23 Sentyabr 2016 16:36
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın bir dostum arvadından ayrılıb. Toylarına getmişdim, hayıf 50 manatdan! Heç aradan bir il keçmədi boşandılar. Dostum bir ara ortalıqda görünmədi. Elə bildim itkin düşüb. Sən demə, xaricə gedibmiş. Gəzib gələndən sonra görüşüb dərdləşdik. Fikrim vardı ki, onları barışdırım. Niyə ayrıldınız, səbəb nə oldu? Dostumun çox danışmaqla arası yoxdur. Söz deyəndə hiss eləyirsən ki, ərinir. Bir kəlmə dedi: yola getmədik. Necə yəni? Düşüncə tərzimiz, əxlaqımız, həyata baxışımız fərqli idi.

Dostum söhbəti çox uzatmadan bir hadisə danışdı: Təzə ailə qurmuşduq. Yoldaşımın atası evinə qonaq getdik. Bizə süfrə açdılar. Televizor da açıq idi. Bir Türkiyə kanalında film göstərirdilər. Film yox, təxminən 10-15 dəqiqəlik süjet! Elə çörək yeyə-yeyə baxırdıq. Bir oğlan qoca ata-anasını salıb şillə-təpiyin altına döyür. Ata-ana da yalvarır ki, oğlum, etmə, eləmə! Davanın qızğın yerində oğlan arvadının əlindən tutur, atasının da ağzının üstünə bir təpik ilişdirib deyir:

– Mən evdən çıxıb gedirəm, sizlə yaşamaq istəmirəm.

Dostum filmi axıra kimi danışmadı. Çünki qaynanası, qayınatası, qayınları, baldızlar, elə arvadının özü də nə desə yaxşıdır? Görürsənmi, kişi elə olar, kişi arvadını elə tutar, ata-anasının ayağına verməz!

Mən söhbəti göydə tutdum. Dostum giley-güzar eləyən adam deyil. Sadəcə, mənə elə fakt dedi ki, əllərimi göyə qaldırdım. Adicə 10-15 dəqiqəlik bir filmin ideyasını tərsinə başa düşən bütöv bir ailədən nə desən çıxar. Məncə, ayrılmaq üçün bundan böyük səbəb yoxdur, elə deyilmi? Bu tip insanları başa salmaq mümkün deyil. Adam cin atına minir. Təsəvvür edin, bu adamlar elə bilir film nə üçün çəkilib? Bəs kişi arvadını belə tutar!

Mən o ailəni şəxsən tanımıram. Amma dostumun danışdığı adicə bir fakta əsasən deyə bilərəm ki, o ailədə hamı dindardır, hamısı oruc tutur, namaz qılır, amma heç biri Quranı oxumayıb. Heç birində hissiyyat, duyğu deyilən şey yoxdur. Heç biri mənəvi dəyər tanımır. Sənətdən, ədəbiyyatdan birmənalı şəkildə uzaqdırlar. Onların sənət zövqü ayda-ildə bir dəfə televizorda baxdıqları mənasız verilişlərlə ölçülür.

Söhbəti çox uzatmadan dostumun əlini sıxdım, arvadından ayrılmağı münasibətilə onu ürəkdən təbrik elədim. Allah xoşbəxt eləsin. Amma yaxşı ki, uşaqları olmayıb. Belə bir ailədən, belə bir beyindən, belə bir qarından çıxan uşaq necə ola bilər? Bədbəxtlər, xəstələr, psixlər!

Dostumla aramda olan şəxsi bir məsələni xatırlamaqda məqsədim nədir? Tez-tez deyirlər ki, ailə kiçik dövlətdir. Bizim cəmiyyət də dostumun keçmiş arvadının ailəsi kimidir. Boş, çürük, dayaz! Cəmiyyətin son bir ildə müzakirə elədiyi mövzulara baxın: müəllim şagirdini zorladı, müəllimə şagirdinə qoşulub qaçdı, azərbaycanlı qız niyə yad bir kişi müğənnisinin qucağına tullandı, tualetin açılışı elan olundu və s.

Bir əsas məsələ var: arvadını boşayıb canını qurtarmaq olur, bəs o bu cəmiyyətdən, hər şeyi tərsinə başa düşən insanlardan canını necə qurtarasan? Bir yol varmı? Bu cəmiyyətdən boşanmaq mümkündürmü? Hansı məhkəməyə müraciət etmək, ərizə yazmaq lazımdır?


Müəllif: Kəramət Böyükçöl