29 Mart 09:05
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Aprelin 5-də Brüsseldə Avropa Birliyi-ABŞ-Ermənistan konfransı keçiriləcək. Artıq rəsmi Bakının etiraz etdiyi bu toplantıda məqsəd nədir? ABŞ və Avropa Birliyinin Ermənistanla bağlı hansısa birgə tədbirindən danışılır.

- Əslində, bunda təəccüblü bir şey görmürəm. ABŞ də, Avropa Birliyi də öz ampluasındadır. Əsas məqsədləri təzyiqlə Azərbaycanın Rusiyaya münasibətini tam dəyişməkdir. Yəni Azərbaycanın Ermənistanın hazırda tutduğu mövqeni tutmasını istəyirlər. Azərbaycan buna gedə bilməz. Çünki Azərbaycan 2022-ci ilin fevralında Rusiya ilə 43 bəndlik bəyannamə imzalayıb.

Azərbaycan həmişə öz imzasına sadiq olan, öz iradəsi ilə hərəkət edə bilən dövlətdir. Biz “qonşularla sıfır problem” strategiyasını həyata keçiririk. Yəni kimsə bizi məcbur edə bilməz ki, hansısa qonşumuza qarşı onun maraqlarına uyğun hərəkət edək. Azərbaycan öz milli maraqlarına uyğun hərəkət edir. Amma bu, nə ABŞ, nə də Avropa Birliyinə yaraşır.

Digər yandan, ABŞ həqiqətən də dünyadakı hegemonluğunu itirmək üzrədir. Nə günə qalıblar ki, küçədən birini gətirib Ermənistanın başında oturdub, onun əliylə də Qafqaz siyasətini yürütmək istəyirlər. ABŞ Rusiyanın 200 il əvvəl qəbul etdiyi doktrinaya uyğun hərəkət etmək istəyir. O zaman Azərbaycanı iki yerə bölmüşdülər. Bundan sonra erməni adlı bir tayfanı gətirib Qafqazda ona dövlət yaratdılar. Hazırda bu strategiyanın işləməsi mümkün deyil. Nə ABŞ-nin Rusiya qədər imperiya təcrübəsi var, nə də öz hegemonluğunu yeridə biləcək.

Avropa Birliyinə gəlincə, “həftəbecər qurum”dur. Heç nəyi yoxdur, nə olduğu bilinmir, xəşil kimi bir şeydir. Bu “xəşil”i bişirən də ABŞ-dir, başında duranlar da Ursula fon der Leyen, Şarl Mişel və digərləridir. Bunların hamısı boş cəhdlərdir, heç nə edə bilməzlər. Aprelin 5-də heç nə olmayacaq. Amma onu deyə bilərəm ki, 5 aprel Ermənistan üçün Gürcüstan və Ukraynanı bu yerə gətirib çıxaran taleyin ilk günü olacaq. Proses həmin gün başlayacaq.

- “Birgə tədbir” dedikdə nə nəzərdə tutulur? Bakı bunun hərbi, Vaşinqton iqtisadi xarakterli olduğunu bildirir.

- Əlbəttə, Amerika gəlib burada müharibə edən deyil. Amerika həmişə müharibədən qorxub. Hərbi tədbirlər olmayacaq. Onları Ukraynada görmüşük. Əlli milyonluq Ukraynanı məhv ediblər. Onu ərazisinə görə Avropanın ən böyük dövlətindən ən kiçik dövlətinə çevirdilər. Avropa Birliyi və ABŞ-nin də marağı o idi ki, Fransadan güclü, ərazisinə görə Almaniyadan böyük olmasın. Zelenski də onların layihəsidir, bu şoumen Ukraynanı bir dövlət kimi məhv elədi.

ABŞ və Avropa Birliyinin Qafqaz siyasəti sırf iqtisadi maraqlarla bağlıdır. Çox ağılsız çəkildə Çinin böyüməsinin qarşısını almaq istəyirlər. Çünki Çin Avropaya başqa yol yox, Azərbaycan üzərindən çıxmaq istəyir. Qərbin Zəngəzur dəhlizinə münasibəti ona görə belə sərtdir. Məsələni aparıb Turana bağlayırlar. Turan indi daha çox Çinə lazımdır, o da bunu edəcək. Azərbaycan da öz məqsədinə çatacaq.

İndi ABŞ-nin nə Rusiya, nə də Çinə gücü çatır. Görün nə günə qalıblar ki, öz planlarını Ermənistanın əliylə həyata keçirmək, Azərbaycana da təzyiq göstərmək istəyirlər. Başa düşmürlər ki, bu dəfə elə şeylər olmayacaq, “Dəmir yumruq” yerindədir.

- Keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyan qondarma qurumun fəaliyyətini İrəvanda davam etdirdiyini söylədi. Şahramanyana cavab verən Nikol Paşinyan belə bir “hökumət”i tanımadığını dedi və onu “sayğısız” adlandırdı. Sizcə, baş verənlərin izahı necədir?

- Hərdən Paşinyanın başına “yumruq” dəyəndə çox ağıllı fikirlər söyləyir. Həmin fikirlərdən biri də budur. Ümumiyyətlə, adam gecələr yaxşı yatanda ağlına da yaxşı fikirlər gəlir. Təəssüf ki, o, Avropanın layihəsidir.

Yenidən gündəmə gələn bu məsələ başqa bir məsələylə üst-üstə düşdü, bu da İranla bağlıdır. İran martın 10-da Azərbaycana böyük bir xəyanət elədi. Tehran 1993-cü ildə tarixin zibilliyinə atılmış Ələkrəm Hümbətovun “yer”inə başqa bir adamı təyin edib. Bu adam guya talışların adından, olmayan bir qurumdan danışır: “Talış-Muğan Respublikası”. Adamın da adı Boris Talışinskidir, Almaniyada yaşayır. Bu adam yaxınlarda İranda olub, özü də Şahramanyanla eyni mövqedən çıxış edir.

Adam Azərbaycanın dövlət quruluşu və Konstitusiyasına qarşı çıxır. Boris də Samvel kimi fikirləşir ki, guya “mühacirətdə olan hökumət”dir. Moskvada olan başıxarab bir jurnalist boğazını cırır ki, guya “Azərbaycanda talışların hüquqları pozulur”.

Özləri də etiraf edirlər ki, talışlar bunları qəbul etmirlər. Birinci və İkinci Qarabağ müharibələrində talışların Azərbaycana sədaqətləri çox yüksək qiymətləndirilir. Belə bir qondarma məsələ yoxdur. Özünü “müsəlman dövləti” adlandıran İran separatçılıqla məşğuldur. İran elə çox istəyirsə, Rəşt böyük bir ərazidir, “Talış-Muğan Respublikası”nı orada yaratsın. Adını “Talış-İran Respublikası” da qoya bilər, Borisi də aparıb “prezident” eləsin. Yəni Şahramanyanla Boris Talışinski eyni adamdır. İndi Ələkrəm Hümbətov ölüb, hardansa bir Boris tapıb yerinə onu qoyublar.

Şahramanyanın mövqeyi ilə Boris Talışinskinin mövqeyi üst-üstə düşür. Bu dəfə də bütün bu proseslərin arxasında yenə də İran və Rusiyanın bəzi dairələri durur. Azərbaycan Xarici İşlər Nazirliyi belə separatçı fəaliyyətlərinə görə İrana nota verməlidir, onun səfiri dəvət olunmalıdır. Rusiyaya da nota verilməlidir, Moskvada fəaliyyət göstərən separatçı telekanal qapadılmalıdır.

Dünya və Moskvada yaşayan azərbaycanlılara artıq müraciət eləmişəm. Xahiş eləmişəm ki, Azərbaycanın bütün ziyalıları iradələrini ortaya qoymalıdır. Təkcə media yox, Milli Məclis, Xarici İşlər Nazirliyi də bu işin üstünə getməlidir.

Açığı, İranın bəzi dairələri qudurublar. Təkcə Azərbaycanın daxili işlərinə qarışmırlar, burada dövlət quruluşunu dəyişdirmək istəyirlər. Adam açıq şəkildə dilə gətirir ki, İranda ona belə deyiblər. Bir sözlə, Şahramanyanla Boris Talışinski arasında heç bir fərq yoxdur. Əlbəttə, Azərbaycan dövləti ayıq-sayıqdır, heç bir pozucu keçidə imkan verilməyəcək.

- Dörd kəndin Azərbaycana qaytarılacağını açıqlayan Paşinyan Ermənistanda daxili təzyiqlərlə üzləşib. Revanşistlər və kilsə buna imkan verməyəcəklərini iddia edirlər. Belə bir durumda proses necə cərəyan edəcək?

- Paşinyan bunu etmək məcburiyyətindədir. Təkcə 4 kənd deyil, o istiqamətdə bizim 3 ankavımız da var. Bu anklavlar 1980-ci illərdə Qazax rayonunun əraziləri qanunsuz şəkildə ermənilərə verildikdən sonra yaranıb. Azərbaycan anklavları öz xoşuna yaratmayıb, SSRİ qeyri-qanuni şəkildə verib. Həmin 4 kənd isə Azərbaycan sərhədinə bitişikdir, mütləq geri alacağıq. Bundan sonra anklavlar məsələsi qarşılıqlı şəkildə hansısa formada həll edilə bilər. Ermənistanın bundan başqa şansı yoxdur: ərazilərin hamısı qaytarılmalıdır.

Ermənilərin ağılları başlarında olsa, bu məsələnin dinc həll yoluna gedəcəklər. Əks halda Zəngəzur və Göyçə məsələləri gündəmə gələ bilər. Ermənilər əsassız iddialarını davam etdirsələr, biz də burada tarixi ədaləti bərpa edəcəyik. Heç nə də edə bilməyəcəklər. Göyçə və Zəngəzur 1921-1929-cu illərdə qanunsuz şəkildə Ermənistana verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadratkilometr olub. Azərbaycan Respublikası da o cümhuriyyətin hüquqi varisidir. Ermənilər fikirləşsinlər ki, İran ətrafındakı 9 min kvadratkilometrlik bir ərazi ilə qala bilərlər, o 20 mini geri alacağıq.

- Sülh müqaviləsinin taleyi necə olacaq? Son gəlişmələr fonunda bu haqda çox az danışılır.

- Əslində, baş verənlər göstərir ki, sülh müqaviləsinin imzalanması indi daha realdır, nəinki əvvəlki dövrlərdə. Çünki divar qurtarıb, Ermənistanın geri çəkilməyə yeri yoxdur.

Paşinyanı başa salırlar ki, Azərbaycanla münasibət qurmasan, sabah müharibə olacaq və Azərbaycan öz məqsədlərinə çatacaq. Hesab edirəm ki, Paşinyan bunu başa düşür. Reallığı qəbul etməlidirlər, başqa yol yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu