İki həfətənbir bəzi küçə və prospektlərdə əlavə dezinfeksiya işləri aparılır. Bu prosesdə sıxlıq nəzərə alınır.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Dezinfeksiyanı tez-tez edə bilmərik. Bu, istər bitkilərə, istərsə də insanların sağlamlığına çox ciddi ziyan vurur. Hər iki həftədən bir dezinksiya olunan küçələrin sayı artırılır. 400-ə yaxın küçə dezinfeksiya olunub. Lakin bu köməkçi xarakter daşıyır. Əsas öhdəlik vətəndaşların üzərinə düşür".
Eldar Əzizov əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı var: "Ötən günlərdə Bakı şəhəri İcra Hakimiyyətinin məsul işçiləri əhali ilə görüşərək, problemin ciddi olduğunu onlara bildirdik. Bəzi insanlar bunun oyun olduğunu, virus olmadığını düşünür. Nəzərə alın ki, ölkələrdə həyat dayanıb, belə oyun ola bilməz".
Onun sözlərinə görə, özümüzü qorumaq istəyiriksə, qaydalara riayət etmək vacibdir: "Yalnız bu halda tezliklə vəziyyətdən çıxa bilərik. Əgər vətəndaşlar aralarında məsafə saxlayırlarsa, təhlükə azalar".
Eldar Əzizov bildirib ki, supermarketlərdə də vətəndaşlar eyni qaydalara riayət etməlidirlər: "Ölkə rəhbərliyi tərəfindən bütün tədbirlər görülür. Vətəndaş özünü qorumağı başa düşmürsə, dövlətin onu qoruması çətin məsələdir".