20 Fevral 2018 22:45
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində bir qrup Xocalı sakininin Türkiyəyə səfəri təşkil olunub.

Bu barədə Teleqraf.com-a özəl açıqlamasında səfərdə iştirak edən Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O qeyd edib ki, fevralın 19-dan başlayan səfərdə ümumilikdə 7 nəfər iştirak edir:

“Heyətə məndən başqa 6 nəfər daxildir. Bunlar şəhid ailələrinin üzvləri, vaxtilə əsir, yaxud girov götürülmüş, yəni o hadisələri yaşamış insanlardır. Hazırda Türkiyənin paytaxtı Ankaradayıq. Türkiyə Böyük Millət Məclisində olacağıq. Məclisdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı dinləmələr keçiriləcək. Bundan başqa Türkiyə televiziyalarında, digər media orqanlarında və universitetlərində olacağıq. Ankaradan başqa yaxın ətrafda da görüşlərimiz nəzərdə tutulub.

Qızılcahamam adlanan yerdə Azərbaycan dövlətinin köməkliyi ilə Xocalı muzeyi yaradılıb, Xocalı abidəsi var. İctimaiyyət nümayəndələri, rəsmi şəxslər, millət vəkilləri ilə çoxsaylı görüşlərimiz planlaşdırılıb. Məqsədimiz Qarabağ həqiqətlərini, Xocalı soyqırımına dair gerçəklikləri çatdırmaq, yaymaq və türk qardaşlarımızı həmrəyliyə çağırmaqdır”.

Deputat qeyd edib ki, Xocalı sakinlərinin Türkiyəyə aparılması təşəbbüsü ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin rəhbəri Hüseyn Böyükfırat çıxış edib:

“Təbii ki, o, bizim ölkənin müvafiq qurumlarının rəhbərliyi, o cümlədən Türkiyədəki səfirliyimizlə birgə, məsləhətli işləyir. Yəni, bir vətənpərvər insan kimi təşəbbüs göstərir. Türkiyəyə gələn xocalıların müəyyən məsrəflərinin qarşılanmasında, yol xərclərinin ödənilməsində ürəyindən keçən köməkliyi göstərir. Bu o demək deyil ki, Azərbaycan dövlətinin imkanı, gücü yoxdur. Sadəcə olaraq o insan özü bunu etmək istəyir. Görüşlərdə, proqramların əksəriyyətində onun özünün də iştirakı nəzərdə tutulub. Bu, təbii ki, alqışlanmalıdır”.

E.Məmmədov əlavə edib ki, qrupun səfəri nisbətən tez başa çatacaq:

“Mənim ayrı dəvətim də var. Ona görə də qalmalı olacam. Fevralın 26-27-də Türkiyədə Yıldırım Bəyazid Universitetində Xocalı soyqırımına həsr olunmuş beynəlxalq simpozium keçiriləcək. Həmin simpoziumda da mən və Bakıdan gələcək rəsmi şəxslər iştirak edəcəklər. Xocalı soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı sərgilər olacaq. Yəni, geniş proqramdır və ayın 28-dək davam edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər