"Yeni qəbul edilmiş qanuna əsasən, müvafiq qurumlar minatəmizləmə prosesinə cəlb edilə biləcəklər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş əraziləri təkbaşına minadan təmizləmək iqtidarında deyil".
Bu barədə Teleqraf.com-a hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qəbul edilən Qanunu şərh edərkən deyib.
O bildirib ki, işğaldan azad olunmuş əraziləri minadan tam təmizləmək üçün uzun müddət lazımdır: "Təbii ki, bu məsələyə müvafiq qurumlar da cəlb olunmalıdırlar. Düzdür, prosesə müxtəlif ölkələrdən mütəxəssislər dəvət edilir, avadanlıqlar alınır. Kompleks işlər həyata keçirilir. Ötən il 41 nəfər mina qurbanı olub. Qanunun qəbulu bir daha onu sübut edir ki, minatəmizləmə uzun illər hökumət üçün prioritet olacaq. Baxın, zaman-zaman həm hərbi qulluqçularımız, həm də mülki şəxslər minaya düşərək həlak olurlar. Həm Müdafiə Nazirliyi, həm Dövlət Sərhəd Xidməti, həm də ANAMA tərəfindən aparılan danışıqlar bu istiqamətə yönəlib. Çünki minatəmizləmə uzun prosesdir. Məsələn, SSRİ-nin Azərbaycanda müxtəlif hərbi bazaları olub. Ölkəmiz 30 ildən artıqdır ki, müstəqillik qazansa da, bəzən müxtəlif rayonlarda belə mina aşkar edilir. Azərbaycan hökumətinin Qarabağa qayıdışla bağlı planları var. Orada məskunlaşan insanların təhlükəsizliyi təmin edilməlidir".
Ü.Cəfərov müxtəlif ölkələrin Azərbaycana minatəmizləmə məsələsində dəstək vermək istəyinə də toxunub:
"Dünən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə idi. Məndə olan məlumata əsasən, qarşı tərəf Azərbaycana minatəmizləmə işində dəstəyini təklif edib. Bu, alqışlanası addımdır. Bundan başqa, müharibə təcrübəsi keçmiş ölkələr var ki, onların da dəstəyindən yararlanmaq yerinə düşər. Hər il müxtəlif sərgilər keçirilir, görüşlər olur. Bunların hər biri vətəndaşların təhlükəsizliyi üçündür. Baxın, bu gün Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib. Onun kimi onlarla vətəndaşın təhlükəsizliyi ölkə rəhbərliyi üçün prioritetdir. Qanun da buna görə qəbul olundu".
Ekspert bir müddət əvvəl Milli Məclisdə minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilməsi məsələsinə qarşı çıxdığını bildirib:
"Daha əvvəl Milli Məclisdə mina təmizləyən zaman həlak olanlara şəhid statusunun verilməsi müzakirə olunurdu. Açığı, bu məsələ ilə bağlı fərqli düşünürəm. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan 200-dən çox şəxs var ki, onlara şəhid statusu verilməyib. Həlak olanların ailələri Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Məhərrəm Əliyevlə dəfələrlə görüşüblər. Ancaq nəticə yoxdur. Döyüş zamanı həyatını itirənlərlə xidməti vəzifələrin icrasında həlak olanlar arasında fərq qoyulmalıdır. Onlara şəhid adı yox, müəyyən imtiyazlar tanına bilər. Bu addım şəhid anlayışının uca tutulması baxımından atılmalıdır".