2 May 2015 12:15
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bulqakovu sevənlər Annuşkanın zəhərə dönmüş o yağını xatırlayır, heç şübhəsiz. Berlioz döşünə döyəndə ki bəs axşam yazıçıların toplantısında sədarətə rəhbərlik edəcək, Voland israrla deyir - elə şey ola bilməz.

Niyə? Çünki Annuşka artıq yağı alıb və hətta dağıdıb da. Bədbəxt Berlioz bu cavabdan biz zad anlamasa da, artıq qəzavü-qədər öz işini görmüşdü. Bu, bir şeytan əməli idi. Az sonra Berlioz elə həmin yağlı relsə ayağını basan kimi sürüşəcəkdi. Sonrası? Sonrası isə hamıya məlumdu.

***

Onun sonrasını isə heç kəs bilmirdi, nəinki sonrasından, heç indisindən də baş çıxarmırdılar. Memarlıq məktəbində diplom müdafiəsində komissiyanın sədri layihəsinə baxan kimi birmənalı şəkildə mövqeyini bildirir - "Cənablar, qarşımızdakı insan ya dahidir, ya da dəli". Sədrin bu qiyməti ürəyinə yatır - o məqamda Antonio Qaudi əsl memar olduğuna tam əmin olur.

***

Ötən əsrin 30-cu illəri. Moskva. Sovetin qılıncının qabağı da kəsir, arxası da. Berlioz xırda məmurdu, ədəbiyyat məmuru. İstedadsız biri olsa da, yazıçılara məsləhət verməklə quruluşun ideolojisinə xidmət edir. O, nə Allaha inanır, nə şeytana. İsa Məsihi tamamən qəbul eləmir. Qəzavü-qədərə də inamı yoxdur. Hər şey insanın öz əlindədi - deyir. Deyir, elə buna görə də cazalanır. Adamın başını bədənindən ayırırlar.

***

Qaudi isə Berliozun tam əksi. Çox istedadlı bir memar. Elə ilk işi ilə hər kəsdən tamamilə fərqlənir. Onu bəyənənlər də olur, məsxərəyə qoyub gülənlər də. Sevgi oxu daşa dəyir. Bunu da taleyin hökmü kimi qəbul edib meylini salır daşa-divara, bağçaya-bağa. Həm də qatı dindar olur Qaudi. İşi başından aşsa da, dini ayinləri icra etmək üçün kilsəyə getməyə mütləq vaxt tapır. Amma Berliozla onun taleyində ortaq məqamlar da var.

***

Antonio Qaudi dünya memarlığında inqilabi çevriliş edir. Barselonada ucaltdığı hər binada kanonları qırır, əsrlər boyu memarların əsas saydığı düz xətləri və düz bucaqları tamamən silib atır, əyri müstəvilər və parlaq rənglər onun yaradıcılıq üslubunun əsasını təşkil edir. Çağdaş Barselonanı milyonlarla turistin diqqət mərkəzində saxlayan məhz Qaudinin ucaltdığı abidələrdir. Bu memarlığı, bu üslubu başqa yerdə görməzsiniz. Qaudidən düz yüz il sonra Zaha Hadid (bizim Heydər Əliyev mərkəzinin memarı) eyni üslubla işləyir. Qaudi isə bu işləri görəndə nə kompüter hesablamaları vardı, nə texniki imkanlar. Adam beyninin gücü, təxəyyülü ilə tarixə düşür. Amma və lakin bir çox dahilər kimi onun da işləri zamanında layiq olduğu qiyməti almır. Hətta bədxahları memarı vurmaq üçün əllərindən gələni eləyirlər. Onun tikdiyi binalar, saldığı bağlar isə bugün YUNESKO tərəfindən qorunan abidələr sırasındadır.

Barselonada 18 memarlıq abidəsinə imza atır Qaudi. Saqrada Familia kilsəsinin tikintisinə ömrünün 40 ilini sərf edir. İşin niyə belə gec başa gəldiyini soruşanlara tam ciddiyyətlə: "Bu layihənin sifarişçisi məni tələsdirmir,- deyirmiş memar, - sifarişçi tanrının özüdür, onun üçünsə zaman anlayışı yoxdur". Qaudi 1926-cı ildə dünyasını dəyişsə də tikinti işləri davam etdirilir. Və günü bu günədək möhtəşəm abidədə iş gedir. Saqrada Familianı dünyanın səkkizinci möcüzəsi hesab edənlər də var, hərçənd vaxtilə bu abidəni yerlə yeksan etmək istəyirdilər. Qaudinin özünü isə - sağlığında qəbul etməyən, məsxərəyə qoyan dünya bu gün xristian müqəddəsləri sırasına qatmaq niyyətindədir. Artıq Vatikan məsələyə münasibət bildirərək araşdırmalar aparmağa başlayıb. Amma kanonizasiya məsələsi də uzun və üzücü məsələdi, elə Saqrada Familianın tikintisi kimi uzun və üzücü.

***

Bu gün çağdaş Barselonaya milyonlarla turist gətirən, heç şübhəsiz, Qaudidir. Bu insan Barselonanın simvolu da sayıla bilər. Bəs belə bir şəxsiyyətin Bulqakovun Berliozu ilə nə əlaqəsi - deyəcəksiniz. Sadəcə, tale. Qaudi də məhz Berlioz kimi dünyasını dəyişib. Kilsəyə gedərkən tramvayın altına düşüb. Üstü-başı səliqəsiz, cibində azca pul, bir tikə də çörək olan bu qocanı heç tanımayıblar da. Evsiz-eşiksiz bir bəndə hesab ediblər. Sonradan dahi memarın meyiti tikdiyi Saqrada Familianın həyətində torpağa tapşırılır. Qəribə paraleldir, deyilmi? Tanrıya şəkk gətirən ədəbi qəhrəmana verilən cəza və sonradan dini müqəddəslər sırasına aid edilən bir dahinin son qisməti - tramvay relsləri, dəhşətli ölüm, faciə.

Müstəvilərin nə zaman əyri, nə zaman düz olacağını kim bilir ki?


Müəllif: Afaq Vasifqızı