“Donald Tramp sövdələşmələr istəyir. Cənubi Qafqazda bir mümkün sövdələşmə var ki, bu da Azərbaycan və Ermənistan arasında sülh sazişidir.
Tramp məsləhətçilərinə qulaq asarsa, bu, onun üçün cəlbedici layihə ola bilər”.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza “Exo Kavkaza” radiosuna müsahibəsində deyib.
O, ABŞ prezidentinin Cənubi Qafqaza diqqət edib etmədiyindən məlumatlı olmadığını vurğulayıb.
“Onun bəzi məsləhətçilərini tanıyıram. O, regionu əlbəttə ki, çox yaxşı bilir. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə məsləhətçilərinin onu bölgəyə diqqət verməyə inandırmasıdır. Hesab edirəm ki, bu mümkündür”, - M.Brayza söyləyib.
Ekspertin sözlərinə görə, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinə nail olmağı çox ciddi şəkildə istəyirlər və onlar buna hazırdırlar.