4 Sentyabr 2014 15:15
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

“42 yaşlı kişinin ad günü keçirməyi ayıbdır”

Bu gün aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü Bəhram Bağırzadənin doğum günüdür. 6 ildir doğum gününü qeyd etməyən aktyor Teleqraf.com-a açıqlamasında bunun səbəblərindən danışıb: “Atam dünyasını dəyişəndən sonra ad günü keçirmirəm. Bu hal 6 ildir ki, davam edir. Başqalarına qarşı kobudluq etmək istəməzdim, bəlkə başqaları keçirirlər, amma 42 yaşlı kişi xeylağının ad günü keçirməyi ayıbdır. Mən anama gül dəstəsi hədiyyə edəcəm, gözlərindən öpəcəyəm və dua edəcəyəm ki, Allah ona ömür versin. Əslində bu gün onun bayramıdır ki, övlad dünyaya gətirib”.

Məlumat üçün bildirək ki, Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisasca rejissordur və ən böyük arzularından biri rejissor kimi film çəkməkdir. Onun sözlərinə görə, buna özünü hazır hiss edir: “Vaxt tapan kimi Natiq Rəsulzadənin kitablarını oxuyuram. İstəyirəm o kitablardan film üçün material tapım, ssenari yazım və film çəkim. Sırf Bakı mövzusunda bir film çəkmək istəyirəm”.

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkib və “Kirpi” satirik jurnalında çap olunub. O həm də rəssam və naşirdir. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir. Eyni zamanda 10-dan çox kitab nəşr edib. Bu işinə görə Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər