Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Akademiyanın müəllim və tələbələrinin iştirak etdiyi tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov Xocalı faciəsinin Azərbaycan xalqının tarixində dərin iz qoyduğunu, həmin gecə baş verən hadisələrin hər zaman kədərlə xatırlanacağını vurğulayıb.
İsmayıl Ələkbərov uşaqlara, qadınlara, qocalara qarşı törədilən vəhşiliklərdən bəhs edib, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyətinə bütün reallıqları ilə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Akademiyanın I kurs tələbəsi, əslən Xocalıdan olan Mülayim Rüstəmova faciənin səbəblərini, həmin dövrdəki vəziyyəti, eləcə də ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını özündə əks etdirən təqdimatla çıxış edib.
Daha sonra akademiyanın müəllimi Müzəffər Qurbanlı, Karyera bölməsinin böyük mütəxəssisi Rəşad Zeynalov və digər çıxış edənlər bildiriblər ki, bu, yalnız Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı deyil, həm də bəşəriyyətə qarşı yönəlmiş vandalizmdir. Çıxışlarda o da qeyd edilib ki, Xocalı faciəsinə ilk dəfə dahi rəhbər Heydər Əliyev tərəfindən hüquqi qiymət verilib və məhz onun təşəbbüsündən sonra faciə beynəlxalq miqyasda təbliğ olunmağa və tanınmağa başlanıb.
O da vurğulanıb ki, Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq beynəlxalq birliyin bu vandalizmə siyasi və hüquqi qiymət verməsi istiqamətində konkret nəticələr əldə edilib və Ermənistanın işğalçılıq siyasəti beynəlxalq qurumlar və bir sıra dövlətlər tərəfindən qınanıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən, bir sıra dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələrdən ətraflı bəhs edilib.
Tədbir Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.