28 Yanvar 2015 10:29
2 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqil Lətifov

Əslində, Bakıətrafı qəsəbələrdə, habelə Bakının Şimal girişində yerləşən yaşayış məntəqələrində, xüsusilə paytaxta ən yaxın qəsəbələrdən biri olan Masazırda yaşamaq üçün xüsusi bacarıqlara sahib olmaq lazımdır. Uzun müddət Bakının mərkəzi yerlərində, son iki ildə isə Masazırda yaşayan biri kimi müqayisə apardıqda bunu əminliklə söyləyə bilirəm.

Nədir bu xüsusi bacarıqlar?

DAYANIQLILIQ – bu xüsusiyyət olmasa, Masazıra gedib-gələndə tıxacda keçiriləcək üç saatlıq yolu ayaqüstə dayanmaq zor olar.

XƏSTƏ OLMAMAQ – əgər xəstə olsanız, tıxaclı yol zamanı və təsəvvür belə edə bilməyəcəyiniz basabas avtobusda ən yaxşı halda ürəyiniz sıxılacaq...

SƏBİR – burada yaşamaq üçün, bəlkə də, birinci şərtdir. Demək olar ki, bu xüsusiyyət Masazırın adı ilə bərabər tutulur. Çünki səbir sizə həm tıxaclı yollarda, həm dayanacaqda marşrut avtobusunu gözlədiyiniz barmaqla sayıla bilinməyəcək dəqiqələrdə, həm də elektrik enerjisinin olmadığı, saatlarda, günlərdə dərd ortağınız olacaq.

SAĞLAM BƏDƏNi də bu siyahıya aid etmək yersiz olmaz. Bu xüsusiyyət həm sutkanın əksər saatında işığın olmadığı zamanlarda soyuq mənzildə xəstələnməməyinizdə, həmçinin basabas avtobuslarda məcburiyyətdən belinizə minəcək insanlara düş deməmək və sürücü ayağını qəfil əyləcə basan zaman onlarla insanın yerə yıxılmaması üçün sinə gərməyinizə görə vacibdir. Hələ bunlar Masazırda yaşam mücadiləsi vermək üçün mənim diqqət etdiyim bir neçə şərtdir. Yəni bu siyahını daha da uzatmaq olar...

***

Deməli, səhər ruh yüksəkliyi ilə yola düşürsən ki, işə gedəsən, elə dayanacaqdaca avtobus gözləməkdən yorulursan. Yorğunluğun pik həddində və səbir kasası daşan zaman bir də görürsən ki, marşrut avtobusu gəlir, elə bu zaman kədər yerini sevincə buraxır. O vaxta qədər ki, gələn avtobusun açıq qapılarından bədəninin bir hissəsi çöldə gedən insanları görürsən. Elə bu zaman dayanacaqda gözlədiyin, avtobusun qrafikinə uyğun olmayan çoxsaylı əsəbi dəqiqələrin daha da artacağını yəqin edirsən. Nəhayət, yarım saatdan artıq vaxtı başa vurmaqla birtəhər özünü dürtə bildiyin marşrut avtobusu tapırsan. Lakin daxilindəki bu təbəssüm avtobusun addımbaşı dayanması və Xırdalan dairəsindən başlanan tıxacla sona çatır. İşə o halda çatırsan ki, elə bil iki gündür gecə-gündüz dayanmadan işləmisən. Nəhayət, iş həvəsi insana bütün bunları unutdurur. Və işi xoş əhval-ruhiyyə ilə başa vuraraq həvəslə evə yollanırsan. Amma bu məntəqədən Masazıra işləyən yeganə avtobus olan 215 nömrəli marşruta səhərki məşəqqətləri yenidən yaşayaraq birtəhər qovuşursan. Yenə də tıxac, basabas yol yoldaşındır. Görəsən, hansısa ölkədə nəqliyyat sektoru bu qədər bərbad işləyirmi?..

Ancaq mənzil başına çatanda ətrafa çökən qaranlıq küçələrin sükutunda gurultu səsləri eşidilir. Generatorların gurultu səsləri yorğun halda geridə qoyduğun iki saatlıq tıxaclı yol, nəqliyyat probleminin məhz elektrik enerjisi problemi ilə əvəz olunması deməkdir...

Masazır paytaxta ən yaxın qəsəbə olmasına baxmayaraq, elektrik enerjisinin təminatı baxımından ən ucqar dağ kəndlərini xatırladır. Hərçənd hazırda ən ucqar dağ kəndlərində belə bu qəsəbədəki kimi işıq problemi yaşanmır. Deməli, ötən il oktyabr və noyabr ayları iki ay boyunca gündüz saatlarında, ümumiyyətlə, bu qəsəbəyə elektrik enerjisi verilmədi. Səbəb isə işıq xətlərinin və dirəklərinin yeniləri ilə əvəz olunması idi. “Azərenerji” təmsilçiləri isə işıqsız günləri “biz sakinləri fikirləşdiyimiz və onları fasiləsiz enerji ilə təmin etmək üçün təmir işləri apardıq”, yanaşması ilə izah etdilər. Doğrudan da, xətlər və elektrik dirəkləri yeniləri ilə əvəz olundu. Bütün bunlar elektrik enerjisinin verilişindəki fasilələrin aradan qaldırılacağına ümid verirdi. Bu, sadəcə, ümid oldu. Çünki ötən qış boyu hər gün işıqlar söndürülür, hətta qəsəbə günlərlə elektrik enerjisinə həsrət qalırdı. Təəssüf ki, üzərindən daha bir il keçməsinə baxmayaraq, bu il də elektrik enerjisinin verilişində irəliyə doğru addım atılmayıb. Sadəcə, ötən il meh əsəndə işıqlar sönürdüsə, bu il külək əsəndə və yağıntılı havada elektrik enerjisi kəsilir. Əgər ötən il sakinlər meh olmaması üçün dua edirdisə, bu il isə külək əsməməsi məqsədilə Allaha yalvarırlar.

Bu problemlə əlaqədar ötən il bir neçə dəfə “Azərenerji”yə telefon açaraq bəzi rəhbər şəxslərlə danışdım. Lakin onlar elektrik probleminin olmasını dəbbələdilər. Onlar elə danışdı ki, hətta günlərlə işıqsız qalmağımıza baxmayaraq, Masazırın elektrik təminatında “problem olmadığına” mən belə inandım.

Axı necə olur ki, Masazırdan baxanda işıqları göz qamaşdıran və daha uzaq ərazidə yerləşən Novxanıda, Binəqədidə elektrik enerjisi kəsilmir, amma burada kəsilir? “Qurtuluş 93” və “Yeni Bakı” şəhərciyində fasiləsiz enerji təminatı olduğu halda, necə olur ki, bu şəhərciklərin 50 metrliyində yerləşən həyət evlərində işıq yanmır? Əgər elektrik enerjisinin təminatında dəyişiklik olmayacaqdısa, o zaman nədən ötən il iki ay boyunca işıqlar söndürülərək yenidənqurma işləri aparıldı?

Görünən odur ki, “Azərenerji” dövlətimiz tərəfindən yürüdülən və hamı tərəfindən təqdir edilən siyasətlə ayaqlaşa bilmir. Yaxud da bu qurumda işini bilməyən və problemləri rəhbərlikdən gizlədən şəxslər çalışır.

***

Artıq Masazırın bəxş etdiyi səbir xüsusiyyətinə görədir ki, işığın sönməsinə burada yaşamağa başladığım ilkin günlərdə olduğu kimi sərt reaksiya vermir, aidiyyəti qurum təmsilçilərini tez-tez narahat etmir, sadəcə, buna təbiət hadisəsi kimi yanaşıram. “Azərenerji” sağ olsun ki, insanlarda belə müstəsna xüsusiyyətlər – səbir, dözümlülük və digər bacarıqlar formalaşdırır.

Bəlkə də, “Azərenerji” işığı tez-tez söndürməklə sakinlərin maddi durumunu da “nəzərə alır”. Hər halda qurumu bəzi yetkililəri sakinlərin büdcəsinə az da olsa, “qatqıda bulunmaq” istəyirlər. Həqiqətən də, “Azərenerji”nin bu “xeyirxah” əməlini düşünmədən də keçmək olmur...

P.S. Təklif edirəm ki, Masazırda yaşayan və ya gələcəkdə burada yaşmaq istəyən insanlar “Azərenerji” tərəfindən yuxarıda sadaladığımız bacarıqlar üzrə test edilsin.


Müəllif: Aqil Lətifov