22 Noyabr 2020 08:18
4 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər Cümhuriyyət dövründə, istərsə də I Qarabağ müharibəsində əleyhimizə olan ən ciddi problem geopolitik amillər, eləcə də Versalda və BMT-də müstəqilliyimizi tanıyan dövlətlərin bizi yalnız buraxmaları olub. 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsinə cəmi iki ay əvvəl de-fakto müstəqilliyini tanıyan qüvvələr səs çıxarmamış, əksinə qısa müddət sonra yeni siyasi güclə əlaqə qurmaq məcburiyyətində qalmışdılar.

Qardaş Türkiyə dövlətinin İstiqlal savaşına başlaması və bu taleyüklü məsələdə Rusiya ilə ittifaq etməsi də nəticədə Azərbaycandakı 15 sentyabrın yaratdığı siyasi vəziyyəti ortadan qaldırmışdı.
27 apreldə bolşeviklərin şimaldan ölkəmizə girməsi bütün qüvvələrini Qarabağdakı erməni üsyanını yatırtmağa göndərmiş Azərbaycanı çarəsiz vəziyyətə salmış və hökumətin təhvil verilməsi, ərazilərin işğalı faktı baş vermişdi.

Qəribədir ki, I Qarabağ savaşında Azərbaycanın BMT tərəfindən təsdiqlənmiş əraziləri işğal olunduğu zaman qətnamələrdən başqa real addım atılmadı, 27 il ərzində işğalçıların torpaqlarımızdan çıxmasını şərt qoyan bu sənədlər icra edilmədi. Əksinə dünyanın super gücü tərəfindən cəzalandırıldıq...

Təəssüf ki, qardaş Türkiyə dövləti də o zamanlar indiki kimi güclü deyildi, Qarabağ savaşında bizə həlledici dəstək göstərmək iqtidarı yoxdu. Və ya iqtidardakılar o düşüncədə deyildilər.

Cənub qonşumuz Qacar dövləti 1918-ci ildə “Azərbaycan” adına və bölgələrimizə olan iddialarına görə bizi dövlət kimi xeyli müddət tanımaq istəmədi. Azərbaycana göndərilmiş Qafqaz Fövqəladə Komissiyasının 25 mart 1920-ci il tarixli hesabatı isə cənub qonşumuzun, eyni xalqdan və dindən olan Qacarların bizi Qarabağda yalnız buraxmalarının etirafı ilə bağlıdır. Belə ki, 1920-ci ilin martında ermənilər növbəti dəfə xəyanət edərək Qarabağda əleyhimizə üsyan qaldırmış, qoşunlarımıza qarşı hücuma keçmişdilər. Qacar dövlətinin nümayəndəsinin hesabatından bəlli olur ki, o zaman biz bu ölkədən silah yardımı istəmişik:

“Gizlin müqavilədə Azərbaycan ilə Ermənistan arasında döyüş olan zaman ali dövlətin Azərbaycan üçün silah-sursat tədarük görməsini xahiş ediblər. Bu iki layihəni alandan sonra bir müddət gözlədim və nəhayət dostluq müqaviləsinə cavab verərək bildirdim ki, prinsip etibarilə razıyıq, amma bir məsələni digər müqavilələrlə iş bitəndən sonra müzakirə edərik. Çünki əvvəlcədən görürdüm ki, əgər sərhəd məsələsini digər məsələlərdən ayrı formada müzakirə etsəm, problemlərimiz artacaqdır. Gizlin müqaviləyə cavab olaraq bildirdim ki, Azərbaycan dövlətinin İrana etdiyi təklif, bitərəf qalmaq [siyasətinə] ziddir və Ermənistanla qəti düşmənçilik deməkdir. İran Azərbaycanla dost olmaq niyyət və arsuzunda olarkən özünün beynəlxalq və bitərəf mövqeyinə zərbə vuracaq təklifə də razı olmaz”.

Beləliklə, Qacar dövləti Ermənistana olan münasibətdə özünün bitərəfliliyini qorumaqla Qarabağ və Naxçıvan məsələlərində bizi yalnız buraxmışdı.

Sovet illərində də bəzi siyasilərimizin dirənmələrinə rəğmən Zəngəzur və Qarabağ məsələləri bir çox hallarda əleyhimizə həll edildi və nəticədə ittifaq dağıldığı zaman mövcud siyasi və hərbi ortam əleyhimizə oldu.
Başımıza gələn bu hadisələrdən aradan ötən 30 ildə görünür ciddi dərs çıxarmışıq.

İkinci Qarabağ savaşı göstərdi ki, Azərbaycan dövləti həm beynəlxalq aləmdə, həm də region dövlətlərindən birbaşa dəstək ala bilib. Hətta Rusiya kimi 200 ildir Qafqazın taleyini həll edən ölkə də beynəlxalq hüquqdan, Azərbaycanın ərazi bütövlüyündən danışdı. Gürcüstan hava sərhədini bağladı, İran isə silah daşınması iddiasını sonadək rədd etdi və nəticədə o da haqq yoluna gəldi.

Fransa xaric, demək olar ki, Qərb dövlətləri də 44 günlük savaş boyunca tərəfsizliklərini qorudular.
Ən əsası ilk dəfə idi ki Qarabağda yalnız deyildik. Qardaş Türkiyəni prezidentindən nazirinə, vətəndaşınadək yanımızda gördük. Ərdoğan, Çavuşoğlu, Akar sonadək sözdə deyil, əməldə də dəstək oldular. Pakistan, İsrail dövləti yanımızda oldu.

Qələbəmizin mühüm bir hissəsini də məhz bu diplomatik münasibətlərə, siyasi ortama borcluyuq. Bunun isə asan başa gəldiyini demək olmaz. Xüsusilə BMT TŞ tərəfindən əleyhimizə çıxarılacaq sənədin qarşısının alınması zamanında atılmış uğurlu addımların nəticəsi idi.

Artıq Qarabağdakı yalnızlığımıza son qoyulub. Videolardan da gördüyümüz kimi sözün həqiqi mənasında yastığı vətən daşı, yorğanı qardan olan Azərbaycan əsgəri onu azad edib, qorumaqdadır. Türkiyə ordusunun ərazilərimizə gəlməsi ilə bu yalnızlığımız tamamilə bitəcəkdir...


Müəllif: Dilqəm Əhməd