21 Aprel 2019 08:17
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Qırğızıstanda “Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, hökumətin və Joqorku Keneşin (parlament) üzvləri, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, UNESCO və İSESCO-nun yüksək səviyyəli təmsilçiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan nümayəndə heyətləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanı tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov mərasimdə çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb.

Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.

Sonra çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, Oş şəhərinin üç min ildən artıq yaşı var və Böyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.

Sonda TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər