8 Aprel 2015 12:14
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada zəndeyi-zəhləm gedən şey kimisə gözləməkdir, özüm də imkan vermərəm ki, bir başqası məni gözləsin. Köhnə şakərimdi - deyilən yerə vaxtında, hələ 3-5 dəqiqə də tez gedib çataram ki, kimisə intizarda qoymayım. İki gün əvvəlsə məni gözlətdilər, özü də yamanca gözlətdilər.

Düz yarım saat. Və bu yarım saatı normal şəraitdə, sakit bir yerdə, həzin musiqiyə qulaq asa-asa keçirsəydim nə vardı ki. Haşa. Danışım, halımı təsəvvür edin. Şərait normal, müasir interyer, gözəl xidmət, di gəl yan masada eşitdiklərim imkan vermir ki, vərəqləyib tapdığım jurnal materialından nə isə bir zad anlayım. Yan masada iki nəfər əyləşib. Tanımıram, amma qələm əhli olduqlarını dərhal başa düşürəm. İran müzakirə mövzusudur. 30 milyondan çox soydaşımızın yaşadığı İran - Arazın o biri sahili, coğrafi qonşumuz, həm də uzun illər mədəni-mənəvi bağlarla yaxın olduğumuz İran. Yəni Lozannadakı məlum danışıqlar baş tutmasaydı, inanın, bir nəfərin gecikməsindən bu qədər rəncidə olmayacaqdım. "Bölgədə super-güc hansı ölkəyə aid olacaq? İrana, ya Turana?" sualı dilə gəlincə iki həmkarın danışığı söhbət formatından mübahisəyə adlayır. Həmsöhbətlərdən biri İranı, digəri Türkiyəni dəstəkləyir, hər kəs də öz favoritini tərifləmək nədi, öyüb-öyüb dağ başına qaldırır. Arqumentlər, tarixi ekskurslar, ölkələrdən hansı birinin liderliyinin bizə təsiri nə olacaq, hansı ölkənin dost ya düşmən olması yönündə dartışma, əlqərəz, iş o yerə çatır ki, iki qələm sahibi mərc gəlir - və bu mərcə pul da qoyurlar - yüz avro. Masalarına qulluq edən oğlanı çağırıb mərclərini kəsdirirlər, oğlana da söz verirlər ki, kimin udmasından asılı olmayaqar mərcdə qazanılan həmin pulu gətirib elə bu kafedə xırıd edəcəklər, özü də məhz həmin oğlanın növbəsində. Tifil yazıq rusdilli, İran-Turan dilemmasından bir zad anlamasa da, nə vaxtsa qulluq etdiyi masada şax bir yüzlüyün xərclənəcəyindən xeyli sevincək olur. Hərçənd mərc gələnlər konkret vaxt söyləmirlər də.

Bütün vədlər kimi bu vəd də qeyri-müəyyən gələcəyə hesablanır. Ürəyimdə bir "ağıllıların qırılmasın, vətən" deyib də oturduğum kreslonun üzünü lap pəncərəyə çevirirəm. Ki mənasız həmkarlarımı seyr etmə əzabından bir az uzaqlaşım.

***

Bayaqdan vərəqlədiyim jurnalı, nəhayət, oxuya da bilirəm. Dünya olaylarıdı - çeşid-çeşid, növbənöv. Birini deyim, siz də təəccüblənin. Britaniyanın bukmeker kontorları yeni mərc qəbuluna başlayıb. Keyt Middltonun şahzadə Uilyamdan dünyaya gətirəcəyi övlad qız olacaq, ya oğlan? Şahzadə övladının adı nə olacaq? Totalizatorlar artıq işə başlayıb. Mərc gələnlərin əksəriyyəti hesab edir ki, qız olacaq, körpəni də 2-ci Yelizavetanın şərəfinə Elizabet adlandıracaqlar. Bu, hələ harasıdı? Qumarbazlar bilirsiz həm də nəyə görə mərc gəlirlər? Keyt Middlton azad olandan sonra ilk rəsmi qəbula nə rəngdə don geyinəcək. Pul qoyanlaın çoxu məşhur xanımın ikinci dəfə ana olandan sonra məhz göy don geyəcəyini güman edir. Dərdə baxın da.

***

İngilislərin bu boş və məna etibarilə əhəmiyyətsiz mərcləri, bu mərcə görə yüzlərlə adamın bukmekerə pul qoyması, sonra da adrenalin, həm də qazanc həvəsilə gözü yolda xəbər gözləməsi fonunda bölgənin və məmləkətin gələcəyini düşünüb də mərcdə xəyali 100 avronu udacağını güman edən məmləkət əhlinə rəğbətim xeyli artdı. Nə qədər uzaqgörən və xalq üçün, vətən üçün canı yanan insanlarımız var. İngilis hara, biz hara? Çox da ki tibbdə, təhsildə, inkişafda onlar bizi qabaqlayıb, mərc gəlmək işində bizimkilər daha ağıllı tərpənib. Hələ mənim dediyim yüzlərlə mərcdən biridir. Gizlin mərclər nə qədərdi - Allah bilir..

***

Amma o mərc həvəskarlarının hay-küylü söhbətindən bir fakt qalır yadımda. Demə, vaxtilə Bakıda heykəli ucalan, Gəncəni adına "fəda" etdiyimiz Kirov ki vardi, Sergey Kirov - bax, maraqlı faktdı, siz də yadda saxlayın - o Kirovun əsl soyadı Kostikov imiş. 11-ci qanlı ordunu Bakıya yeridən bolşevik "rəhbəri" İran şahı Böyük Kirin adından özünə qondarma soyad düzəldibmiş. Kiri böyük şəxsiyyət kimi qəbul etdiyindən, özünü də mənən şah varisi hesab etdiyindən. Gorun çatlamasın, Kir!

***

Qulaq gündə bir təzə söz eşitməsə, kar olar.


Müəllif: Afaq Vasifqızı