Aprelin 28-də daha 3 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı oldu.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev səsləndirib.
“Mina terroru ilə bağlı Azərbaycanın QHT-ləri beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar. Lakin beynəlxalq təşkilatlar növbətçi bəyanatlar verməklə məsulliyyətlərini məhdudlaşdırmamalıdırlar.
Ortada konkret faktlar var. Ermənistan üçtərəfli bəyanatdan sonra belə, Azərbaycan ərazilərində minalar basdırıb. Azərbaycanın ictimai təşkilatları ATƏT və digər qurumların Ermənistanın mina terroruna açıq reaksiya verməsini tələb edirlər.
Ermənistan isə mina terroru ilə Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtma hüquqlarını əllərindən alır. Eyni zamanda, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı heç kim Azərbaycana irad bildirə bilməz. Çünki bu məntəqə Qarabağa qanunsuz silahların, minaların da daşınmasının qarşısını alır”.