30 May 2021 22:13
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Yazı

Əvvəli burada

Dövlətin idarəçiliyində xalqın birliyinin və yardımının gərəkliliyini qeyd edən Hacıbəyli xalqın dövlətə hansı sahələrdə köməklik göstərəcəyini də qeyd edir:

“Camaat köməyi nədən ibarət ola bilər? Bu suala verilən cavabı aydınlaşdırmaq üçün hökumətimizin üzərinə həvalə edilmiş yükü təhlil edək. Bu yük bütün dövləti işləri idarə edən nəzarət, yaxud nəzarətlərdən ibarətdir. Daxili işlər, xarici işlər, hərbi işlər, maliyyə işləri, yol və gediş-gəliş işləri, maarif işləri, ərzaq, poçt-teleqraf və sairə; deməli, camaat bu işlərdə hökumətə kömək etməlidir. Məsələn, hərbi işlərimizdə əsgərlərimizin əynini layiqincə geydirən, əsgəri işlərə məxsus bir fond əmələ gətirən, fərarilik kimi rəzalətlərin qabağını alan, vətən müdafiəsi yolunda bir çox işlər görə bilən “Müdafieyi-milliyə” kimi bir cəmiyyətimiz olarsa, maarif vəzarətimizə əl yetirmək, dilimizin islahına çalışan, kitablar düzəldən ədəbiyyat və sənaye nəfisəmizi artıran, qabil müəllimlər hazırlayan və ən kiçik kəndlərimizdə belə məktəb açılmasına hümmət edən “Maarif” adında bir təşkilatımız ciddi surətdə işləsə, maliyyə və ticarət vəzarətlərinə mədəd verməkdə xəzinəmizə qızıl və gümüş pul dolmasına, maliyyə və ticarət işlərinin rəvacına və bu işlərdə baxüsus müsəlman ünsürlərinin əlaqədar olmasına xidmət edən bir “ticarət və maliyyə komisyonumuz” olarsa, daxili işlərdə polis adamlarının əyri, oğru, rüşvətxor, dələduzlardan təsviyyə edilməsinə, yolların qaçaq-quldurlardan azad edilməsinə və hər yerdə sakitlik və rahatlıq bərpasına cəhd edən “əmnu asayiş” cəmiyyətimiz olarsa, xülasə hər bir vəzarətin lazımınca kömək yetirən cəmiyyətimiz, komitələrimiz, komisyonlarımız və növbənöv təşkilatlarımız olarsa, bilirsiniz, necə bir sürət ilə hər kəsi heyran edəcək dərəcədə tərəqqi edib məmur və müntəzəm bir dövlət, mədəni və asudə bir cumhuriyyət olmaqla qonşularımızdan əlavə Avropa əhlini dəxi bizə ehtiram edə biləcəyi bir vəziyyət alarıq. Bu isə istiqlal və istiqbalımızın ola bilsin ki, daimi bir surətdə təminini movcib olan vətənimizi və gələcək nəslimizi əsirlik və yesirlik zülmündən bir kərəmlik məsun və azad edib biz gördüyümüz zülmləri, çəkdiyimiz rəzalətləri, keçirdiyimiz fəlakətləri daha onlara dadızdırmaq və göz açıb da müstəqil yaşayan bir millət olduğunu gördülər. Pəs bu yolda camaatımızın köməyi və hümməti böyük şərtdir....”

Hacıbəyliyə görə hər bir fərdin rifah və səadəti üzvü olduğu millətin rifah və səadətindən bilavasitə asılıdır. Buna görə də o, xüsusi mənafenin deyil ümumi mənafenin qorunmasının vacibliyini qeyd edir, Rusiyanın Yaponiyaya məğlub olmasının bir səbəbi kimi də bu amili göstərir.

Hacıbəyli azadlığın aşağıdakı növlərini göstərir: Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan. “Hüriyyəti-mətbuat” adlı məqaləsində azad sözün və mətbuatın xalqın problemlərini araşdırıb onlara şərh verməklə xalqa yardım edə biləcəyini bildirir. Ona görə də Hacıbəyli qəzetlərə senzura qoymağın qəti əleyhinə idi. Hacıbəyli Rusiya və Qafqazdakı senzura fərqini aşağıdakı şəkildə izah edir: “Mәlumdur ki, Rusiyada sair tayfaların mәtbuatı bir һökumәt senzuru tәrәfindәn tәzyiq edildiyi halda, biz müsәlmanların mәtbuatı iki senzur әmrlәrinә tabe olmağa mәcburdur ki, onlardan biri hökumәt vә digәri camaat senzurudur vә sairәlәri yalnız bir hökumәtin yaxasından tutub, hürriyyәti-mәtbuat zühur etdiyi zaman, biz gәrәk bir әlimiz ilә hökumәtin vә o biri әlimiz ilә dә camaatın yaxasından yapışıb azadi-kәlam istәyәk”.

Hacıbəyli insanlara qəzet oxumağın gərəkliliyini bildirərək, bunun sayəsində dünyada baş verən proseslərdən agah ola biləcəklərini anladır. Bir sıra məqalələrində cəhalətin yaratmış olduğu “qəzet oxumaq müsəlmana haramdır” fikrini tənqid edərək, özünəməxsus üslubla buna münasibətini bildirir: “Qәzetәni oxuyan müsәlman qәzetәdәn mәlumat qazanır, biliyi artır. Ona görә: “qәzetә oxumaq müsәlmana haramdır”. Qәzetәni oxuyan müsәlman bütün alәmin әhval vә övzaindan xәbәrdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisә vә vaqiәlәri bilir. Ona görә: “qәzetә oxumaq müsәlmanlara haramdır”.

Qәzetә oxuyan müsәlmanın ağlı artır, dargöz olmur, hәr bir işә әqli-sәlim nöqteyi-nәzәrindәn baxır.

Ona görә: “qәzetә oxumaq müsәlmanlara haramdır”. Qәzetә oxuyan müsәlman öz dәrd vә ehtiyacını, qardaşının giriftar olduğu müsibәt vә bәlanı qәzet sütunlarında yazılmış görür, yaxud millәtini tәhdid edәn müsibәtdәn xәbәrdar olur. Ona görә: “qәzetә oxumaq müsәlmanlara haramdır”. Qәzetә oxuyan müsәlman qәzetә sütunlarında dәrdinә dәrman, ehtiyaclarına әlac, işinә әncam tapır. Ona görә: “qәzetә oxumaq müsәlmanlara haramdır”. Qәzetә oxuyan müsәlman qәzetәdәn tәsәlliyab olur, qәm vә kәdәri dağılır, qәmabad könlü tәskinlik tapır. Ona görә: “qәzetә oxumaq müsәlmanlara haramdır”. Ona görә müsәlmanlar mәlumatsız, biliksiz olsunlar, dünyadan xәbәrlәri olmasın. Dargöz, ağlı gödәk olsunlar, öz dәrd vә ehtiyacından, qorxulu müsibәtindәn bixәbәr olub, çarәsiz, dәrmansız, әncamsız qalsınlar, ürәklәrini deşәn qәm vә әlәmdәn xilas olub, tәsәlliyab olmasınlar. “Bunlar hamısı hәlaldır!”

Lakin bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyli, misal üçün, 1915-ci ildə qələmə aldığı “Deviz”“ adlı məqalədə mollaların “qəzet haramdır” etiqadından, qırmızı saqqallıların “məktəb ziyandır” etiqadından, “boynu qraxmallı”ların “Azərbaycan dilində danışmaq eyibdir” etiqadından danışaraq üfüqdə yenə də “hüşyarlıq günəşi” görürdü və o böyük inamdan, ruh yüksəkliyindən doğan bir patetika ilə yazırdı: “Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün-sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək”.

Üzeyir Hacıbəyli millətin vahid şəkildə bütövləşməsi üçün xalqın daxilində salınan ayrıcalıqların aradan qaldırılmasının vacibliyinin bildirir. “Dərin quyular” adlı məqaləsində millətin birliyini pozmaq üçün xarici qüvvələr tərəfindən ortalığa atılmış sünni-şiə kimi məzhəbi ayrıseçkiliyi və ləzgi, tatar, müsəlman adları ilə vahid Azərbaycan xalqını bölməyə çalışan zərərli fikirlərin qarşısını almağın vacibliyini qeyd edir və xalqa qazılan bu “quyulara düşməmək” üçün üç yol göstərir:

1. Quyuları dolanıb, kənardan bir yol aramaq, yəni bu məsələləri bir kənara atıb ittifaqa çalışmaq, “fanatizm”dən yan keçərək onun da ətrafından dolanmaq;

2. Quyular üzərindən bir körpü salmaq, yəni həmin məsələləri həlsiz qoyub birdən-birə özgə problemlərə keçməklə xalqın diqqətini onlara cəlb etmək;

3. Quyuları doldurub birdəfəlik basdırmaq. Yəni illər sərf edib, güc ilə bu məsələnin aradan birdəfəlik götürülməsinə səy etmək.

Siyasətçilər haqqında

Üzeyir Hacıbəylinin siyasi fikirlərində siyasətlə məşğul olan insanları təhlil etməsi də xüsusi yer tutur, bu mövzuda “Macəraçılıq” adlı məqaləsi əhəmiyyət kəsb edir. Həmin məqalədə Hacıbəyli iki cür siyasətçinin olduğunu qeyd edir. Sağlam politika həyata keçirən siyasətçilərlə yanaşı macəraçılıq məqsədilə meydana atılıb, işin aqibət və nəticəsini nəzərə almadan münasibət bildirən, xalqın mənafeyinə zidd mövqe tutan və məmləkət üçün zərərli fikirlər söyləyən siyasətçilərin də olduğunu bildirir. İnsanların macəraçı siyasətlə məşğul olmağa vadar edən amillərin müxtəlif olduğunu bildirən Hacıbəyli əsasən 3 amilin önəmli rol oynadığını bildirir və bu cür siyasətçilərin əsas prinsiplərini açıqlayır:

Cəhalət- Bir cahilin siyasət işlərinə qarışması, siyasət meydanında rol oynamaq təşəbbüsü, mənsub olduğu millət, övladı olduğu vətən, təbəəsi olduğu dövlət üçün böyük zərərlər törədə bilər. Bu cür cahil bir adam özü kimi qanmaz və anlamazları da başına cəm edib birdən-birə qeyri-məqbul hərəkətlər edə bilər ki, nəinki “qaş düzəldərkən göz tökər”, hətta başın özünü də cəhaləti yolunda fəda edib böyük bir bərbadlıq meydana gətirər.

Sui-niyyət- Bu cür macəraçılar daha təhlükəlidirlər, çünki bunlar nə edirlərsə, bilərəkdən edirlər. İblis təbiətli və şeytan ruhlu yaranmış olan bu cür macəraçılar üçün heç bir pak, heç bir müqəddəs şey yoxdur. Onlar üçün millət, vətən, istiqlal boş və biməna sözlərdir. Təqdis etdikləri bir şey varsa, o da yalnız uçurub dağıtmaq əməli, sitayiş etdikləri bir Allah varsa, o da zülm və şər silahıdır.

Mənəmlik – Bu iki əvvəlki qisim macəraçılardan daha zərərlisi mənəmlik iddiası ilə meydana çıxanlardır. Bunların fikri milləti də, vətəni də, dövləti də və istiqlaliyyəti də öz şəxsi mənəmlik və şöhrətinə qurban etməkdir. Şəxsi “eqoizm” adlanan bir mərəzə mübtəla olan bu şöhrətpərəstlər adına şöhrət qazandırmaq üçün bütün məmləkəti od və atəş içində yaxıb yandırmaqdan əl çəkməzlər.

Bütün bunları nəzərə alan Hacıbəyli xalqı hər bir məsuliyyətsiz olan zahirdə nəzərə xoş görünən sözlərə inanmamağa çağıraraq, bu cür insanların vaxtında ağızlarını yummaq, əməllərinə qarşı sədlər çəkməyin gərəkliyini qeyd edir.
Seçki haqqında

“Vəkil seçkisi” adlı məqaləsində Hacıbəyli Avropa millətlərinin mübarizə apararaq seçki hüququ əldə etməsini təqdirəlayiq hesab edərək, azərbaycanlıların seçki məsələlərinə laqeyd yanaşmasını düzgün hesab etmir. Çünki xalq onu idarə edəcək şəxsləri tanımalı və onun bu vəzifəyə layiq olub-olmamasını özü müəyyənləşdirməlidir. Hacıbəyli seçki hüququ anlayışından xəbərsiz olan əhalinin bəzi kəsimlərinin digərləri tərəfindən maarifləndirilməsini vacib sayır.

Hacıbəyli cəmiyyəti daim inkişaf edən və dəyişkən bir orqanizm kimi təsəvvür edirdi. O, bu fikirdə idi ki, cəmiyyət ibtidai halından müasir vəziyyətinə qanunauyğun surətdə inkişaf etmişdir. Cəmiyyətin əsası, maddi və mənəvi nemətlərin yaradıcısı, cəmiyyətə həyat verən, onu tərəqqiyə çatdıran məhz xalq kütlələridir. Xalq böyük gücə malikdir, xalqın gücü qarşısında heç bir qüvvə dayana bilməz. Təsadüfi deyil ki, Hacıbəyli Rusiya inqilabının əsas hərəkətverici qüvvəsi kimi xalqı qeyd edir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər