24 İyul 2023 20:17
15 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Türkiyədə Osmanlı ordusu zabitlərindən müdərris Xəlil Hilmi Kalaycıoğlunun xatirələri nəşr olundu. Varislərinin hazırladığı “Həyatım. Sarıqamış və Qafqaz” adlı əsərin bizim üçün önəmli qismi Bakının azad olunması və Şuşada baş verənlərlə bağlı yazdıqlarıdır.

Xəlil Hilmi bəy 1884-cü ildə Göreledə doğulub. İlk təhsilini atası İbrahimdən alıb, daha sonra Çavuşlu mədrəsəsinə gedib. Ardınca Samsuna və Sultan Əhməd mədrəsəsinə göndərilib. Daha sonra yenidən Çavuşlu mədrəsəsinə qayıdaraq orada həm tələbə kimi davam edib, həm də müəllimlik edib. Balkan müharibəsi zamanı müəllim olduğu üçün orduya çağırılmasa da, 1914-cü ildəki ümumi səfərbərlik zamanı əsgər ünvanı ilə aparılıb. Ərzincan mərkəzi komandanlığında iaşə məmuru olaraq çalışıb. Sarıqamış döyüşü ilə birgə aktiv hərbi həyata keçən Xəlil Hilmi bəy 1914-1918-ci illərdə Qafqaz cəbhəsində savaşıb, Ərzincan, Ərzurum, Qars, Ərdəhan və ilçələrinin ruslardan qurtarılmasında iştirak edib.

1917-ci ildə Kemahda savaşdıqları zaman tabor imamlığı imtahanını qazanıb, eyni zamanda zabit statusu əldə edib. Bakının azadlığı uğrunda aparılan savaşda yer alan Xəlil Hilmi bəy döyüş zamanı yazdığı xatirələrini 1955-ci ildə yenidən bir araya gətirsə də, nəşr etdirə bilməyib. 1959-cu ildə vəfat edib, xatirələrini varislərinə əmanət edib. Nəticədə uzun müddətdən sonra varislərindən Temel Taylan Durukan (Kalaycıoğlu) kitabı çap etdirib.

Xatirələrində ermənilərin müsəlmanları qırmasından, türk ordusunun onlarla savaşından bəhs edən Xəlil Hilmi bəy Bakı müharibəsinə də ayrıca fəsil ayırıb, Azərbaycan paytaxtını bu şəkildə təsvir edib:

“... Fövqəladə limana malik olan Bakı şəhərinin ümumi mənzərəsi çox gözəldir. Şəhərin planı ən son plan üzərinə qurulmuşdur. Binaların gözəlliyi, küçələrin genişliyi, stansiyaların məhəlli tərtibatı fövqəladədir. Şəhərin içində, ətrafında gözünün gördüyü məsafələrə qədər neft quyuları üstündəki zavod şam ağacı meşəsi kimi görünür. Hər zavodun yüksəkliyi minarə qədərdir. Neft depolarından göndərilən qaz boruları köşələrdə hörümçək toru kimi yığın-yığındır. Şəhərin içinə doğru uzanan dəmiryolu stansiyası ətrafındakı barakalar, köşklər, saraylar şəhərin əzəmətinə böyük təsir göstərir... Bakı dünyanın ən böyük neft mənbəyi olmaqla ticarətgah bir şəhərdir... Bakı ticarətgah olaraq şöhrət qazandığı kimi Tiflis də zövqi-səfa yeridir deyə tanınmışdır. Hətta “Bakıda qazan, Tiflisdə ye” deyə zərbi-məsəl də olmuşdur. Burada Qafqazda məskun yetmiş iki millətin hamısından vardır. Ona görə də İslam ünsürünün burada sayı azalmaqdadır. Erməni və gürcü millətləri tənha bulduğu bir müsəlmanı salamat buraxmazlar”.

Türklər Bakıda məğlub olarlarsa...

Xəlil Hilmi bəy ermənilərin Şuşada müsəlmanları qırmaq planından da bəhs edib:

“Andronik Türkiyədən apardığı ermənilərin başında daima özü dayanırdı. Şuşa şəhərinin yarısını təşkil edən müsəlmanları qırmaq istəyən Andronikə yerli, yəni Qafqaz erməniləri müxalifət edərək demişlərdi ki, biz bu işə razı olmarıq. Türklər Bakıda ingilisləri məğlub edib buraya gələrlərsə, öldürdüyümüz müsəlmanları sonra dirildə bilmərik... Əgər türklər məğlub olarlarsa, o zaman qırarıq... Bakının tərəfimizdən istila edildikdən sonra o cəhətlərə getdik. Şuşa qalası, Qarabağ, Qarabulaq cəhətlərindəki ermənilər itaət altına alındılar”.
Xatirələrində Qafqaza gələrkən yolda qarşılaşdığı maraqlı hadisələr haqqında məlumat verən Xəlil Hilmi bəy gördüyü yezidilərin qəribə adətlərindən, malakan qızlarının gözəlliyindən də bəhs edib. Xatirələrinin sonunda bəzi hadisələri şeir sayılmayacaq bəzi mənzum ifadələrlə verib. Məsələn, onlardan biri:

Ermənistanı çeynədik, ayaq basdıq Azərbaycana
Kafirlər qıymışdı orda neçə min cana
Ermənilər dalmışdı işbu yerlərə
Qətliam yapırlardı müsəlmanlara....
Biz vardıq, ermənilər dağıldı ordan
Müsəlmanlar üstün tutdu bizi Həzrəti Xızırdan...

Şübhəsiz ki, Xəlil Hilmi bəyin xatirələri Qafqaz İslam Ordusu zabitlərindən qaimməqam Rüşdü bəyin və ya Süleyman İzzət bəyin xatirələri qədər təfsilatlı deyildir. Amma bu xatirənin özü hadisələri təsdiqlədiyi, yeni bilgilər verməsi baxımından əhəmiyyətlidir.


Müəllif: Dilqəm Əhməd