30 Mart 2021 01:36
6 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya "öz gözündə tiri görməyib, özgə gözündə qıl axtarmağı sevən” Avropa ölkələri arasında uzun illərdir ki, ön sıralarda yer alır.
Amma təkcə bu sahədə deyil... Son 20 il ərzində Almaniya korrupsiyanın miqyasına görə, əksər Avropa ölkələrini, həmçinin ABŞ və Kanadanı üstələyir. 2001-ci ildən etibarən Almaniyada korrupsiyanın miqyası 21% artıb və korrupsiya nəticəsində dövlətə dəyən ziyan 1 il üçün ortalama olaraq, təxminən 6 milyard 600 milyon avro təşkil edib.
"Transparency International” (Tİ) təşkilatının 2020-ci ildə açıqladığı hesabata görə, Almaniyada ən çox korrupsiya faktları dünyaya "demokratiya”, "insan hüquq və azadlıqları”, "antikorrupsiya tədbirləri” və bu kimi şüarlarla "dərs keçən” siyasi partiyaların maliyyələşməsində nəzərə çarpır. Tİ-nin Almaniya bölməsinin sədri Hartmut Baumer yerli mətbuata açıqlamasında "Almaniya üçün Alternativ” (Alternative für Deutschland, AfD‎) partiyasının "gizli seçki dəstəyi” və Regensburqda baş verən korrupsiya dələduzluğunu nümunə gətirərək, bu ölkədə siyasətçilərin və siyasi partiyaların fəaliyyətində şəffaflığın təmin olunmadığını bildirib.
Tİ-nin hesabatında "Almaniya üçün alternativ” (AfD) partiyasının İsveçrədən böyük məbləğdə qeyri-leqal maliyyə dəstəyi aldığı, Regensburq şəhərinin burqomistri (meri) Joachim Volbergsin isə yerli iş adamlarına göstərdiyi "xidmətlər”in qarşılığında onların Sosial-demokrat partiyasının büdcəsinə 75 min avro köçürmələrinə nail olduğu bildirilir.
"LobbyControl” antilobbist təşkilatının qiymətləndirmələrinə görə, Almaniyada siyasi partiyaların hesabına fiziki və hüquqi şəxslərin köçürdüyü məbləğin yalnız 10 min avrodan yuxarı olan hissəsinin açıqlanması tələb olunur ki, bu da siyasi təşkilatlara edilən ianələrin75%-nin kölgədə qalması deməkdir.
Almaniyanın Cinayət İşləri üzrə Federal Agentliyinin (Bundeskriminalamt, BKA) 2019-cu ilin sonlarında açıqladığı hesabatda ölkədə korrupsiya faktlarının sürətlə ardığı qeyd olunur.
Hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-noyabr aylarında Almaniyada korrupsiya ilə bağlı 5428 cinayət işi başa çatdırılıb. Bu isə 2018-ci illə müqayisədə yalnız üstü açılmış korrupsiya faktlarının 41% artması deməkdir.
BKA-nın tədqiq etdiyi digər faktlara görə, Almaniyada 2019-cu ildə aşağı səviyyədə korrupsiya faktları ən yüksək həddə çatıb və inşaat işlərinin aparılması üçün verilən icazələrin qarşılığında alınan "mükafat”ların həcmi 67% artıb. Bir çox hallarda dövlət qulluqçuları "xidmətlər”inin qarşılığını maliyyə vəsaiti ilə deyil, müxtəlif "güzəştli mənzillər”, "kredit güzəştləri”, məişət texnikası, avtomobillər və hətta velisopedlərlə alırlar. Yenə də BKA-nın konkret faktlar üzrə araşdırmalarına görə, bu qəbildən olan korrupsiya faktları 2019-cu ildə avro ekvivalentində 52 milyon təşkil edib və nəticəsə dövlət büdcəsinə 47 milyon avro ziyan dəyib. Təkrar qeyd edim ki, bu rəqəmlər qarşılığı pulla ödənilməyən korrupsiya və rüşvət fakrlarına aiddir.
BKA-nın sözügedən hesabatında qeyd olunur ki, korrupsiya faktları üzrə açılan cinayət işlərində adı keçən korrupsionerlərin 80%-ni almanlar, 20%-ni isə digər ölkələrin vətəndaşları təşkil edib... Və necə deyərlər, alman dəqiqliyi və soyuqqanlılığı ilə dövlətin, vətəndaşların vəsaitlərini mənimsəyiblər.
Xatırladım ki, əsrin ən uzunmüddətli korrupsiya faktı da Almaniyada baş verib. Belə ki, Belində 3 böyük hava limanının olduğuna baxmayaraq, onların yeni və nəhəng hava limanı ilə əvəzlənməsi qərara alınıb. Bu məqsədlə 1,5 min hektarlıq ərazi ayrılıb və il ərzində 50 milyon sərnişinə xidmət edəcək hava limanının inşasına başlanılıb. "Əsrin ən uzunmüddətli inşaat işi” adını alan tikinti onillərlə uzanıb. Layihələndirilməsi və maliyyə təminatı ilə bağlı uzunmüddətli "axtarışlar”dan sonra, 2006-cı ildə hava limanının 4 il sonra təhvil verilməsi ilə bağlı qərar qəbul edilib. Amma liman nəinki 2010, heç 2013-cü ildə də hazır olmayıb.
2013-cü ildə "bəlli olub” ki, bu müddət ərzində tikinti 3 dəfə "bahalaşıb”. Həmçinin, çoxsaylı digər problemlər ortalığa çıxıb. Məlum olub ki, hava limanının ehtiyat çıxışları yetərincə, yanğın əleyhinə sistem isə effektiv deyil, elektrik naqilləri keyfiyyətsizdir və s. və il. Bütün bunların aradan qaldırılması üçün isə nə lazımdır? Əlbətdə ki, əlavə vəsait... Və sonralar jurnalistlərin və peşəkar tədqiqatçıların arasdırmaları nəticəsində aydın olub ki, bu uzunmüddətli tikintidə korrupsiyanın miqyası 3 milyard avro olub və faktiki büdcənin yarısını təşkil edib!!!
"Alman soyuqqanlılığı” və qadın qətlləri
Almaniya siyasətçilərinin və mediasının "araşdırma” və "təqib” mövzularından biri də qadın hüquqları ilə bağlıdır. Son bir neçə gün ərzində isə, alman mətbuatında hətta Azərbaycana münasibətdə də "qadına qarşı zorakılıq”la bağlı havadan götürülmüş "məlumatlara” əsaslanan iddialar yer almaqdadır.
Bəs Almaniyanın özündə qadın hüquqları ilə bağlı vəziyyət necədir?
Yenə də faktlara nəzər salaq:
Almaniya polisinin 2019-cu il üzrə açıqladığı məlumatlara görə, bu ölkədə hər 3 gündən bir qadınlar sabiq və indiki ərləri, yaxud sevgililəri tərəfindən qətlə yetirilirlər. Belə ki, 2019-cu ildə Almaniyada məişət zorakılığı müstəvisində 117 qadın öldürülüb. 2019-cu il ərzində Almaniyada baş verən 141 min ağır cinayət hadisəsinin qurbanlarının 81%-ni isə..., bəli, qadınlar təşkil edib. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Almaniya polisinin açıqladığı məlumatdan da görünür ki, bu ölkədə qadın hüquqlarının qorunması ilə bağlı vəziyyət kifayət qədər acınacaqlıdır. Polisin daha "vacib” işləri var. Məsələn, irqçi qruplar yaratmaq, başqa dinlərin, millətlərin nümayəndələrini təqib etmək və s.
Yenə də faktlara diqqət yetirək: 2020-ci ilin iyulunda Essen federal ərazisində prokurorluq orqanlarının siyasətçilərin və jurnalistlərin ünvünına göndərilən təhdid mesajları ilə bağlı apardığı araşdırmalar zamanı, polis əməkdaşlarının sağ ekstrimist, ultramillətçi materiallar paylaşdığı çat qrupu aşkarlanıb. Daha sonra Bavariya polisinin də belə bir çat qrupunun olduğu ortalığa çıxıb və bəlli olub ki, bu qrupda polis əməkdaşları müsəlmanların ünvanına ksenofob fikirlər paylaşırlar.
Qeyd edim ki, Şimali Reyn-Vestfaliya ərazisində də ksenofob materialların paylaşılması ilə bağlı aparılan təhqiqatın nəticəsi olaraq, onlarla polis əməkdaşı işdən çıxarılıb. Almaniya polisinin əməkdaşları bir-birilərinə qaz kameralarındakı qaçqınların fotoşəkillərini və Üçüncü Reyxin, Hitler Almaniyasının rəmzini - faşist svastikasını göndərərək, ultramillətçi çağırışlar edirmişlər.
Şimali Reyn-Vestfaliya ərazisinin daxili işlər naziri Herbert Roil sözügedən təhqiqatlarla bağlı deyir: "Biz neonasist, irqçi və ksenofob məzmunlu iyrənc materiallardan danışırıq. Hitlerin şəkli, svastika və imperiya bayrağının görüntüləri... Biz (polislərin yazışmalarında) fotoşop effekti ilə qaz kameralarına "salınmış” qaçqınların fotoşəkilləri, qara dərililərin güllələnməsi səhnələrinin yer aldığı rəzil görüntülərlə” qarşılaşdıq”.
Xatırladım ki, neonasizm, irqçilik, ksenofobiya təkcə alman polisini deyil, xüsusi xidmət orqanlarını və ordunu da öz "ağuşuna” alıb. Ötən ilin avqustunda, bu səbəbdən xüsusi xidmət orqanlarının elit alaylarından biri bütövlükdə buraxılıb və alayın 80 nəfərlik heyəti məsuliyyətə cəlb edilib. İstintaq zamanı bəlli olub ki, 46 min ədəd avtomat silah gülləsi, 62 kiloqram partlayıcı maddə yoxa çıxıb və bütün bunların ekstrimist qruplara ötürüldüyü, ksenofob motivli cinayətlərdə istifadə edildiyi ehtimalı isə yox deyil.
Neonasizm alman polisinin ideoloji bazasına çevrilməkdədir və bu istiqamdə genişmiqyaslı araşdırmalara ən yüksək səviyyədə maneələr yaradılır. Görünür, daha acınacaqlı bir mənzərənin gün işığına çıxacağından çəkinirlər.
Bu qədər... Təəssüf ki, bəzi dövlətlərin geosiyasi maraqlarının minlərlə kilometr məsafədən boylanan "gözləri” öz abrına kor olmağı hələ də öyrənməyib.

Müəllif: Elçin Mirzəbəyli