17 Avqust 2023 23:16
16 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd bəy Ağaoğlu 1933-cü ildə yazdığı “Milli misaqın tarixi qiyməti” adlı məqaləsində bəşəriyyətin təkamülündə 3 tarixi vəsiqəni sadalayıb: İngilislərin Magna Carta-sı, fransızların İnsan Haqları Bəyannaməsi və türklərin Misaqi Millisi.
Əhməd bəyə görə 1920-ci ildə Türk Milli Misaqının nəşri və elan edilməsi ilə Türk inqilabçıları Şərq aləmində yeni bir dövrün başlanğıcını qoydular.

Bu misaqın elan edildiyi dövrü Ağaoğlu bu şəkildə izah edib: “Bütün bir dövlət yıxılmış, müntəzəm qüvvətləri dağılmış, silahları və vəsaiti əlindən alınmış, dövləti idarə edənlər zümrəsi millətə xəyanət eyləmiş, düşmənlərlə birləşmiş, qaliblər mütarəkə şərtləri ilə dövlətə nəhayət vermək məqsədlərini izhar etmişlər və məmləkətin müxtəlif qisimlərini əsgəri işğal altına almışlar. Bu ələmli vəziyyətdən mütəəssir olan münəvvərlərin mühüm bir qismi son xilas çarəsi olmaq üzərə əcnəbi himayəsini – mandanı düşünməkdə idilər”.

Ağaoğlu belə bir vəziyyətdə hər cür vasitədən məhrum olan bir ovuc vətənpərvər qüvvənin bir rəhbərin ətrafında toplanaraq Türk Milli Misaqını elan etdiyini yazır.

Misaqi Milli nədir?

Milli and, milli anlaşma kimi mənalara gələn Misaqi-Milli ilə milli və bölünməz bir Türkiyənin sərhədləri cızılıb, milli mücadilənin ana ruhu hazırlanıb, Türkiyənin xarici siyasətinin hədəfləri müəyyən edilib, dövlətin müstəqilliyi, millətin gələcəyi və daimi sülhün bərqərar olması üçün ana müddəalar təsbit edilib.
Mustafa Kamal paşanın 1919-cu ildə Samsuna çıxması ilə başlayan, Ərzurum, Sivas qurultayları ilə genişlənən, nəhayət Misaqi-Millinin elanı ilə yeni dövrə pəncərə açan bu hadisələr təkcə Türkiyəyə deyil, imperializmin pəncəsindən əziyyət çəkən bütün xalqlara ümid olmuşdu.

Ona görə də Ağaoğlu yazırdı ki, Misaqi-Milli nəticəsində:

- Bundan sonra millətin iradəsi olmadan məmləkətin ən kiçik parçası belə ondan ayrılmayacaqdır!

- Bundan sonra bir dövlətin hüdudu daxilində yaşayan insanlar kim olur-olsun, möhtərəm sayılacaqlar və haqlarına riayət olunacaqdır.

- Bundan sonra Türk dövləti bütün digər dövlətlərlə eyni bərabər haqlara sahib olacaqdır. Öz müqəddəratını təyin etməkdə Türk milləti daxilə və xaricə qarşı tamamən azad və sərbəst olacaqdır.

Əhməd bəy bildirib ki, Türk Milli Misaqına daxildə və xaricdə gülənlər də oldu. Lloyd Corcdan Lord Praysa, Venizeolosdan general Despreyə, Əli Kamaldan Vəhdətdinə qədər... Amma ürəyin etdiyi möcüzələr var ki, ağıl ona heyran qalır.
Ağaoğlu yazır ki, vaxtilə ona Atatürkün bir rəsmini göstəriblər: quru torpaq üzərində başının altında bir daş parçası vardı.

Səbəbini soruşub, ona belə nəql ediblər:
“Mustafa Kamal paşa Samsundan Ərzurum qurultayına uzun at səyahətindən sonra yorulmuş və bir az istirahət etmək istəmiş. Yavəri əlindəki çanta ilə üzərindəki kaputunu paşanın başının altına qoymaq istəmiş. Mustafa Kamal qaşlarını çatmış, xeyr, istəmirəm, o daş parçasını yuvarlayın deyə əmr etmiş. “Niyə paşam?”. “Çünki daşlar üzərində yorğunluğumuzu çıxarmağa indidən alışmazsaq, bu işin altından qalxa bilmərik” demiş. Beləcə işarət olunan daş paşanın başının altına qoyulmuş”.

Mustafa Kamalın başının altındakı daş Ağaoğlunun yazdığı gülüşləri yox etdi. Atatürk inanmışdı, amma inanmaqla yanaşı ağlını, strategiyasını diri tutmuşdu. Buna görə də Qurtuluş savaşı qazanıldı.
30 il zərfində bizim də inancımız ölmədi, könlümüzdə hər zaman Qarabağ bizim oldu. Amma strategiyamız, gücümüz hələ yetərli deyildi. Zamanı yetişdi və Mustafa Kamal başını daşa qoyduğu kimi hərbçilərimiz 44 gün dağda, qayada, meşədə, düzdə… hər yerdə düşmənlə savaşdı. Nəticədə qələbə qazanıldı. İndi bu qədər əziyyətdən sonra üç-beş diplomatın, ölkənin qələbəmizə ləkə yaxacaqlarına imkanmı verəcəyik? Əsla. Necə ki vermədik!

Qeyd: Atatürkün qar üstündə uzanmış formada çəkilən fotoşəklinin tarixi ilə bağlı fərqli fikirlər var. Geniş yayılmış bilgiyə görə 12 fevral 1921-ci ildə Ankara Dikmen sırtlarında yorğunluğunu çıxararkən çəkilib.


Müəllif: Dilqəm Əhməd