1 Mart 2021 15:31
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Azərbaycanın Respublikasının Alban-Udi xristian icmasının sədri Robert Mobili Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Robert müəllim, Azərbaycan ərazisində yerləşən tarixi Albaniya dövründən qalma məbədlərdən biri də Ağoğlan məbədidir. Məbədin yerləşdiyi ərazi, tarixi haqqında bəhs etmənizi xahiş edirik...

- Ağoğlan məbədi Laçın rayonu Kosalar kəndinin ərazisində yerləşir. Bu memarlıq abidəsi IV-IX əsr Qafqaz Albaniyası dövrünə aiddir. Abidə 1992-ci ildən 2020-ci ilə qədər erməni işğalında olub. IX əsrdə məbəddə bərpa işləri aparılıb. Abidə təmir edilərkən ilkin quruluşu qorunub saxlanılıb. Bərpa zamanı Alban dövrünün dəbli tikililərindən sayılan Azərbaycan memarlığının monastr tipinə uyğunlaşdırılıb. Ağaoğlan Alban monastrının uzunluğu 25,6 metr, eni isə 12,5 metrdir. Kompleksin ümumi daxili ərazisi 2 hektara yaxındır.

- Erməni işğalı dövründə abidədə hansısa restavrasiya işləri aparılıbmı?

- Ermənilər işğal dövründə qəsrdə ABŞ-ın Kaliforniya ştatının erməni əsilli kilsə xadimlərinin ianələri hesabına qeyri-qanuni təmir aparıb. Təmir zamanı abidənin üzərində bir neçə daş yazılar, alban dövrünə aid ornamentlər məhv edilib. Bir çoxunun isə forması dəyişdirilib.

- İşğal zamanı ermənilər albanlara məxsus abidələrdə qiroqoryanlaşdırma siyasəti aparıb. Ağoğlan məbədində bu “dəyişiklik” müşahidə edilirmi?

- 2006-cı ildə Ağoğlan məbədinin erməni qriqoryan məzhəbinə məxsusluğunu göstəmək üçün divarların müxtəlif yerlərində 26 yazı lövhəsi yerləşdirilib. Kompleksin həyətinə giriş hissədə sağ tərəfdə 3 məzar daşı və ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş qırmızı bozalt daşdan yonulmuş 2 ədəd xaç daşı basdırılıb. Binanın fasadı sökülərək dəmir örtüklə əvəzlənib. Abidənin əvvəlki tarixindən, orjinal daxili interyerindən heç bir əlamət qalmayıb.

- Bu yaxınlarda Ağoğlan məbədini ziyarət etdiniz. Xudavəngdən fərqli olaraq bu abidədə ermənilər hansı dəyişiklikləri edib?

- Ağoğlan məbədi Laçında yerləşən ən böyük alban mədəblərindən biridir. Hazırda Laçında albanlara məxsus bütün məbədlər Azərbaycan Ordusunun nəzarətindədir. Məbədə gedişdə heç bir problem yoxdur. Sülhməramlılar ancaq Laçın dəhlizinə nəzarət edir. Laçındakı Ağoğlan məbədi xüsusi əhəmiyyətə malikdir. Kəlbəcərdə qarşılaşdığımız problemi Laçındakı Ağoğlan məbədində yaşamadıq. Sadəcə ərazidə dağıntılar var.

- Xudavənglə Ağaoğlan məbədi arasında oxşarlıq və fərqlilik nədən ibarətdir?

- Ağoğlan məbədində erməni din xadimlərini görmədik. Məbəd kompleksi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarət etdiyi ərazidədir. Sadəcə ermənilər bu məbəddə 2006-cı ildəki dırnaqarası bərpa işləri zamanı bəzi detalları söküb aparıblar. Həmçinin məbəddə erməniləşdirmə, qriqoryanlaşdırma faktlarına rast gəldik. Ağoğlan məbədinin altar hissəsində Ermənistandan gətirilmiş daşlardan düzəldilmiş müəyyən lövhələr gördük. Özlərinə məxsus xaçları da yerləşdiriblər.

- Ağaoğlan məbədinə gedəndə hər hansı problemlə üzləşdiniz?

- Heç bir problemlə qarşılaşmadıq. Sadəcə 10-12 km məsafəni Laçın şəhərindən keçəndə rus sülhməramlıların müşayiəti ilə hərəkət etməli olursan.

- Ağoğlana gedən yol Laçın dəhlizindən keçir?

