10 İyul 2014 12:30
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft akademiyasında terror törədən ömürlük məhkuma təkrar hökm oxundu

Neft Akademiyasında baş verən terror olayında təqsirli bilinən ömürlük məhkum yenidən məhkəmə qarşısına çıxarılıb. Teleqraf.com-un xəbərinə görə, Qobustan Həbsxanasında saxlanılan Cavidan Amirov Qaradağ rayon Məhkəməsində mühakimə olunub.

Cavidan Amirov saxlandığı həbsxanada telefonla tutulub. Onun qanunsuz olaraq özündə telefon saxlaması barədə Pentensiar Xidmətin əməkdaşları məlumatlanıb. Keçirilən əməliyyat nəticəsində Cavidan Amirovdan telefon aşkar olunub.

Cavidan Amirovun barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadə etməsi) maddəsi ilə cinayət işi başlanıb.

Qaradağ rayon Məhkəməsi Cavidan Amirovun barəsində hökm elan edib. Məhkəmə Cavidan Amirovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərə alıb. Buna görə də yenidən mühakimə olunan Cavidan Amirovun barəsində həbsxana rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qaradağ rayon Məhkəməsinin hökmündən Cavidan Amirov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Cavidan Amirovun şikayəti məhkəməyə daxil olub. Onun şikayəti hakim Qədim Babayevin icraatına verilib və məhkəmə baxışı iyulun 18-nə təyin olunub.

Xatırladaq ki, 2009-cu ill aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya və kasasiya şikayəti versələr də, onların şikayətləri rədd edilib. Hazırda terrorda təqsirli bilinənlər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Onların şikayətləri beynəlxalq məhkəmədə qəbul edilsə də, hələ ki icraata götürlməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər