7 İyul 2014 16:24
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillərin park etməsi ilə bağlı qiymətlərdə endirim ediləcəyi gözlənilir. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsnə (XTAİ) istinadla məlumat yayılıb.

Məlumatda bildirilir ki, müvəqqəti avtomobil duracaqlarında plastik kartlarda ödəniş etmək də mümkün olacaq. Bununla əlaqədar parkomatlarla uyğunlaşdırılma işləri aparılır: “Uyğunlaşdırılma prosesi iyul ayında öz həllini tapacaq. Yəni sürücü adi avtomobil kartı ilə də müvəqqəti duracaqlarda quraşdırılan parkomatlarda müvafiq ödəniş edə biləcək. Bundan başqa parkomatların bəzi mərkəzi hissələrində qiymətlərin endirilməsi nəzərdə tutulub.

Məsələn, “28 may” metrosunun ətraf ərazisində yaradılan müvəqqəti dayanacaqlarda avtomobilin saxlanmasına görə tətbiq edilən qiymətlərin aşağı salınması gözlənilir. Yəni adıçəkilən ərazidə müvəqqəti dayanacaqların 1 saata görə qiyməti 50, hətta bəzi ərazilərdə 30 qəpik olacaq”.

Avtoparka aylıq abunə haqqı 50 faiz endirilib

Məlumatı dəqiqləşdirmək məqsədilə əlaqədar bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Həsən Abdullayev bildirdi ki, XTAİ-də bəzi qiymətlərdə endirimlər edilib. İdarə və müəssisələrin avtomobillərinə yaxınlıqdakı üstübağlı yeraltı dayanacaqlarda 50 faiz güzəşt nəzərdə tutulub. Bir iş vaxtı, yəni 12 saat avtomobil saxlamaq əvvəl 2 manat idisə, hazırda 1 manatdır”.

Fərdi olaraq hansısa bir ərazidə qiymətlərin endirilməsinə gəlincə, Həsən Abdullayev dedi ki, Bakı şəhərində avtodayanacaqların zonalara bölünməsi ilə əlaqədar qiymətlərdə fərq var, amma bunun qiymət endiriminə aidiyyəti yoxdur: “Avtodayanacaqlarla bağlı Bakı şəhəri 3 zonaya bölünüb. Mərkəzi hissədən başlayaraq birinci zonaya daxil olan ərazilərdə avtodayanacaqların 1 saatının qiyməti 1 manat, ikinci zonada 50 qəpik, üçüncü zonada isə 30 qəpikdir. Sadəcə, mövcud qiymət hansısa bir əraziyə tətbiq edilə bilər.

Hazırda ikinci zonada quraşdırılma işləri aparılır, bu işlər başa çatdıqdan sonra bəlli olacaq ki, ikinci zonanın sərhədlərinə hansı ərazi daxildir. Amma konkret olaraq bəri başdan demək mümkün deyil ki, “28 May” metrosunun ətraf ərazisi III zonaya daxildir ki, bu da qiymət endirimi deyil. Yəni müəyyən edilən mövcud ərazilərə bu qiymətlər tətbiq edilə bilər”.

NİİM-in təklif etdiyi müvəqqəti duracaq yerinin çoxu məqsədəuyğun deyil

Mövzu ilə əlaqədar ötən yazımızda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilmişdi ki, NİİM 2 il müddətində paytaxtın 185 küçə və prospektində araşdırmalar apararaq paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yeri müəyyənləşdirib və Bakı Şəhər İcra Hakimiyyətinə təkliflə müraciət edilib. Parklanmada təklif edilən 288 müvəqqəti duracaqda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq. Bir avtomobil üçün eni 2,75 metr, uzunluğu 6,10 metr olan standart yer nəzərdə tutulur. NİİM-dən verilən məlumata görə, icra hakimiyyəti ilə bununla bağlı müzakirələr də aparılıb.

Həsən Abdullayev dedi ki, NİİM-in müəyyənləşdirdiyi həmin dayanacaqların bir çoxu şəhərdə aparılan tikinti və paytaxtın yeni layihələndirməsi ilə əlaqədar məqsədəuyğun deyil.

Bakıda 1300 müvəqqəti dayanacaq yeri olacaq

İdarə rəisi dedi ki, hazırda Bakı şəhər İcra Hakimiyyəti müvəqqəti dayanacaq yerlərini təyin edir. İlin sonuna qədər 1200-1300 yer təyin olunacaq.

İdarə rəisi onu da bildirdi ki, bütün bunlar yeni icrasına başlanan “Müvəqqəti sığınacaqların Bakı şəhərində tətbiqi” layihəsində öz əksini tapıb: “Məqsəd yollarda avtomobil sıxlığının və tıxacların aradan qaldırılması, piyadaların hərəkətinin asanlaşdırılmasıdır. Layihənin tərkib hissəsinə parkomatlarda kartlarla, internet üzərindən və nəqd ödəniş də daxildir. Layihə müəyyən həcmi alanda hansı parkomatlarda kart sisteminin tətbiq olunması ilə bağlı avadanlıqlar quraşdırılacaq. Hazırda bu istiqamətdə də testlər aparılır”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər