75 yaşını sənət dostlarının, yaxınlarının əhatəsində uzun illər çalışdığı “Azərbaycanfilm” kinostudiyasında qeyd etdi. Birgə işlədiyi insanların əhatəsində, orda olan, olmayan neçə-neçə insanlarla bağlı xatirələrin ağuşunda..
İnanın, ona qətiyyən o yaşı vermək olmaz. Onunla söhbət edəndə şux, enerjili, gülərüz, gözəl bir aktrisa dayanır qarşında. Və sən ondan nələr-nələr soruşa bilərsən. Di gəl ki, zamanın az. Bəs o xanım kimdir? O hər bir azərbaycanlının yaddaşında “Dəli Kür”ün Cahandar ağasının Mələyi kimi qalan əməkdar artist Zemfira Sadıqovadır.
Teleqraf.com sevimli aktrisamızla olan söhbəti təqdim edir.
Mələkdən qalan peşmançılıq
“Mən “Dəli Kür” filmində yaratdığım Mələk obrazı ilə məşhurlaşmışam. Bu, doğrudur. Amma orda çəkildiyim çox səhnələrim kəsilmişdi. İri planlarım demək olardı ki, yox dərəcəsində idi. Allah rəhmət eləsin, Salatın obrazının ifaçısı Reyhan Müslümova üçün bir səhnə çəkilmişdi, halbuki o səhnə ssenaridə yox idi: Şövkət Ələkbərovanın oxuduğu musiqi sədaları altında Reyhan gecə vaxtı ay işığında gəzişir. Təsəvvür edin ki, bu səhnə filmdə beş dəqiqə çəkir. Adil İsgəndərov filmə baxdı və dedi: “Qadam, Gülağadan başqa daha iki nəfər filmdə oxuyur, bu lap hind filmi oldu ki?”. Ona görə Reyhanın o səhnəsini kəsdilər. Filmdə mən əsasən ümumi və orta planlarda görünürəm. Bir səhnəm var idi, başımda yük kəndin içi ilə gedirəm. O zaman da Elza Triolenin məşhur kitabında qəhrəmanın təsvir olunan yerişinə vurulmuşdum: gəzəndə yubkası ayağının altında dolaşır. Həmin səhnədə o təsiri yaratmağa çalışdım. Ümumiyyətlə, filmdə çəkiləndə rolumla bağlı heç kim mənə heç nə deməmişdi, nə etmişəmsə, özüm etmişəm. Rejissor sonra başa düşdü ki (“Dəli Kür” filminin rejissoru Hüseyn Seyidzadədir- N.M), mən onun dediyi yolla getməyəcəm, istəmirdi məni çəksin. Ona görə də mənim iri planlarım demək olar ki, yox idi. Yalnız Adil müəllimin sayəsində bir- iki səhnəmdə iri planda verilib: onlardan biri paltarımı cıran yerdə çəkilən kadr idi. Çox heyifslənirəm ki, o filmi kitabdakı kimi çəkmədilər. Halbuki, film iki seriyalı, rəngli, özü də Rasim İsmayılovun quruluşunda çəkilsəydi, tamam başqa, yüksək səviyyəli film olardı”.
Gözəl qadın olasan, çəkilməyəsən?
“Rolun böyük-kiçiyi yoxdur. Heç uzağa getməyək, “Alma almaya bənzər” filmində rolum gərəyi alma yeyirəm. Amma o almanı elə yeyirəm ki, yadda qalır. Yəni rolun yox, aktyorun böyüyü, balacası var. Mən çox baş rollar oynamamışam, çünki çəkməyiblər. Buna səbəb də ağa ağ, qaraya qara deməyim idi. Ona görə ki, mən onların dediyi yolla getmədim. Mənim həyat yoldaşım, iki övladım var idi. Birinci növbədə ana idim, mənim namusun, qeyrətim üstümdə idi, elə bu günə qədər də, bu, barədə mənə heç kim heç nə deyə bilməz. Bir adam çıxıb qabağıma bir söz deyə bilməz ki, sən düz demirsən. İndi nənəyəm, nəvələrim, nəticələrim var”.
O və onlar kimlər idi?
“Bu sənətə gəldiyimə görə həyatımın müəyyən dönəmlərində peşmanlıq hissi keçirmişəm. Ailəm aktrisa olmağımı istəmirdi. Bakı Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alırdım, amma içimdə hər zaman aktrisalıq yanğısı var idi. Köçülürmə yolu ilə Teatr İnstitutuna gəldim. Məni çox nəhəng sənətkarlar imtahan etdilər, onların içərisində Adil İsgəndərov, Məlik Dadaşov, Müxlis Canızadə, Rahib Hüseynov var idi. Mənə dedilər ki, bizim kino sizin kimi aktrisalar üçün ağlayır.
Adil İsgəndərovun vaxtında kinostudiyaya gəldim. Daha doğrusu, məni o bu ocağa gətirdi. Cəmil Əlibəyli kinostudiyanın direktoru olandan sonra az qala məni işdən çıxarırdı. Çünki mən onun dediyini eləmədim. Bu elə bir şeydir ki, onu danışmaq, mətbuata çıxarmaq olmaz. Cəmil iclas keçirdi, orada Eldar Quliyev, Həsən Turabov və digərləri var idi, hamının yanında məni “yararsız aktrisa” kimi işdən çıxartmaq istədiyini bildirdi. Yusif rəhmətə getmişdi, iki uşaqla qalmışdım, iclasda ağladım, dedim ki, mənim axı başqa sənətim yoxdur, uşaqlarımı necə saxlayım? Yəqin ki, orda oturanlar icazə vermədi ki, Cəmil məni işdən çıxartsın. Ya mənim, ya da yoldaşımın xətrinə mən ştatda qaldım və işlədim. Ondan sonra bir çox filmlərə çəkildim. Əfsuslar olsun ki, baş rola çəkmədilər. Kim məni baş rola çəkmək istəyirdisə, Cəmil imkan vermirdi. Bir dəfə Həsən Seyidbəyli dedi ki, səni baş rola çəkəcəm. Onda Cəmil iclasda dedi ki, bu rolu oynamağa Zemfiranın potensial imkanı yoxdur. Beləcə, o neçə filmlərə qoymadı ki, mən çəkiləm. Yeganə Oktay Mir Qasım kişi kimi sözünün üstündə dayandı. “Anlamaq istəyirəm” filmi çəkiləcəkdi, Cəmil yenə iclasda mənim haqqımda mənfi rəy bildirəndə Oktay dedi ki, Cəmil müəllim, mən Zemfiranı “Gecə söhbətində” çəkmişəm və onun necə aktrisa olduğunu bilirəm, potensial imkanına inanıram. “Və mən o rolu məhz Zemfira xanım üçün yazmışam. Ondan başqa heç kimi çəkmək istəmirəm”, dedi və çəkdi, sağ olsun.
Beləcə, hər zaman çox haqsızlıqlarla, filmlərdə kadrlarımın kəsilməsi halları ilə qarşılaşdım. “Bağ mövsüm”ündə Tofiq Tağızadə öz qızlığına kadrlar çəkdiyinə görə, mənim filmdəki kadrlarımı azaltmışdı. Həmişəki kimi...(gülür) Kəsilən kadrlarım üçün rejissorlara heç nə demirdim. Allah desin, mən niyə deyirəm. Mənə nəyi veribsə, onu səmimi oynamışam. Çox nizam-intizamlı aktrisa olmuşam. Ümumiyyətlə, həyatda nizam-intizamı çox sevən adamam. Kaprizli aktrisa olmamışam, hər zaman demişəm ki, aktrisayam, ssenaridə necə yazılıbsa, elə də oynamalıyam. Özümə və bacarığıma layiq oynamalıyam. Mənim “Dəli Kür”dəki bəzi səhnələrim o zaman üçün böyük cəsarət tələb edirdi. Hətta rejissor əvvəl elə bilirdi ki, çəkilməyəcəm. Əgər açıq-saçıq səhnələr kinoda özünü doğruldursa, onu heç görmürsən, təbii qəbul edirsən. Amma çox şit, əttökən, iyrənc açıq-saçıqlıq insanda əlbəttə ki, ikrah hissi oyadacaq. Əksər filmlərimiz var ki, aktrisalarımız çox açıq-saçıq çəkiliblər, halbuki filmin əhatə etdiyi dövrə diqqət yetirsək görərik ki, belə şeylər olmazdı. Adlarını çəkmək istəmirəm. Bu səhnələri kinoda düzgün istifadə etmək üçün həm rejissorda, həm də aktyorda ağıl olmalıdır”.
“Yusif məni buraxmadı”
Zemfira xanımla söhbət edəsən və Yusif Vəliyevi və onların bir-birinə olan sevgisini xatırlamayasan, bu əlbəttə ki, günah olar. Zemfira Sadıqova ilə qadınların sevimli aktyoru Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrında tanış olur. O zaman Zemfira xanımın ilk evliyindən bir oğlu, Yusif Vəliyevin isə iki övladı var idi. Aralarında 22 yaş fərq olmasına rəğmən, onların münasibətləri bir ayın içində qurulur: “Mən teatra gələndə Yusifin teatrdakı aktrisalardan biri Sona Pirverdiyevadan ayrıldığını bilirdim. Sona onun ikinci həyat yoldaşı idi. Bir dəfə eşitdim ki, Yusifin birinci arvadı sağdır, amma xəstədir. Həmin xanım Yusifdən 12 yaş böyük idi və ondan iki qız övladı var idi. O zaman Yusiflə evlənməmişdik, amma yaxınlıq edirdik. Birinci yoldaşının sağ olduğunu biləndə ayrılmaq qərarına gəldim. Həmin vaxtlar məni İrəvan Teatrına dəvət edirdilər . Getdim ora, üç ay həmin teatrda işlədim. Amma sonra yəqin ki, Yusifin təkidi ilə Şamil Mahmudbəyov məni “Torpaq, dəniz, od, səma” filminə dəvət etdi. Mən kinoya çəkilmək istədiyimə görə gəldim və sonra Yusif məni buraxmadı. O məni, mən də onu sevirdim, baxmayaraq ki, aramızda çox böyük yaş fərqi var idi”.
Onsuzluq
“Yusif çox qürurlu idi. Mən ona deyəndə ki, belə bir film çəkilir, bəlkə kiməsə deyəsən ki, məni çəksin. Deyirdi ki, mən o adam üçün ağız açaram ki, onun qabiliyyəti olmasın, xarici görünüşü oynamağa imkan verməsin: “Axı, Allah sənə hər şeyi verib, mən necə gedim deyim ki, yoldaşımı kinoya çək”. Onu itirəndən sonra dana buzun üstündə necə qalırsa, mən də elə qaldım. Amma həyat davam edir. O rəhmətə gedənə qədər mən çörəyin qiymətinin neçə olduğunu bilməmişəm. Amma sonra hər şeyi öyrəndim. Allah kömək elədi, iki övladımı oxutdum, indi də nəvələrimə baxıram. Həyat öyrədir və hər zaman davam edir. Əlbəttə, Yusifi itirmək böyük itki idi. Hamı bilir ki, onu dünyalar qədər sevirdim. Ondan başqa heç kimi o qədər sevməmişəm, sevə də bilməzdim. O sevgini Allah adama ömürdə bir dəfə verir. O da şükür Allaha mənə nəsib olub. 15 il yaşadıq, amma bəlkə də çox yaşayardıq, əgər bizim yaxşı həkimlərimiz olsaydı. Çox tez getdi bu dünyadan. Birdən-birə oturduğu yerdə gözlərini yumdu”.
Ad alandan sonra
“2007-ci ildə əməkdar artist adını alandan sonra yeddi filmə çəkildim. 2013-cü ildə iki qısametrajlı “Bazar günü”, “Dmityev küçəsi, ev 86” filmlərinə çəkildim. Elə həmin il Fikrət Əliyevin quruluş verdiyi “Sonuncu dayanacaq” filmində baş rolu - Lətifəni canlandırdım. Üç bir-birindən fərqli obrazlar, yaşıma uyğun idi. Lətifənin həyatı baş tutmayıb, gənc yaşlarında canından artıq sevdiyi insandan ayrılıb. Qız heç kimə ərə getməmiş, oğlan da evlənməmişdi. Həyat elə gətirir ki, ömürlərinin axında – axırıncı dayanacaqda- qocalar evində bir –birilərinə rast gəlirlər. Filmin çəkilişləri çoxdan bitib, amma nə vaxt ekrana çıxacaq məlum deyil. Çəkildiyim “Dmityev küçəsi, ev 86” filmini də qeyd etmək istəyirəm. Rejissor Cəfər Axundzadənin çəkdiyi film qısametrajlı film olsa da, çəkilişləri çox ağır keçdi. Yeddi gecə o filmə çəkilmişəm, axşam 7-də evdən çıxıb, səhər 9-10-da evə gəlirdim. Bir çox rejissorlarla işləmişəm, amma Cəfər Axundzadə kimi hər bir sözə müdaxilə edən rejissor görməmişəm. Bütün film söz üzərində gedir. Amma bununla yanaşı dinamik filmdir. Özüm böyük həsrətlə o filmi gözləyirəm. Çünki orda çatışmayan şeylər var, ola bilsin bunları tamaşaçılar heç hiss etməsinlər də. Sadəcə, mən onları yaşadığıma görə bunu əminliklə deyirəm. Çəkilişlər zamanı üzümü natəmiz şəkildə qrim etdiklərinə görə əməlli-başlı diksindim, üzüm şişdi, yara əmələ gəldi. Təsəvvür edin ki, o vəziyyətdə çəkilirdim. Rekvizitor işini lazımı şəkildə görə bilmirdi: sırğalarımı qoyub sumkama, mənim də bundan xəbərim yox. Sırğasız da çəkildim. Nə qədər həyəcan keçirirəm, bilsəniz. Tamaşaçı deyəcək ki, bu səhnədə sırğası var, o birisində yoxdur. Sovet dövründə belə şeylər olmazdı. Bir qrim rəssamı var idi, Beliznikov. O əsl rəssam idi. Qrim –rəssamı aktyorun üzünə diqqətlə baxıb, çatışmayan hissələri düzəlməyi bacarmalıdır. Bilirsiniz, nə ilə məşğul olursan ol, gərək peşəkar olasan. Sevinirəm ki, filmlərə çəkilirəm. Çünki yaşıma baxmayaraq çəkilmək, yaşamaq, sənətdə öz sözümü demək istəyirəm”.
Nərmin Muradova