16 Yanvar 2018 12:33
5 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur sovet kinorejissoru Andrey Tarkovski deyirdi ki, “aktyorda temperament yoxdursa, bu, onun ölümü deməkdir. Mənim aktyordan tələbim hər bir halda onun özü olaraq qalmasıdır. Allah eləməsin ki, o, oynamağa və hər hansısa obraz yaratmağa cəhd etsin”.

Tarix sübut edir ki, bu cəhddə bulunanların heç biri böyük aktyor ola bilmədi. Tarkovskinin fikirlərinin alt qatına enəndə aydın olur ki, aktyor həm də öz rolunun rejissoru olmalıdır. O, öz xarakteri ilə oynayacağı rolun xarakteri arasındakı bağlılığı, oxşarlığı müəyyən etməli, hətta epizodik rollara da diqqətlə yanaşmalıdır. Əks halda heç vaxt ciddi uğur qazana bilməz.

Bəzən deyirlər ki, epizodik rolları oynamaq əsas rollardan qat-qat çətindir. Çünki epizodik rolların ifaçıları onlara ayrılmış qısa zaman kəsiyində bəzən bir sözlə, bəzən də adi bir baxışla yaddaşlarda qalmağı bacarmalıdır. Kino tariximizdə belə aktyorlarımız çoxdur – Ağahüseyn Cavadov, Məmmədsadıq Nuriyev, Fazil Salayev, Kamil Məhərrəmov… Hər biri ayrı ayrılıqda bir neçə obrazla tamaşaçıların məhəbbətini qazanıb. Bir də bu nəslin son nümayəndələrindən Fərman Abdullayev var idi.

“Həm ziyarət, həm ticarət”, “Fransız”, “Yalan”, “Otel otağı" kimi filmlərdə yadda qalan rolların ifaçısıdır. Böyüklərlə bərabər, uşaqların da qəlbini fəth edən sənət fədaisi.

Fərman Abdullayev 1954-cü ildə Şəkidə doğulmuşdu. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil almışdı. 1975-ci ildən professional səhnədə idi. Şəki Dövlət Teatrının aparıcı aktyoruydu.

İlk dəfə Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında diqqəti cəlb edir. Müəllifi, ifaçısı və rejissoru olduğu "Tövbə" tamaşası festivalın qalibi olur. İkinci dəfə yazdığı və rejissoru olduğu başqa bir monopyes "Hamlet" tamaşası da birincilik qazanır. Üçüncücü dəfə də qələmə aldığı "Cəllad" pyesinə görə Azərbaycanda ilk və yeganə mükafat "Sənət Fədaisi" adına layiq görülür. Bu tamaşanın rejissoru Cahangir Novruzov idi. Ancaq ilk haqsızlıqla da məhz bu festivalda qarşılaşır.

Festivalın qalibi olsa da, mükafat üçün nəzərdə tutulan məbləği ona vermirlər. Maraqlısı budur ki, Monotamaşalar festivalının təşəbbüskarı da elə onun özü idi. Əsl sənət üçün var gücü ilə çalışan Fərman Abdullayev “ilklər”ə imza atmağa davam edir. Eksperimental tamaşalar festivalında da uğurla çıxış edən aktyor öz yazdığı "Dahi" pyesi əsasında istedadlı sənət dostları ilə tamaşa hazırlayır və bu dəfə də “Qran Pri”nin sahibi olur. O bu tamaşa ilə Azərbaycana ilk dəfə pantomim janrını gətirir. Azərbaycan pantomim tarixində ilk tamaşanı o hazırlayır. Təəssüf ki, hər kəs ilk pantomim tamaşanın 1990-cı illərdə qoyulduğunu zənn edir. Halbuki Fərman Abdullayev bunu 1980-ci ildə etmişdi.

Bu tamaşanın ərsəyə gəlməsində Fərman Abdullayevə sənət yoldaşlarından əməkdar artisti Ayşad Məmmədov və Şəki Teatrının tanınmış aktyoru Xanlar Haşımzadə dəstək olurlar. Onu da qeyd edək ki, bu tamaşanın da rejissoru Fərman Abdullayev idi.

Fərman Abdullayev təkcə epizodik rolların mahir ifaçısı kimi yadda qalmır. O, “Aşkarsızlıq şəraitində", "Zirzəmi", "Ölümə dəvətnamə" kimi filmlərdə baş rola çəkilir. Eyni zamanda yüzlərlə tamaşada əsas rolların ifaçısı olur. Aktyorla bağlı daha bir maraqlı məqam da odur ki, Ceyhun Mirzəyev “Fəryad” filmini çəkəndə baş rola onu dəvət edir. Ancaq həmin dönəmdə Fərman Abdullayev başqa bir film, “Sarı gəlin”də baş rola dəvət olunmuşdu. O, seçim qarşısında qalır və “Sarı gəlin”i seçir. Burada da uğursuzluq onu tərk eləmir. Film siyasi motivlərinə görə ekrana buraxılmır.

Sovet teatrşünasları Fərmanı ampluası olmayan bir aktyor hesab edirdilər. Yəni komediyanı da, faciəni də böyük ustalıqla ifa edə bilirdi. Ona Rusiyada və Gürcüstanda xüsusi rəğbət bəsləyirdilər. Mərdan Feyzullayevin tamaşaya qoyduğu Nodar Dumbadzenin "Ağ bayraqlar" əsərindəki Zaza obrazına görə müəllif ona xüsusi təşəkkürünü bildirir. Onun haqqında tanınmış teatrşünaslar mütəmadi olaraq “Teatralnaya Jizn”, “Oqonyok” kimi dövrün məşhur jurnallarında yazırdılar.

Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülürdü. İçindəki sənət yanğısı hara getsə onu yenə də kinoya sarı çəkirdi.

2001-ci ildə rejissoru və ssenari müəllifi olduğu “Mışovul” filmini çəkir. Bu filmin də ekranlara çıxmasına kimlərsə mane olur. Sanki bu qədər fədakarlıq edən aktyora bilərəkdən haqsızlıq edirdilər. Addımbaşı çətinliklər, haqsızlıqlar, uğursuzluqlar…
Sön dövrlərdə uşaq verilişlərinin azlığını görən aktyor bu sahəyə üz tutur. Buradakı boşluğu doldurmaq üçün əlindən gələni edir və yenə də ilkə imza atır. Azərbaycanda klounada sənətinin yaradıcısı olur. Onun yaratdığı “Şurum-Burum” kloun obrazı həm uşaqların, həm də böyüklərin rəğbətini qazanır. Sübut edir ki, bu sahəyə maddi sıxıntılarına görə yox, uşaqları sevdiyi üçün, sənət yaratmaq üçün üz tutub. Əgər belə olmasaydı, ondan sonra klounluq Azərbaycanda peşəkar sənətə çevrilməzdi.

Öz uğursuzluqlarına baxmayaraq, oğlu Elvin Abdullanın rejissor kimi təcrübə qazanmasında əlindən gələni edir. Bunun nəticəsi kimi, Elvin Abdulla Azərbaycanın ilk mistik-trilleri, tammetrajlı bədii film “Xənnas”ın ideya müəllifi, quruluşçu rejissoru kimi tarixə düşür.

Təəssüflər olsun ki, oğlunun bu uğurunu Fərman Abdullayev görə bilmir. O, 5 mart 2013-cü ildə 58 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edir.

Ölümü ilə də bir ilkə imza atır. Sənət üçün canını verən ilk və son “Sənət fədaisi” kimi…


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər