Bunu əvvəl də demişdim, hər dəfə eşidəndə ki, haradasa əxlaqsızlıq yuvası aşkarlanıb çox pis oluram. Deyirəm, kaş gizli qalaydı. Qadınların əlləri ilə üzlərini tutması ürəyimi ağrıdır. Utanmaq yenə əllərin payına düşür. Bir də ona görə pis oluram ki, əxlaqsızlıq sözünün yanında bir yuva sözü də var. Bu da bir yuvadır. Axı yuvanı dağıtmaq olmaz.
Nədənsə, tanınmış azərbaycanlı müğənni Maral Tahirqızının həbs xəbəri də məni üzdü. Biləndə ki, onun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və Maral xanım elə məhkəmə zalındaca həbs olunub yanıb-töküldüm. İstər-istəməz adama pis təsir edir. Çünki Maral Tahirqızı Mirzə Cəlilin Xudayar bəyi kimi, ümumiləşmiş bir obrazdır. Onun həbsi əslində, formal xarakter daşıyır. Bu cəmiyyət Maral xanımın həbsi ilə heç nə qazanmır.
Maral Tahirqızı Cinayət Məcəlləsinin təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və üç il müddətinə azadlıdan məhrum edilib. Məsələ bundadır ki, bir Xudayar bəyi ifşa etməklə iş düzəlmədiyi kimi, bir maralın həbsi də, məsələnin həlli yolu deyil. Əsl maralların azadlıqda kef sürdüyü bir zəmanədə Maral Tahirqızının həbsi heç nəyi həll etmir. Minlərlə manat rüşvət verib öz uşağını universitetə qoyan, minlərlə pul verib uşağın imtahanını həll edən, sonra yüz minlərlə xərc çəkib həmin uşağı işə qoyan ata, əslində, maral deyilmi? Bəs niyə bizim qanunlar məsələnin mahiyyətini deyil, həmişə zahiri tərəfinə qiymət verir?
Ədəbiyyatımızda, mətbuatımızda, şou biznesdə, universitetlərdə, məktəblərdə, xəstəxanalarda, televiziyalarda, məhkəmələrdə marallar baş alıb gedir. Əsl marallar cəmiyyətdədir, həbsdə olanlar elə-belə marallardır
Başqa bir məsələ, dünən Binəqədi rayonunda baş vermiş yanğında həyatını itirən insanların faciəsi haqqında düşünə-düşünə evə gəlirdim. Gördüm, küçəmizin başında iki nəfər söhbət edir, ikisi də ev alğı-satqısı ilə məşğul olan adamlardı. Təsadüfən, eşitdim ki, alverçinin biri o birisində deyir, binanın yanması həyət evlərinin qiymətini avtomatik yuxarı qaldırır. Heç kəs binada qalmaq istəmir. Ona görə əlimizdə olan həyət evlərini hansı qiymətə desək məcbur olub alacaqlar.
Deməyim odur ki, əsl maral bu iki nəfərdir. Və Azərbaycanda bu iki nəfərin düşüncəsində, əxlaqında və mənəviyyatında olan milyonlarla maral yaşayır. Bu maralları yetişdirən kimdir, nədir, bilmirəm, bildiyim odur ki, belə insanları tərbiyə etmək lazımdır, onlar islah olmayınca, bu insanların fonunda Maral Tahirqızı günahsız Allah bəndəsi sayılacaq.
Günahsız deyəndə ki, bunu əvvəl də demişdim, hər dəfə eşidəndə ki, haradasa əxlaqsızlıq yuvası aşkarlanıb çox pis oluram. Deyirəm, kaş gizli qalaydı. Qadınların əlləri ilə üzlərini tutması ürəyimi ağrıdır. Utanmaq yenə əllərin payına düşür. Bir də ona görə pis oluram ki, əxlaqsızlıq sözünün yanında bir yuva sözü də var. Bu da bir yuvadır. Axı yuvanı dağıtmaq olmaz.