15 Yanvar 2020 10:31
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatı barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, Kamran Əliyev qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezanonsa səbəb olan qanunsuz əməlləri barədə məlumat verərək, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilib.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati pozuntu aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 192, 198 və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilib.

Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Vurğulanıb ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib.

2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılmış və bir sıra hallarda cinayət işləri başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər