Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Dizə, Axura və Püsyan kəndlərindəki təhsil ocaqlarının binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır.
Teleqraf.com AzərTAc-a istinadla xəbər verir ki, rayonun böyük yaşayış məntəqələrindən biri olan Dizə kəndindəki tam orta məktəb binasında təmir işlərinə bu ilin yazında başlanılıb. Üç mərtəbədən ibarət olan məktəb binasında 12 sinif otağı ilə yanaşı 2 elektron lövhəli sinif, kompyuter otağı da yaradılacaq. Fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinə, kitabxana, müxtəlif fənn kabinələri müəllim və şagirdlərin ixtiyarına veriləcək. İdman zalında zəruri idman qurğuları quraşdırılacaq.
Rayonun ucqar dağ kəndində – Axurada 198 şagird yerlik 3 mərtəbəli tam orta məktəb binasında əsaslı təmir işləri başa çatmaq üzrədir. 12 sinif otağı olan tikilidə bufet, kitabxana, kompyuter otağı və idman zalı üçün məxsusi yerlər ayrılıb. Fizika, kimya, biologiya laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. Obyektdə tamamlanma işləri görülür.
Əsaslı təmir və yenidənqurma işləri rayonun ən iri yaşayış məntəqələrindən biri olan Püsyan kəndində də sürətlə aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbəli, 720 şagird yerlik məktəb binasının təmir-tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Fənn kabinələri, sinif otaqları müasir üslubda təmir edilib, bütün qapı və pəncərələr dəyişdirilib, dəhlizlər genişləndirilib, binaya bir korpus əlavə olunub, istilik sistemi yenilənib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları tərəfindən əsaslı təmiri və yenidənqurma işlərinin aparıldığı Kürkənd tam orta məktəbi 3 mərtəbədən ibarətdir. 216 şagird yerlik binaya yeni korpus da əlavə olunub. Binanın hər 3 mərtəbəsində dəhlizə və pilləkənlərə travertin üzlük daş döşənib, kommunikasiya xətləri çəkilib. Artıq burada tamamlanma işləri aparılır.
NİGAR