6 Mart 16:23
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazi bütövlüyünü təmin edib və ölkə ərazisində separatizmə son qoyulub. Ona görə də, ölkə ərazisində separatizmin bütün əlamətlərinin aradan qaldırılması təbii bir haldır. Bu təkcə Azərbaycanda getmir. Dünyanın istənilən yerində separatçı rejimlər ləğv edildikdən sonra onların izləri də silinir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, 30 ildən çox Azərbaycanın bir hissəsini işğalda saxlayaraq orada “irs” yaratmaq istəyən qüvvələr məyus olmalıdır:

“Onlar bilməlidir ki, Azərbaycanın öz tarixi irsi, milli arxitekturası, gələcək nəsillərə qoyacaq mədəni sərvəti var. Separatçılıq dövründə onlar işğal altında olan ərazilərdə qatillərə heykəl qoydurmaqla süni irs yaratmaqla Azərbaycan adını bu ərazidən silməyə çalışırdılar”.

Millət vəkili bildirib ki, ölkə ərazisində bütün separatçı əməllərin qarşısı alınıb:

“Vaxtilə Xankəndidə olan qondarma rejimin parlament binası da separatizmin simvolu idi. Sökülən heykəllər heç də görkəmli tarixi şəxslərin, sülhə, əməkdaşlığa töhfə verən şəxslərin deyil, insan qatillərinə məxsus olub. Bunlar da aradan götürülür”.

Aydın Mirzəzadə hesab edir ki, başqa ölkələrin daxili işlərinə qarışmaq Ermənistanın və onun cəmiyyətinin ilk işi deyil:

“Onlar öz problemləri qurtarmadan Azərbaycan ərazisində nə baş verdiyini müzakirə etməyə çalışır. Xankəndidə görülən işlər düzgündür. Burada hər hansı simvoldan söhbət gedə bilməz. Separatizmin simvolu ilə irs arasında yerlə-göy qədər fərq var. Bundan sonra da separatçılığı təbliğ edən, onun mövcudluğunu yada salan istənilən tikili, təbliğat vasitəsi aradan qaldırılacaq”.


Müəllif: Tapdıq Qurbanlı