16 İyul 2014 17:27
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 1993-cü il təvəllüdlü Turan Ələkbərovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini Turan Ələkbərov bu ilin yanvarın 28-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Müəyyən edilib ki, Turan Ələkbərov Nərimanov rayonunda kirayə tutduğu mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil edib. O, həmin mənzildə qadınları fahişəliyə cəlb edib.

Bundan başqa, Turan Ələkbərov özünə məxsus olan evləri qadınlarla cinsi əlaqədə olmaq istəyən kişi müştərilərinə bir saatlıq kirayə verməklə də məşğul olub. O, həmin mənzillərin kirayə haqqı olaraq 25-35 manat alıb.

Turan Ələkbərov Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə ittiham edilib.

Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Turan Ələkbərova hökm oxunub. Məhkəmənin hökmü ilə Turan Ələkbərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: