28 Aprel 2018 19:40
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə rəsmi soyadımın sonluğundakı “ov” hissəciyini çıxarmaq üçün müvafiq quruma müraciət etmişdim. Bildirildi ki, əvvəlcə doğum haqqında şəhadətnamə yenilənməli, daha sonra şəxsiyyət vəsiqəsində dəyişiklik edilməlidir. Bunun mümkün ola bilməyəciyini söylədiyim zaman idarə işçisi təəccübləndi. Cavabım belə oldu: “Çünki Sərkisyan icazə vermir...”.

Əlbəttə, bu qısa cavabın altında biz Qərbi Azərbaycanda doğulanların acı taleyi yatırdı. Doğulduğun türk yurduna gedə, orada nəfəs ala bilmirsən.

İşçi bunun həll yolunun məhkəmə vasitəsilə mümkün olacağını söylədi. Düzü, o zamanlar bu proses mənə uzun göründüyü üçün müvəqqəti olaraq vaz keçdim. Üstəlik, digər sənədlərin də dəyişiləcəyi məsələsini göz önünə alıb, qərarımı ertələdim.

Amma şəxsiyyət vəsiqəsində məni “ov” hissəciyindən daha çox narahat edən bir məsələ var. Bu, bizim doğulduğumuz türk yurdlarının rəsmi şəxsiyyət vəsiqələrimizdə erməniləşdirilmiş şəkildə yazılmasıdır. Bu məsələnin indiyədək gündəmə gətirilib-gətirilmədiyini bilmirəm. Hüquqi tərəfləri də mənim üçün bəlli deyil. Amma ona inanıram ki, bu kimi məsələlər siyasi iradə ilə çözüldüyü üçün dövlət tərəfindən həll edilə biləcəyi mümkündür. Necə ki, Sovet Azərbaycanı dönəmində pasportunda Kirovabad yazılanların vəsiqəsində hazırda Gəncə yazılır.

Əlbəttə, bu iki məsələ arasında fərq var, Gəncə müstəqil dövlətimizin ərazisindədir, amma unudulmamalıdır ki, düşmənin yer adlarını dəyişdirməsindəki məqsədi o ərazilərin bizdən mənəvi, yaddaş baxımından da qoparılmasıdır. Elə isə bunu necə həll etmək olar?

Mənim şəxsiyyət vəsiqəmdə doğum yeri kimi, Ermənistan, Masis yazılıb. Qərbi Azərbaycan coğrafiyası ilə bağlı mütəxəssis Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” adlı kitabda təqdim edilmiş cədvəldən öyrənirik ki, bu əraziyə Masis adı 31 iyul 1950-ci ildə verilib. Yəni bolşevikin işğal dönəmində. Həmin vaxta qədər isə bu ərazinin adı Uluxanlı olub.

Yenə S.Mirmahmudovanın kitabından öyrənirik ki, Uluxanlı kəndin əsasını qoymuş eyniadlı qövmün adıdır.

Elə isə nəyə görə doğulduğum türk yurdu olan Uluxanlı adı mənim şəxsiyyət vəsiqəmdə yer almır, əvəzinə erməniləşdirilmiş adı qeyd olunur?

Prezident İlham Əliyev çıxışlarında tarixi torpaqlarla bağlı dəfələrlə eyni hədəfə yönəlik çıxışlar edib. Məsələn, bu ilin fevral ayında Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında belə dedi: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Demək ki, bu hədəf üçün bütün istiqamətlərdə əməli fəaliyyətə keçmək lazımdır. Doğulduğumuz torpaqların türk adını bərpa etmək də buraya daxildir...


Müəllif: Dilqəm Əhməd