28 Fevral 2017 12:50
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib.

Konqresin V Qurultayına Avropanın 27 ölkəsindən 87 nümayəndə qatılıb.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova qurultayı açıq elan etdi.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra qurultay öz işinə başladı.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxudu.

Müraciətdə Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayının təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr təkcə hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirib, qurultayın işinə uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən Prezidentin köməkçisi deyib: “Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”.

Sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Sərəncamı ilə yüksək dövlət orden və medallarına, fəxri adlara layiq görülmüş Konqres üzvlərinə mükafatlar təqdim olundu.

Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK-ın prezidenti Samira Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verdi.

Daha sonra Mandat Komissiyasının hesabatı dinlənildi.

Belarusun Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Niderland Krallığının Nord Holland əyalətinin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycanlıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini və təkliflərini səsləndirdilər.

Çıxışlardan sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edildi, AAK-a yeni üzvlər qəbul olundu.

Qurultay iştirakçıları, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatın mətnini müzakirə edərək qəbul etdilər.

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olundu.

Qurultayın yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirildi, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olundu. Samira Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçildi.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçildilər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiyanın “OTDO” hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçildilər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu yol qət etdiyini vurğuladı.

Nazim İbrahimov qeyd etdi ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi, bundan sonra da dəstək göstərəcək. Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyi fəal işləməlidir.


Müəllif:

Oxşar xəbərlər