılsın və tərəflər Minsk üçlüyünün iştirakı ilə sülh danışıqlarını davam etdirsin.

- Bəs niyə Vaşinqtonda Barak Obamanın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmadı? Silahlı qarşıdurmaların artdığı bir vaxtda biz ABŞ-dan bu təşəbbüsü gözləyə bilərikmi?

- Serj Sərkisyan və İlham Əliyevin ABŞ prezidenti ilə görüşü planda olmayıb. Amma Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda vitse-prezident Bayden və dövlət katibi Kerrinin iştirakı ilə görüşləri olub. Onlar Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin yollarını axtarıblar.

- "Dörd günlük müharibə"dən sonra hər hansı bir diplomatik irəliləyiş olub? Məlum hadisədən sonra həm Ermənistan, həm Azərbaycan prezidentləri ilə silsilə görüşlər keçirildi, Minsk qrupu bir neçə dəfə münaqişə bölgəsində oldu. Bunların hansı nəticəsi oldu? Gələcəkdə böyük miqyaslı müharibədən qaçmaq üçün vəziyyəti stabilləşdirmək mümkün olacaq?

- Aprelin 5-dən atəşkəs bərpa olunub, amma regionda gərginliyin davam etməsi bizi çox narahat edir. Təkcə cəbhə xəttində yox, Ermənistan-Azərbaycan sərhədində də qeyri-sabitliyin hökm sürməsi bu münaqişənin tez bir zamanda həll olunmasının vacib olduğunu göstərir. Tərəflər dərhal danışıqlar masasına oturaraq sülh danışıqlarını davam etdirməlidir. Biz birmənalı olaraq düşünürük ki, böyük miqyaslı müharibə ilə bu münaqişənin həlli yoxdur. Biz həmçinin bölgədə mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün monitorinqlər keçiririk.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər