21 Sentyabr 2017 09:20
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadıqca ölümə yaxınlaşacağımızı zənn edirdik. Deyəsən, uzun müddətdir yaşamamaqla məşğuluq və ona görə də artıq ölüm bizə doğru yaxınlaşır…

Həm də necə! Ayaq səsləri ürək döyüntüsü kimi bizi təqib edir, hər tərəfdə ancaq onu və yenə də onu görürük.

Ölüm əvvəlkitək birdən-birə, qəflətən gəlmir: 30-u adlayan kimi ürək, qırxa çatmamış xərçəng, ömrü yarı eləməmiş serroz adıyla ömrümüzə hakim kəsilir, bizi təqib edir.

Hər olacağa bir izah tapmaq mümkündür; bu olanları da - tərs üzünə çevirib - bir gün o dünyaya gedəcəyimiz labüdlüyünü yadımıza salan xəbərdarlıq kimi, hətta Tanrı lütfü hesab edə bilərik. Böyük məkanda dinlərin, dinin daxilində məzhəblərin, məzhəbin daxilində təriqətlərin; bütün dünyada sivilizasiya və mədəniyyət toqquşmalarının, bölgələrdə dövlət, dövlətdə siyasi, eyni sahədə iqtisadi... bir ailə daxilinə qədər nüfuz edən şəxsi, hissi maraqların üz-üzə qoyduğu ayrı-ayrı fərdlərə faniliyini xatırlatmaq və bu toqquşmalardan əl götürməsi üçün əlamət göndərmək, əslində, böyük dərsdir.

Ancaq bu dərs hansı nəticəni verir?

Ölüm hissi ilə yaşaya-yaşaya ən bəd xəbərlərə qarşı immunitetimiz yaranıb və heç nə bizi təəccübləndirmədiyi kimi, gözümüzün qarşısındakı xəbərdarlıqlar da bizə İNSAN olduğumuzu düşünmək üçün kifayət etmir: yenə laqeydlik, yenə adi həyat intriqaları, yenə bir-birimizə yaşamımızı haram etmək cəhdləri…

Toplum – bir orqanizmdir və ayrı-ayrı insanlar bu böyük «orqanizmdən» kənarda mövcud ola bilməz: hardasa baş verən ən adi təbiət hadisəsi bütün bölgənin iqliminə təsir etdiyi kimi, cəmiyyətdəki narahatlıq da hər bir fərdin düşüncəsində, davranışında, səhhətində öz izini qoyur. Əgər ayrı-ayrı insanlar – ətrafımızdakı dostlarımız, həmkarlarımız, yaxınlarımız… bir-birinin ardınca «sağalmaz xəstəliyə» tutulursa; əgər ölümün pəncəsini hər birimiz çiynimizdə hiss ediriksə; əgər bu gərginlik psixoloji olaraq hər kəsin təfəkküründə dərin iz buraxırsa və adi soyuqdəymə belə bizi ölüm xofunun ağuşuna atırsa… cəmiyyət – orqanizm - öz-özünün müalicəsinə başlamalıdır.

Cəmiyyəti orqanizm kimi təsəvvür etmək üçün təxəyyülümüzə daha geniş imkanlar tanımalıyıq: ayrı-ayrı fərdlər – lap yüzlərlə, hətta minlərlə olsa belə – bu böyük orqanizm üçün «bədənə batırılan tikan» kimi müqayisə oluna bilər. Amma adi bir tikana görə orqanizmin əksər üzvləri səfərbər olunursa, onu kənarlaşdırmaq üçün işə başlayırıqsa, niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?

Tibbin imkanlarının həddən artıq genişləndiyi hazırkı dövrdə ən ağır xəstəliklərin belə müalicəsini aparmaq mümkündür, sadəcə, bir-birimizə əl uzatmağımız, əl-ələ verməyimiz bəs edər.

Nə sirdirsə, bizdə suçəkən kimi cəmiyyətin ağrısını öz üzərinə götürən, təmənnasız olaraq hər kəsin xidmətində durmağa çalışan, ən azı, insanların yanında olmaqla onların dərdinin ağrısını yüngülləşdirən, deməli, «böyük orqanizmin» heç də «kəsilib atılası dırnağı» sayılmayan ziyalıların nəinki çağırışlarına, hətta onların üzləşdiyi və hamıya bəlli xəstəliklərinə də yardım etməyə tələsmirik.

Söhbəti, əlbəttə, konkretləşdirmək və kimlərinsə üstünə gətirmək istəməzdim. Ancaq hamının tanıdığı, sevdiyi insanın müalicə almaq şansı varsa və onunçün hesab açılıbsa, biz öz-özümüzü qorumaq naminə gücümüz çatanı etməliyik. Ola bilsin ki, ictimai həmrəyliyin müsbət nəticəsinə inanmayanlar da var; ola bilsin ki, tibbin aciz qaldığı bir çox xəstəliklər də mövcuddur.

Amma bu təşəbbüsə qoşulmaq – cəmiyyətin bir-birinə sevgisinin, orqanizmin öz-özünə laqeyd qalmamasının görsənişidir.

Kiminsə 50 və ya 100 minlik müalicə xərcini bir imkanlı şəxsin, yaxud dövlətin üzərinə götürməsi də mümkündür və Azərbaycanda dəfələrlə bunun şahidi olmuşuq. Ancaq dövlət nə qədər varlı olur-olsun, ayrı-ayrı ziyalıları itirməmək üçün nə qədər vəsait ayırır-ayırsın, o diqqət cəmiyyətin özünün göstərdiyi dəstəklə müqayisə oluna bilməz.

Çünki cəmiyyətin hər hansı bir aydını müalicəsi üçün ictimai dəstək görəndə, toplumun diqqətini və sevgisini müşahidə edəndə ömrünü boşa xərcləmədiyini düşünür və digərləri də özünü cəmiyyətə həsr etməyin mənəvi rahatlığını yaşayır…

Əgər hansısa xəstəliyə tutulmuş ziyalı onun səhhəti üçün minlərin, on minlərin narahat olduğunu hiss edirsə, minlərin, yüz minlərin sevgisini görürsə – bu, ona bəsdir!

İnsanı – tibb, səhiyyə, həkim yox, inam, sevgi, mərhəmət, qayğı sağaldır.

Biz «böyük orqanizm» olaraq ölüm kabusuna ən azı psixoloji olaraq qalib gələ bilərik.

Bir-birimizi sevməyin, cəmiyyət olaraq vahid orqanizm kimi bir-birimizi duymağın və bir-birimizə mənəvi-psixoloji dəstək olmağın vaxtı çoxdan çatıb…


Müəllif: Anar Yusifoğlu