- Bəli. Laçın dəhlizi ilə məbədə asan gedib çıxmaq olur. Yola rus sülhməramlılar nəzarət edir. Laçında 12-13 erməni ailəsinin qaldığını da dedilər. Yoldan keçəndə də gördük ki, çox az sayda insanlar mal-qara ilə məşğuldur. Sadəcə o yoldan keçəndə şəkil çəkməyə icazə vermədilər. Video və foto çəkilişə icazə yoxdur. Çünki çoxlu jurnalistlər bizi müşaiət edirdi. Biz getdiyimiz maşında rus sülhməramlıların nümayəndəsi də əyləşmişdi.

- Ağaoğlana erməni din xadimlərinin gəlməsi ehtimalı varmı?

- Ermənilərin bu məbədə gəlməsi mümkün deyil. Sadəcə Ağoğlana gedəndə iki post var. Azərbaycan və sülhməramlıların postundan keçəndə 10 km-lik məsafədən sonra məbədə çatmaq olur.

- Xarici media nümayəndlərini gördük məbədin ətrafında...

- Ağaoğlana gedəndə 65 jurnalist bizi müşayiət edirdi. Rus sülhməramlılar da dedi ki, 15-16 ziyarətçi, amma bu qədər jurnalist var. Fransadan, Yaponiyadan jurnalistlər, televiziyalar bizimlə getmişdi. Əsas işimizi xarici media ilə qurmuşuq.

- Alban-udi icmasının yenidən həmin məbədlərdə ziyarəti üçün hansı işlərə start verilib?

- Hazırda məbədlərdə monitorinq işləri aparılır. Ümumilikdə azad olunmuş ərazilərdə alban-udi icmasına məxsus bütün abidələrdə, məbədlərdə monitorinq və ilkin qiymətləndirmələr aparılır. Bərpa işləri bundan sonra aparılacaq. Restavrasiya işləri isə orada üç qüllədə aparılacaq. İlk növbədə birinci qüllədə konversasiya olacaq. Digər hissəsi bərpa edilib muzey kimi fəaliyyət göstərəcək. Xudavəngdə, Ağoğlanda bu işlərin icrası nəzərdə tutulur. Həmin məbədlərin bir hissəsi isə kilsə kimi fəaliyyət göstərəcək. Burada üç fərqli prinsip var. Kəlbəcərdə 30-35 kilsənin fəaliyyətini bərpa etməyə ehtiyac da yoxdur. Çünki o qədər icma da mövcud deyil. Sadəcə məbədlərdə bərpa işləri aparılacaq. Hazırda monitorinq aparılaraq reyestr işləri görülür. Ərazilərədə mina təhlükəsi qalır deyə ətraflı işlər icra etməm hələ mümkün deyil.

- Ağaoğlan məbədindən Qafqaz Albaniyasına məxsus hansı tarixi eksponatların oğurlandığı müəyyənləşib?

- Açığı həmin məbəddə əvvəlcədən nə olduğunu bilmirik. Ona görə də ermənilərin bu məbəddən konktret nəyi oğurlayıb apardığını sonra müəyyənləşdirəcəyik. Sadəcə orada biz hələki ermənilər tərəfindən saxtalaşdırılmış elementləri görə bilirik. Sovet vaxtı da o abidələrin vəziyyəti acınacaqlı olub. O dövrdən qalma gözəl kilsənin olduğunu da deyə bilmərik. Mütəxəssislərin analitik rəylərindən sonra ermənilərin o məbədlərdən nəyi apardıqları bilinəcək. Saxtalaşdırdıqları xaçqarlar var ki, ermənilər onları sındırıb aparıblar. Bunda da məqsədləri odur ki, sonradan ittiham irəli sürsünlər ki, azərbaycanlılar bunu sındırıb.

Ağaoğlanda altar hissədə erməni kilsəsi kimi yuxarı qaldıraraq saxtlaşdırmaya cəhd olunub. Sovet dönəmində də açıq etiraf edək bu abidələrin vəziyyəti qənaətbəxş olmayıb. O sistem Allahsızlığı təbliğ edirdi deyə abidələrə, dini dəyərlərə diqqət yox idi. Ona görə də bütün dini ocaqlar faktiki olaraq dağıdılmışdı. Çar Nikolay zamanında bu abidələr dağılıb viran edilmişdi. Son 30 ildə isə bu məbədləri erməni kilsəsinə uyğun bərpa etmək istəyiblər. Gəncəbasar, Xudavəng, Ağaoğlan Tuğda olan məbədlər, Şuşadakı rus kilsəsini də ermənilər özününküləşdirməyə çalışıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər