Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Teleqraf.com xəbər verir ki, görüşdə Mehriban Əliyeva ilə şəhidin anası arasında səmimi dialoq olub.
Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə yaşı var?
Şəhid Mahirin anası Timziyə Məmmədova: Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə başladı.
Birinci xanım Mehriban Əliyeva: Sentyabrda doğulub...
Timziyə Məmmədova: Heç görə bilmədi, birinci övladıdır, bir az gec evləndi.
Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın, adı nədir?
Timziyə Məmmədova: Babasının adıdır, Səlim. İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb Sizin sayənizdə.
Prezident İlham Əliyev: Ruhları həmişə şad olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə, atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki o, şəhidin övladıdır.
Timziyə Məmmədova: Özü də atası ilə qürur duyacaq, düzdür.
Şəhidin qardaşı Habil Məmmədov: Tez-tez məzarının üstünə aparıb gətiririk.
Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında hər bir şəhidin adı yazılıb.
Prezident İlham Əliyev: Hər birinin, hər birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.
Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi. Allah rəhmət eləsin bütün şəhidlərə.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.