28 Aprel 2015 17:18
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə bəstəkar Ramiz Mirişli dünyasını dəyişdi. Bəlkə də gecdi... Amma üstündən həftədən bir qədər artıq vaxt keçsə də, bu haqda yazmaq qərarına gəldik...

Geçikməyimizin bir səbəbi də bu oldu ki, mətbuatın da öz ritmi var və bu ritmi nə yazar poza bilər, nə də başqa birisi. Həm də adamlar bir gün, bir həftə deyil, imkan düşdükcə, yada düşdükcə anılmalıdı...

Ona görə ki, elə adamlar var, hamı onların arxasınca, heç olmasa, “Allah rəhmət eləsin...” deməyi özünə borc bilməlidi, çünki bu, bəlkə də bizim görə biləcəyimiz yeganə iş və həm də yeganə təsəllidir.

Bəli, yazarın da vida sözü onun yazısıdı. Əlimizdən başqa nə gəlir ki... Hətta bir yazı ilə bir ömrü çevrələmək olduqca çətin olsa da...

Ramiz Mirişli sıradan bəstəkar deyildi. Bir daha deyim ki, bir yazıda təəssüf ki, sənət adamının yaradıcılığının bütün tərəflərini açmaq, səni yazmağa təhrik edən məqamları bir-bir oxucuya çatdırmaq elə də asan məsələ deyil, xüsusən də yazını musiqi və incəsənət sahəsində xüsusi təhsili olmayan adam qələmə alırsa...

Amma hamımız həm də dinləyiciyik, oxucuyuq və tamaşaçıyıq. Elə bu yazını da yalnız bu aspektdən qəbul etmək lazımdır - peşəkar olmasa da, daimi dinləyicinin bir peşəkar bəstəkar haqqında ürək sözləri kimi.

Bəzən də elə olur ki, bir dinləyici peşəkar sənət yazarının görə bilmədiyi bir detalı görür, hiss etmədiyi bir çaları duyur - bunu da qeyd etməyi vacib bilirik.

Nəsillər həmişə dəyişir. Bu Təbiətin və Tanrının bizə qoyduğu qanundur. Amma indiki nəsil dəyişməsi bir qədər başqa məna kəsb edir. Dünyasını elə adamlar dəyişir ki, onları bütöv bir epoxa yetişdirmişdi... Biz həmin epoxanı bir az inkar etdik, bir az yamanladıq, bir az üstündən xətt çəkdik, adına imperiya dövrü dedik, əvəzində müstəqil dövlət və guya ki, azad cəmiyyət qurmağa çalışdıq, amma onun gedişi ilə bağlı yaranan boşluğu doldura biləcək adamlar yetişdirə bildikmi?..


Adam bu sualın cavabını tapa bilmir. Ora qovrulursan, bura qovrulursan, gah, bu küçəyə vurursan özünü, gah o küçəyə, amma qarşında həmin sualı görürsən. Elə bil gedən və getməkdə olan nəsil qarşımızda bir sual tutub: Bəs siz özünüz, bəli, özünüz nə etdiniz?..

İndi Ramiz Mirişli haqqında yazmaq istəyirəm, amma ağlıma dərhal bir neçə ad gəlir - Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova və təbii ki, Ramiz müəllim (əgər oxucular mənə onu belə çağırmağı rəva görərsə)...

Mən onu yalnız efirdə görmüşdüm. Maraqlıdır, ölümündən düz bir gün əvvəl onun haqqında sənədli film göstərirdilər. Ertəsi günü eşitdik ki, bəli, Ramiz Mirişli vəfat edib. Mahnıları isə həmişə bizimlə idi. Mən onu tək mahnı bəstəkarı kimi təqdim etməzdim. Ona görə ki, mahnı janrı ilə bağlı bəzən ziddiyyətli fikilər səslənir, böyük bəstəkarlar bu işə bir az dırnaqarası baxırlar. Hətta bizim sevimli bəstəkarlarımızdan biri Xəyyam Mirzəzadə müsahibələrinin birində bu janrı “nəhnü-nünü” adlandırmışdı. Xəyyam müəllim deyirdi ki, heç vaxt mahnı yazmağa can atmayıb, bir-iki mahnı yazıb, onları da yalnız ona görə ki, desin, istəsəm, mahnı da yaza bilərəm...


Amma hər şeyin sınağı da, çarəsi də zamandı. Yaşamaq və indi, hazırda dinlədiyimiz mahnıları eşitmək lazım idi ki, bu sahənin həqiqi peşəkarlarını elə doğrudan da qiymətləndirə biləsən. Bəlkə də oxucular mənimlə razılaşmayacaq, amma indiki mahnılara xitabən mən Xəyyam müəllimlə tam razıyam, bunlar həqiqətən də “nəhnü-nünü”dür...


Amma bir vaxt mahnılar vardı. Onları yaradan isimləri bir az əvvəldə çəkdim. Bir daha sizi yormayacam. Bu adlardan biri də Ramiz Mirişli idi.


İnanmıram, elə bir adam tapılsın ki, onun mahnılarını sevmədiyini desin. Həm də mahnıların da xiridarı olur... Mənim üçün, məsələn, hansısa mahnını, mərhum Mirzə Babayev ifa edirdisə və yaxud da Zeynəb xanım oxuyurdusa, bu, o demək idi, bəli, sözün əsil mənasında dəyərli bir şey yazılıb...

Bayaq dedim ki, bu nəsil, böyük bir epoxanın yaratdığı nəsil yavaş-yavaş bizi tərk edir. Əvəzində nə gəlir? Vallah, xarici estrada ilə bağlı da heç vaxt “piyada” olmamışıq. Amma bu “Avroviziya”larda səslənən, hətta qalib olan mahnılar ürəyimizi açmır, yol tapa bilmir qəlblərimizə... Adam az qalır, desin ki, oğul, heç olmasa, get, bir az Teymur Əmrahın yanında dərs al... Mən hələ sonuncu mogikanı - Flora xanımı demirəm və yaxud da Yalçın Rzazadəni yada salmıram...


Baxıb görürəm ki, Ramiz Mirişli haqqında yazmaq istədiyim bu kiçik yazı dönüb indiki musiqimiz haqqında yazıya və yaxud da ki, gileyə çevrildi. Elə bəlkə də bu mövzu ilə bağlı ürəyimdəki acıları, nisgili boşaltmaq üçün fürsət arayırdım. Bunu də üzrlü sayın...

İndi nə var? Telekanallara baxmaq belə mümkün deyil. Bür cüt-iki tək müğənni düşüb, bəli, o kanal sənin, bu kanal mənim, əməlli-başlı zövqümüzə soğan doğramaqla məşğuldurlar, adına da “şou-biznes” deyirlər...


Amma bu dünyadan böyük sənətkarlar və bəstəkarlar köçür. Onlardan biri də Ramiz Mirişli idi. Əvəzində nə qalır? Bəlkə də çox bədbinəm, axı mən özüm də haradasa o epoxanın adamıyam - əlli yaş az deyil... Bundan çəkinmir və sıxılmıram da. Amma indiki əlli yaşlı gənc müğənnilər, “bəstəkarlar” bizlərə nə təklif edirlər? Bu sualın cavabını tapa bilmirəm. Hə, nə qədər ki, yadımdan çıxmayıb bir şeyi də deyim - Motsart cəmi otuz ikicə il yaşamışdı...


Müəllif: Hüseynbala Səlimov