Bu barədə Teleqraf.com-a Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov məlumat verib. O bildirib ki, mükafat ona “Dəlinin qeydləri” monotamaşasındakı roluna görə təqdim olunub.
Hazırda Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Kineşma şəhərində keçirilən “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında çıxış edir. Şövqi Hüseynovun əsas rolu ifa etdiyi Qoqolun “Dəlinin qeydləri” monotamaşası aprelin 22-də nümayiş olunub.
Tamaşa festival tarixində ilk dəfə olaraq Azərbaycan dilində oynanılıb.
“Düşünürəm ki, Qoqolun yaradıcılığını hər kəs bilir və əsərin süjet xətti hamıya çox yaxşı məlumdur. Odur ki, tamaşanın Azərbaycan dilində qoyulması heç bir problem yaratmadı, əksinə, bu yenilik istər festivalın beynəlxalq münsiflər heyəti, istər festivalda iştirak edən digər teatrlar, istərsə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı”.
Qeyd edək ki, festival çərçivəsində N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış 10 səhnə əsəri nümayiş etdiriləcək.
Festival 25 apreldə başa çatacaq.
Nərmin