“Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi "Sevgi dünyanı xilas edəcək! Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması" layihəsi ilə bağlı tədbirləri davam etdirir.
Teleqraf.com xəbər verir ki, təşkilat bu təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.
Layihə rəhbəri Kubra Məmmədova bildirib ki, layihə çərçivəsində məişət zorakılığından əziyyət çəkən, bütün gününü işə həsr edən və bir sira problemlər səbəbindən övladına vaxt ayıra bilməyən valideynlərlə görüşlər keçirilib.
Təşkilata müraciətlər əsasında seçilən valideynlərə dəstək olmaq üçün Bakı və Şəki şəhərlərində psixoloqlarla görüşlər keçirilib.
K.Məmmədova açıqlama verərkən onu da əlavə edib ki, layihənin icrası zamanı bu kimi tədbirlərin cəmiyyətimiz nə dərəcədə əhəmiyyətli olduğunun bir daha fərqinə varib: "İlk növbədə bildirmək istəyirəm ki, psixoloji görüşlər üçün təşkilatımız psixoloq seçiminə çox əhəmiyyət verib.Seçmiş olduğumuz psixoloqlar işlərində proffesional və məhz bu istiqamətdə fəaliyyət göstərənlərdir. Bu da layihəmizin səmərəliliyini daha da artırmış oldu. Seanslardan sonra müraciət edən şəxslərlə görüşüb fikirlərini öyrəndik. Heç bir iştirakçı bu prosesdən narazı qalmadı. Hətta bu seansların davamını istəyən və övladlarını da gətirmək istədiklərini bildirən valideynlərin sayı kifayət qədər idi. Bu isə layihəmizin məqsədinə çatdığını göstərir. Bu məqam bizi sevindirsə də, problemin dərin olması bir o qədər məyus etdi”.