Dayımın qızı birinci sinfə gedir – Leyla. Şipşirin bir uşaqdır. Başına ağ bant bağlayıb tullana-tullana yeriyəndə dovşan balasına oxşayır. Dayımın arvadı deyir ki, Leyla iki aydır məktəbə gedir, 3-4 dəfə pul yığıblar. Müəllimlər günü, süpürgəpulu, zibilpulu və s.
Müəllimlər günü 50 manatdandır, bundan əlavə sinif rəhbəri valideynlərə söz də itələyir ki, bu pul direktora və müavinlərə veriləcək. Mənə çatmır, mənim haqq-hesabım ayrıcadır.
Bəs iş necə aparılır, əsas qayda nədən ibarətdir? Sinif rəhbəri dilli-dilavər valideynlərdən biri ilə sıx əlaqədə olur. Tez-tez zəngləşir, görüşürlər. Bu valideyn-müəllim dostluğu düz ibtidai sinfin sonuna kimi davam edir. Şübhəsiz ki, fədakar müəllimə bu dostluğun, ehtiramın qarşılığında həmin valideyndən pul almır.
Bəs bu dilli-dilavər ananın əsas işi nədir? Digər uşaqların ata-anasının telefonunu, ünvanını əzbərləyir, hər pul yığılmaq məqamında həmin valideyn keçir iş başına, başlayır o birilərinə bir-bir xəbər göndərməyə. Və iş beləcə həll olunur.
Buna görə müəllimlərdə bir qram narahat olmaq, vicdan əzabı çəkmək nədir? Varsa boynum qırılsın. Hansını dindirsən bu sözlərlə özünə bəraət qazandırır: maaşımız azdır, biz də insanıq, reallıq budur...
Şəhər məktəblərində bir sinifdə əsasən 25 uşaq olur. 25 nəfər 50 manatdan 1250 eləyir. 1 A, 1 B, 1 C, 1 D, 1 E siniflərini də üstünə gəlsən 6250 manat puldur. Lap 5000 min olsun. Mənə ən qəribə gələni odur ki, bir müəllim, bir ziyalı və ən əsası bir insan 6 yaşlı uşağa necə pul mənbəyi kimi baxa bilər? Leylanın gözlərinə bir baxasınız! Hər gecə çantası ilə yatır. Kitabının üstündə cücə şəkli var, elə bilir oyuncaqdır. Cücəni sığallayır.
Hər dərs ilinin əvvəlində müəllimlər imkanlı ailənin uşaqlarının üstündə dava eləyir, bir-birini qırır, hətta uzun müddət küsülü də qalırlar. Bir müəllim o biri müəllim haqqında danışanda deyir ki, bəxtəvər başına, pullu uşaqların hamısı onun sinfinə getdi. Direktor müəllimin boynuna minnət qoyur ki, filan biznesmenin uşağını sənin sinfinə saldırdım, get dolan, amma qədrimi bil.
Kasıbın uşağına yiyə duran tapılmır, üzünə baxan yoxdur. O da bütün bunları hiss eləyir, zaman-zaman, vaxt-vaxt qəddarlaşır, axırda amansız bir insana, bəlkə də qatı bir cinayətkara çevrilir.
Bu, hələ birinci siniflərə aiddir. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11-ci siniflər qalır. Yuvarlaq götürəndə yaxşı bir şəhər məktəbində müəllimlər gününə 56250 manat yığılır. Bayaq dediyim kimi, hələ sinif rəhbərlərinin hesabı ayrı verilir. 8 mart, son zəng, yeni il, novruz bayramında yenə həmin qaydada. Bunların əlində əlac olsa 20 yanvar faciəsi münasibətilə də pul yığarlar, Xocalının, Şuşanın işğal günlərində də deyərlər ki, bizi təbrik edin. Özü də heç kimdən çəkinmirlər, açıq bazardır.
Leyla müəlliməsinə müqəddəs varlıq kimi baxır. Müəllimləri isə heç olmasa birinci sinif dərsliyinin əvvəlində verilən bu misralardan utanmır.
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var...
Əkdiyin ağacların,
Gülü-çiçəyi solmaz,
Dünyada sənin kimi,
Barlı həyat tapılmaz...