Helikopter qəzasında şəhid olan hərbiçilərimizə Allah rəhmət eləsin. Hadisədən dərhal sonra cənab prezident və birinci vitse-prezident tərəfindən Azərbaycan xalqına və xüsusilə də şəhid olmuş zabitlərimizin ailələrinə başsağlığı verildi. Bu kimi hallarda dövlət kommunikasiyasının həyata keçirilməsi və ictimaiyyətin hərtərəfli məlumatlandırılması vacib şərtlərdən biridir.
Teleqraf.com xəbər verir ki bu sözləri, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, eyni zamanda sosial mediada müxtəlif şaiyələrin yayılması və hadisələrə rəsmi qiymət verilmədən ön fikirlərin yürüdülməsi bu qəzanın qurbanları olmuş şəxslər barəsində məlumatlar verilməsi ailələr üçün çox travmatik və ciddi psixoloji təzyiq ola bilər: "Odur ki, sosial media istifadəçiləri bu kimi hadisələrdə "ilk xəbəri birinci mən yayacam" prinsiplərindən uzaq durmalıdır".
O qeyd edib ki, bu kimi insidentlər baş verdikdə, hadisələrin qiymətləndirilməsi və hadisə qurbanlarının müxtəlif istintaq yolu ilə şəxsiyyətlərinin müəyyən edilməsi bir qədər vaxt çəkən məsələdir: "İctimaiyyətin narahatlığı başa düşülür, digər tərəfdən dəqiq və dolğun məlumatın çatdırılması kimi başlıca meyarlar və parametrlər də var".
Prezident köməkçisi qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızda minaların basdırılmasını Ermənistanın uzun illər Azərbaycana qarşı həyata keçirdiyi mənfur siyasətinin növbəti bir nümunəsi adlandırmaq olar:
"O ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda quruculuq və məcburi köçkünlərin qayıdışı prosesinə mane olmaqdır. Maksimum dərəcədə Azərbaycanın hərbi və mülki insanları arasında xəsarət və ölüm hallarına səbəb olmaq niyyəti güdüblər. Minaların hansı məqsədlə qoyulduğunu hər kəs çox gözəl başa düşür. Minaların qoyulmasından, insanların tutduğu vəzifədən asılı olmayaraq o, öz qurbanını orada gözləyir. Mina illərlə öz fəlakətli nəticəsini gözləyə biləcək dəhşətli bir vasitədir. Təəssüflər olsun ki, Ermənistan kütləvi şəkildə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət qarşısında bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istərdik ki, bu məsələdə məlumatlandırma daha da artırılmalıdır. BMT və onun aidiyyəti strukturları tərəfindən də əsaslı şəkildə dəstəyin artırılmasına ehtiyac var. Burada vətəndaşlarımızın da üzərinə düşən böyük bir məsuliyyət var. Aidiyyəti strukturlar tərəfindən vətəndaşlarımıza intensiv şəkildə xəbərdarlıqlar verilir ki, işğaldan azad olunmuş ərazilərə getdiyimiz təqdirdə konkret açılmış cığırlar və yollar istisna olmaqla kənara çıxmaq olmaz. Hər birimizi təhlükə gözləyir. Mina insanlar arasında fərq qoymur, hər birimiz potensial qurban ola bilərik. Cəmiyyətimizdə mina maarifləndirmə işləri aparılır, bundan sonra da sosial media imkanlarından istifadə edərək mina təhlükəsi barədə maarifləndirməmizin artırılmasına ehtiyac var".