Səfər Qaraqoyunlu İğdır valisi ilə görüşüb
Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişində türk, ingilis və kürd dillərindən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına etirazlar davam edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır valisi Davud Haneyi ilə görüşərək məsələ ilə bağlı öz etirazını bildirib. Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən diaspor rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.
Etiraz məktubunda bildirilir ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb. Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətinə biganə münasibətini vurğulayan S.Qaraqoyunlu Türkiyə Respublikası və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb edib.
Səxavət