Malazgird müharibəsindən 950 il ötdü.
Səlcuqların Bizans üzərindəki qələbəsi Türk tarixinin dönüm nöqtələrindən biridir, eyni zamanda Anadoluya qapıların açıldığı gündür.
Min il öncəki qələbə ilə öyünmək bu günə bir şey qatmasa da, amma bugün Türkiyə adlı dövlətin yerləşdiyi coğrafi regiona türk xalqının yerləşməsi birbaşa bu savaşla bağlıdır.
Əlbəttə ki, Anadoluda qədim türk izləri axtaran tarixçilərin düşüncələri maraqlıdır, ola bilsin ki, mühüm tapıntılar da var. Amma Anadoludakı bugünkü türk varlığı məhz o dövrdən başlayır.
1071-ci ildə baş verən döyüşün memarı, şübhəsiz ki, Alp Arslanın dühasıdır.
Bizans imperatoru Roman Diogen qalib gələcəyinə inanırdı.
Aya Sofiyada böyük bir törən təşkil etmiş, tanrısından xeyir-dua almış, Səlcuqları yer üzündən silmək istəmişdi.
İmperatorun 200 minlik ordusu, sultanın isə cəmi 50 minlik ordusu vardı.
Sultan kilsədən xeyir-dua aldığı vaxt, Abbasi xəlifəsi də islam dünyasına Alp Arslanın zəfər qazanması üçün dualar edilməsi ilə bağlı göstəriş vermişdi.
Döyüş isə cümə gününə salınmışdı.
Mənbələrə görə, savaş zamanı Alp Arslan ordusunun qarşısına çıxaraq belə deyib:
“Mən müsəlmanların məscidlərdə bizim üçün dua etməkdə olduqları bu saatlarda düşmənin üzərinə atılmaq istəyirəm. Qəlib gəlsək, arzu etdiyimiz nəticə həyata keçmiş olacaq, məğlub olarsaq, şəhid olaraq cənnətə gedəcəyik. Bu gün burada nə əmr edən sultan, nə də əmr alan əsgər var. Mən də içinizdən biri olaraq sizinlə birlikdə döyüşəcəyəm, mənimlə gəlmək istəyənlər arxamca gəlsinlər, istəməyənlər sərbəst şəiildə geri dönə bilərlər”.
Gedənlər olmamışdı.
Gecəyə qədər davam edən Malazgird meydan savaşında Bizans ordusu nəinki məğlub oldu, hətta ordu rəhbərləri və imperatorun özü də əsir düşdü.
Yenə mənbələrin yazdığına görə, Sultan Alp Arslan lütfkarlıq göstərərək imperatoru alçaltmayıb, ona daşıdığı mövqeyə uyğun şəkildə rəftar edib.
Hətta imperatorun taleyinin necə olacağı mövzusunda Diogenlə müzakirə aparıb, onun təklif etdiyi variantlardan ən olmazını seçib: İmperatoru azad etmək.
Şübhəsiz ki, imperatorun canının da bir qiyməti olmalı idi.
Alp Arslan imperatorun canını 1,5 milyon qızıl müqabilində bağışlayıb.
Başqa şərtlər də irəli sürüb.
Bizans dövləti hər il Səlcuqlara 360000 qızıl vergi ödəyəcək;
Bizans əlində olan bütün müsəlman əsirləri azad edəcək;
Bizans lazım gəldiyi təqdirdə Səlcuq dövlətinə hərbi dəstək olacaq;
İmperator qızlarından birini Sultanın oğluna ərə verəcək;
Antakya, Urfa, Menbic və Malazgird Səlcuqlara veriləcək.
Müqavilə imzalanır və sultan imperatoru taxt-tacına geri qayıtması üçün İstanbula yola salır.
Əsir düşmüş, ordusu məğlub olmuş imperatoru Bizans qəbul edəcəkdimi?
Diogen İstanbula çatmamış artıq adı dəftərdən silinmiş, yerinə VII Mixail gəlmişdi.
Türklərin əfv etdiyi imperatoru bizanslılar gözlərini kor edərək həbsə atdılar.
Bir il sonra isə imperator gözlərini əbədiyyən yumdu.
950 il əvvəl türklər dünyanın ən böyük imperatorluqlarından olan Bizans ordusunu darmadağın etdi, imperatorunu əsir aldı, canına qiymət qoydu və yola saldı.
Bu, Türklərin Avropanın gözünü sözün hər iki mənasında kor qoyduğu gün idi.