Yaponiyanın “Kyocera” şirkəti tərəfindən təqdim edilmiş smartfon su (isti və ya soyuq) və sabuna qarşı dayanıqlıdır.
Əgər smartfonunuzun cürbəcür bakteriyalar məskəni olduğunu düşünürsüzsə və bu fikir sizə rahatlıq vermirsə, o zaman “Kyocera” şirkətinin “Rafre” adlı yeni smartfonunu almağın əsl vaxtıdır. Sözügedən qurğunun əsas özəlliyi odur ki, onu isti suda sabunla yumaq mümkündür.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, 2015-ci ildə “Kyocera” şirkəti çirkdən təmizlənən “Digno Rafre” modelini buraxıb.
Cari ilin martında satışa çıxarılacaq smartfon “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 Qb daxili yaddaş, 5 düymlük “HD” ekran, 3000 milliamper/saat tutumunda akkumulyator, həmçinin 13 və 5 meqapiksellik iki kamera ilə təchiz edilib. Smartfon “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir.
Toz və sudan müdafiə sisteminə malik “Rafre” smartfonu, həmçinin toxunuş sensoru vasitəsilə reallaşdırılmış kontaktsız idarə etmə funksiyasına və qeyri-adi zəngli saata malikdir. Smartfonda, həmçinin “Kyocera” smartfonu üçün ənənəvi özəlliklər reallaşdırılıb: danışıq dinamiki yoxdur, əvəzində səsin vibrasiya ilə çıxışı, yəni “Smart Sonic Receiver” əlçatandır və cihaz zərbəyə davamlıdır.
Smartfon ağ, çəhrayı və mavi rənglərdə əlçatan olacaq. Qurğunun dəyəri hələ ki açıqlanmayıb.