15 Avqust 2014 10:37
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan futbolu başdan ayağa müəmma içindədi. Heç kim sabah nə olacağını proqnozlaşdıra bilmir. Hətta iş o həddə çatıb ki, demək olar, baş verən çox az şey bizi təəccübləndirir. Təəccüb hissimizi də unuduruq yavaş-yavaş.

Misal üçün, götürək elə ötən ilin çempionu “Qarabağ”ı. Premyer Liqanın ilk turunun qarşılaşmasında “Sumqayıt”la oyunda hər kəs haqlı olaraq çempionu matçın favoriti hesab edirdi. Oyunun son nəticəsi elə də oldu. Ağdamlılar çox rahat şəkildə qələbə qazandı. İndi deyəcəksiniz ki, bəs bu işin sürprizi nədir? İşin sürprizi isə oyundan bir gün sonra aşkara çıxdı.

Daha doğrusu, bir az diqqətli olanlar bu sürprizə artıq özlərini hazırlamış olmalı idilər. Legioner limitini pozduğuna görə rahat oynayıb, əla qələbə qazanan ağdamlıların üç xalı da, üç qolu da əllərindən alınaraq ötən mövsümü yarımcan halda, birtəhər başa vuran autsayder “Sumqayıt”ın hesabına yazıldı. İndi turnir cədvəlinə kənar bir adam baxsa gözlərini döyəcək ki, görəsən, necə olur “Sumqayıt” “Qarabağ”ı 3-0 hesabı ilə udub. Daha deməyəcək ki, işin içində iş var.

Bu, qalsın bir tərəfdə, bir gözlənilməzlik də “Bakı”dan gəldi. Hətta “zolaqlılar”ın hərəkəti o qədər gözlənilməz oldu ki, hamının mat-qutu çəkildi.

Xatırlayırsınızsa, ötən mövsümün sonunda ciddi maliyyə sıxıntıları içində çabalayan klubun dağılacağını, ləğv olunacağını söyləyənlər vardı. Ancaq mövsümü birtəhər başa vurduqdan sonra FİFA-ya olan borcu AFFA tərəfindən ödənən klub ayaqda qalmağı bacardı. Bununla belə, Hafiz Məmmədovun klubunun milli birincilikdə iştirak edib-etməyəcəyi hələ də sual altında idi.

Ancaq Topaz Premyer Liqasının yeni mövsüm üçün püşkatma mərasimində “Bakı”nın da rəsmilərini görüncə bu işin də yaxşı mənada həll olunduğunu düşündük. Di gəl, çempionat başlayıb, ilk turun oyunlarına start verilən zaman yenə hər şey qarışdı bir-birinə. “Simurq”u öz meydanında qəbul etməli olan paytaxtın eyni adlı komandası oyuna çıxmayaraq hər kəsdə bir fikir qarğaşası yaratdı. Bəs axı deyirdilər hər şey həll olunub? Hər şey həll olunubsa, bəs bu həngamə nə idi?

Anlaşılan odur ki, bu günlərdə “Bakı”nın taleyi tükdən asılı vəziyyətdədir. Sabah, növbəti turun oyunları zamanı da əgər klub oyuna çıxmasa, artıq onun yüksək dəstədə qalıb-qalmayacağı müzakirə olunacaq.
Bu yaxınlarda müsahibə verən klubun sahibi Hafiz Məmmədov isə iddialı danışıb və bildirib ki, artıq bütün problemlə həll olunub, klubun yarışda iştirakı üçün heç bir maneə yoxdur. Gözləyək, görək. Elə də çox vaxt qalmayıb.

Sürprizlərdən, gözlənilməzliklərdən danışırıqsa “Neftçi”ni unutmaq olarmı? Olmaz, təbii ki.
“Xalq komandası” onsuz da hər oyunu ilə xalqı təəccübləndirməyə davam eləyir. Avrokuboklardakı gözlənilməzliklərə yenicə alışırdıq ki, “Neftçi” bu tərəfdən də milli birincilikdə çaşdırdı azarkeşlərini.
İlk tur çərçivəsində Naxçıvanda debütant “Araz”ın qonağı olan “ağ-qaralar” gənclərlə çıxdığı oyunu böyükhesablı məğlubiyyətlə başa vuraraq tərəfadrlarına böyük üzüntü yaşatdı. Avrokubok oyunlarını düşünərək zədə riskindən sığortalanmaq istəyən Böyükağa Hacıyevin rotasiya həmləsi özünü doğrultmadı.

Çempionat isə davam edir. Qarşıda hələ bizi nə kimi sürprizlər gözləyir, onu da yaşayıb görəcəyik.


Müəllif: Zaur Xudiyev