"Göyçayda zəhərlənənlər Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridir".
Bu barədə Teleqraf.com-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tələbələrin vəziyyəti hazırda normaldır.
“Zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridir. Bizdə olan ilkin məlumata görə, tələbələr evdə axşam saatlarında yedikləri qidadan zəhərləniblər. Məsələylə bağlı araşdırma başlanılıb. Dəqiq səbəb araşdırma nəticəsində aydın olacaq. Tələbələrin vəziyyətləri isə yaxşıdır. Ciddi problem yoxdur. Bu gün imtahanları olub, hər biri imtahanda iştirak edib. Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Göyçay rayonunda beş tələbə qız zəhərlənib.
TƏBİB-in məlumatına görə, yanvarın 21-i saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.