Atalarımızın məşhur bir deyimi var – “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”.
Heç kim qərib yerdə xəstələnmək, ölmək istəməz, amma təbii ki, bu bizim əlimizdə deyil.
Azərbaycanlı ziyalılardan kimlərin qəriblikdə vəfat etdiyini bilirsinizmi?
Axar.az həmin siyahını təqdim edir:
Zərifə Əliyeva
Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. O, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.
Müslüm Maqomayev
Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ-nin xalq artisti 25 oktyabr 2008-ci ildə Moskva şəhərində vəfat edib, Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
Səməd ağa Ağamalıoğlu
SSRİ dövlət xadimi, publisist, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü. 1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada dəfn olunsa da, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülüb.
Səttar Bəhlulzadə
Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq rəssamı.
Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Məzarı Əmircan kəndindədir.
Tamilla Mahmudova
Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti, Rusiyanın əməkdar artisti, "Şöhrət" ordeni laureatı, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru.
12 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat edib.
Cəmşid Naxçıvanski
Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri.
Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilib. 26 avqust 1938-ci ildə Lefortovo zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilib. Bu səbəblə əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilib. Elə həmin gün də hökm icra edilib.
Elmira Şahtaxtinskaya
Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Gəray Vəlibəyov
1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik. O, müharibə zamanı üç dəfə ağır yaralanıb, 3 orden və medalla təltif edilib. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M.V. Frunze adına Hərbi Akademiyaya qayıdıb. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Çingiz İldırım
Respublika Xalq Komissarları Sovetinin və MİK-in ərzaq vergisi üzrə fövqəladə müvəkkili, Naxçıvanda və Qubadlıda partiya-sovet işləri üzrə məsul təhkimçi, Dövlət Plan Komissiyasının sədrinin müavini, SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri, Azərbaycan Yükvurma Cəmiyyətinin sədri, Azərbaycan xüsusi aviakimya idarəsinin sədri vəzifələrində çalışıb. Moqnitaqorsk Metallurgiya Kombinatınin özülünü qoyub, uzun müddət kombinatın rəisi vəzifəsində çalışıb. 1936-cı ildə bu işlərinə görə ona "Lenin" ordeni verilib. Bir neçə il sonra haqqında ölüm hökmü çıxarılaraq güllələnib.
Rəşid Behbudov
Qürbətdə vəfat edənlərdən biri də dahi sənətkar Rəşid Behbudovdur. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Xatırladaq ki, bu il dekabr ayının 14-ü sənətkarın 100 illik yubileyidir.