Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər keçirilir.
Müdafiə Nazirliyindən Teleqraf.com-a məlumata görə, səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilir.
Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.